Qanunvericilik › “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə (Maliyyə Monitorinqi Xidməti, 21.02.2023) › Tam mətn

“Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə (Maliyyə Monitorinqi Xidməti, 21.02.2023)

“Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə (Maliyyə Monitorinqi Xidməti, 21.02.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 3.1.4-cü yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 3.1.2-ci, 3.1.10-cu və 4.5.14-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti

1. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Maliyyə Monitorinqi Xidmətinin

İdarə Heyətinin sədri

1.1. “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” (bundan sonra – Tələblər) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Tələblər öhdəlik daşıyan şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – ƏL/TMM) sahəsində daxili nəzarət proqramının hazırlanmasına dair minimum tələbləri müəyyən edir. Qanunun 10.5-ci maddəsinə uyğun olaraq nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə bu Tələblərə əlavə tələblər müəyyən edə bilər.

1.3. Qanunun 10.3-cü maddəsinə əsasən bu Tələblərdə maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyanın ƏL/TMM sahəsində mövcud olan tələbləri ilə müqayisədə daha sərt tələblər müəyyən edilərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin bu Tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir.

1.4. Öhdəlik daşıyan şəxslərin müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq ƏL/TMM üzrə daxili nəzarət proqramı aşağıdakılardan ibarət olmalıdır:

1.4.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi;

1.4.2. rəhbərlik (öhdəlik daşıyan şəxslərin adından çıxış edən, həmin şəxsin idarəetmə, nəzarət və (və ya) icra orqanı və ya öhdəlik daşıyan şəxs olan fərdi sahibkar) səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə müstəqil və effektiv riayət sisteminin təşkil edilməsi;

1.4.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq edilməsi və işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi;

1.4.4. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.

2.1. Daxili qayda və prosedurlar, nəzarət mexanizmləri və onların inkişaf planlarının təsdiq edilməsi

2.1.1. Daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi aşağıdakı tədbirləri ehtiva etməlidir:

2.1.1.1. Korporativ idarəetmə standartlarına malik olan öhdəlik daşıyan şəxslərdə daxili strukturun effektiv nəzarət və hesabatlılıq mexanizmlərinə uyğun formalaşdırılması;

2.1.1.2. ƏL/TMM siyasətinin təsdiq edilməsi;

2.1.1.3. müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurların təsdiq edilməsi;

2.1.1.4. müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurların təsdiq edilməsi;

2.1.1.5. məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurların təsdiq edilməsi;

2.1.1.6. öhdəlik daşıyan şəxslərin rəhbərlik və işçilərinin, habelə struktur vahidlərinin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələrinin müəyyənləşdirilməsi;

2.1.1.7. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarının (indikatorların) təsdiq edilməsi;

2.1.1.8. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra - MMX) təqdim olunması üzrə daxili qayda və prosedurların təsdiq edilməsi;

2.1.1.9. öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurlarının təsdiq edilməsi;

2.1.1.10. yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi;

2.1.1.11. daxili auditin (olduğu təqdirdə) öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramını qiymətləndirməsi üzrə standartlarının təsdiq edilməsi.

2.1.2. Daxili qayda, prosedur və nəzarət mexanizmləri öhdəlik daşıyan şəxslərin rəhbərliyi tərəfindən təsdiq olunmalı və aktuallığı təmin edilməlidir. Öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar.

2.1.3. Öhdəlik daşıyan şəxslər daxili qayda və prosedurlarında ƏL/TMM sahəsi ilə əlaqədar olan əməkdaşların aidiyyəti üzrə daxili qayda, prosedur və nəzarət mexanizmləri ilə tanış edilməsini və onlara bu daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı mütəmadi təlimlər keçirilməsini nəzərdə tutmalıdırlar.

2.2.1. ƏL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onların inkişaf istiqamətlərini müəyyən etməlidir.

2.2.2. ƏL/TMM siyasəti beynəlxalq standartlarda və Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş əsas prinsiplərə əsaslanmaqla öhdəlik daşıyan şəxslərin ƏL/TMM çərçivəsində tətbiq edəcəyi tədbirləri və bu tədbirlərin tətbiq edilməsi ilə bağlı daxili qayda, prosedur və nəzarət mexanizmlərinin siyahısını müəyyən etməlidir.

2.2.3. ƏL/TMM siyasəti daxili qayda, prosedur və nəzarət mexanizmlərin yenilənmə müddətlərinə dair müddəalara malik olmalıdır.

2.3. Müştəri uyğunluğu tədbirlərinə və müştəri profili üzrə risklərin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar

2.3.1. Öhdəlik daşıyan şəxslər Qanunla nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirlərini təmin etmək üçün daxili qayda və prosedurlara malik olmalıdırlar.

2.3.2. Müştəri uyğunluğu tədbirlərinə dair daxili qayda və prosedurlar standart, sadələşdirilmiş, gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərini əhatə etməlidir.

2.3.3. Müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar müştəri profil risklərinin qiymətləndirilməsi üçün nəzərə alınmalı amilləri (işgüzar münasibətin və açılan hesabın məqsədi, alınacaq vəsaitin və gəlirin mənbəyi və s.), meyarları, risklərin qiymətləndirilməsi prosesini, risk dərəcəsinə uyğun yenilənmə müddətlərini və yenilənməli olan sənəd və məlumat növlərini müəyyən etməlidir.

2.3.4. Müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla eyniləşdirilmə və verifikasiya tədbirlərini, o cümlədən müştəri profil risklərinin qiymətləndirilməsi proseslərini təfsilatı ilə əks etdirməlidir.

2.3.5. Müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir etməlidir.

2.4. Müştərilərin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurlar

2.4.1. Öhdəlik daşıyan şəxslər Qanunun 4-cü maddəsinə uyğun olaraq hüquqi şəxs və xarici hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçilərinin müəyyənləşdirilməsinə dair metodologiya və prosedurlara malik olmalıdırlar.

2.4.2. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası öhdəlik daşıyan şəxslərin müştəriləri olan hüquqi şəxs və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin müəyyənləşdirilməsi ilə bağlı təfsilatlı metodları, benefisiar mülkiyyətçisinə müştəri uyğunluğu tədbirlərinin tətbiqi üçün öhdəlik daşıyan şəxslərin istifadə edəcəyi üsulları, vasitələri və mənbələri özündə ehtiva etməlidir.

2.4.3. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası müştərilərə xidmət göstərən işçilər üçün müxtəlif halları (nümunələri, sxemləri, modelləri və s.) özündə ehtiva edən oxunaqlı sənəd formasında təsdiq edilməlidir.

2.4.4. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq tərtib olunmaqla müxtəlif strukturlu hüquqi şəxslər və xarici hüquqi təsisatlarla rastlaşdıqda yenilənməlidir. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası müştəridən tələb edilməli məlumat və sənədlərin siyahısını və onların verifikasiya əsaslarını müəyyənləşdirməlidir.

2.4.5. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyası xüsusilə mürəkkəb struktura malik olan hüquqi şəxslərin və xarici hüquqi təsisatların Qanunun 4-cü maddəsinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin tətbiqinə imkan verməlidir.

2.4.6. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair prosedurlar benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi metodologiyasından irəli gələn məlumat və sənədlərin əldə edilməsi proseslərini və bu proseslər çərçivəsində öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir.

2.5. Məlumat və sənədlərin saxlanılmasına və konfidensiallığına dair daxili qayda və prosedurlar

2.5.1. Öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurları təsdiq etməlidirlər.

2.5.2. Məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda aşağıdakılar nəzərdə tutulmalıdır:

2.5.2.1. öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla qeydə alınmalı və saxlanılmalı olan məlumat və sənədlərin dairəsi/siyahısı;

2.5.2.2. məlumat və sənədlərin qeydə alınması, saxlanılması və konfidensiallığının təmin olunması forması və vasitələri;

2.5.2.3. məlumat və sənədlərin qeydə alınması, saxlanılması və konfidensiallığının təmin olunması üzrə məsul işçilər və onların hüquq və vəzifələri;

2.5.2.4. müştərilərin əməliyyatları (əqdləri) barədə məlumat və sənədlərin birbaşa əldə olunması, emalı, təhlili, saxlanması və ötürülməsi prosedurları ilə əlaqəsi olmayan şəxslərin məlumatlara giriş imkanının məhdudlaşdırılması ilə bağlı müddəalar.

2.5.3. Məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda Qanunun tələblərinə əməl edilməsi məqsədilə aşağıdakı məlumatlar və sənədlərin öhdəlik daşıyan şəxslər tərəfindən qeydə alınması və saxlanılması nəzərdə tutulmalıdır:

2.5.3.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlər;

2.5.3.2. müştəri uyğunluğu tədbirləri çərçivəsində aparılmış işgüzar yazışmalar;

2.5.3.3. müştəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilmiş əməliyyatlara (bağlanmış əqdlərə) dair məlumat və sənədlər;

2.5.3.4. bütün mürəkkəb, irihəcmli qeyri-adi, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar (əqdlər) barədə məlumat və sənədlər, həmçinin belə əməliyyatların (əqdlərin) mahiyyəti barədə təhlil hesabatlar;

2.5.3.5. MMX-ya təqdim edilmiş məlumat və sənədlər;

2.5.3.6. MMX-nın, cinayət təqibi və nəzarət orqanlarının sorğuları və bu sorğulara verilmiş cavablar;

2.5.3.7. Qanunun tələblərinə əməl edilməsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri üzrə nəzarət orqanları ilə aparılmış yazışmalar, mübadilə edilmiş məlumat və sənədlər.

2.5.4. Sənədlər arxiv sənədlərinin mühafizəsi tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş arxivdə mühafizə olunmalıdır. Öhdəlik daşıyan şəxslər öz mülahizələrinə görə məlumat və sənədləri onların əhəmiyyətini nəzərə alaraq, həmçinin MMX-nın və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müddətdən daha uzun müddət saxlaya bilərlər.

2.5.5. Məlumat və sənədlərin qeydə alınması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Məlumat və sənədlərin reyestri (bundan sonra – reyestr) öhdəlik daşıyan şəxslər tərəfindən bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların qeydə alındığı məlumat toplusudur. Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir.

2.5.6. Məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır.

2.5.7. Reyestr öhdəlik daşıyan şəxslərdə informasiya təhlükəsizliyinə dair qaydaların tələblərinə uyğun olaraq qorunmalıdır.

2.5.8. Öhdəlik daşıyan şəxslərin bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş daxili qayda və prosedurları məlumat və sənədlərin saxlanılması və konfidensiallığının təmin edilməsi ilə bağlı məsələləri, bu məsələlərə münasibətdə öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir.

2.6. Rəhbərlik və işçilərin, habelə struktur vahidlərin (olduğu təqdirdə) ƏL/TMM-yə dair öhdəlik və vəzifələri

2.6.1. Öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında ƏL/TMM-yə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər.

2.6.2. Öhdəlik daşıyan şəxslərin struktur vahidlərinin olduğu təqdirdə fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər.

2.7. Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarları (indikatorlar)

2.7.1. Öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır.

2.7.2. Öhdəlik daşıyan şəxs MMX-nın müəyyən etdiyi şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadə etməklə öz fəaliyyəti üzrə spesifik meyarlar müəyyən edə və (və ya) qeyd olunan sənəddə nəzərdə tutulmuş meyarlara münasibətdə fəaliyyəti üzrə ölkə, sahəvi və institusional risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə digər meyarlar müəyyən edə bilər.

2.7.3. Öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsi (bundan sonra - ƏL/TM) ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır.

2.7.4. Öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarlar hər hansı bir əməliyyatda (əqddə) formal cəhətdən mövcud olarsa, buna baxmayaraq əməliyyat (əqd) və ya müştərinin fəaliyyəti ƏL/TM ilə bağlı olmasına şübhə yaranmazsa, öhdəlik daşıyan şəxsin əməliyyatı (əqdi) daha ətraflı araşdırması qaydası müəyyən edilməlidir.

2.8. Şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar

2.8.1. Öhdəlik daşıyan şəxslər tərəfindən Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş məlumat və sənədlər MMX tərəfindən müəyyən edilmiş “Məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydaları”na uyğun olaraq MMX-ya göndərilir.

2.8.2. Öhdəlik daşıyan şəxslər fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması, təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması üzrə daxili qayda və prosedurlar müəyyən etməlidirlər. Bu daxili qayda və prosedurlarda ən azı aşağıdakılar nəzərdə tutulmalıdır:

2.8.2.1. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadəsi qaydası;

2.8.2.2. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlanının) tətbiq edilməsi ilə əməliyyatların (əqdlərin) təhlili metodları;

2.8.2.3. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası;

2.8.2.4. şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatların hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri;

2.8.2.5. əməliyyatın (əqdin) şübhəli olduğu aşkarlandıqda görülməli olan çevik tədbirlər;

2.8.2.6. MMX-nın əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası;

2.8.2.7. şübhəli əməliyyatların (əqdlərin) təhlili, onlar barədə məlumat və sənədlərin MMX-ya təqdim olunması ilə bağlı rəhbərliyin, məsul şəxsin, struktur bölmələrin (olduğu təqdirdə) və işçilərin hüquq və vəzifələri və qarşılıqlı münasibətləri.

2.8.3. Öhdəlik daşıyan şəxslər əməliyyatın (əqdin) şübhəli olub-olmamasının yoxlanılması məqsədilə avtomatlaşdırılmış məlumat axtarış sistemlərindən istifadə imkanlarını nəzərdən keçirməlidirlər.

2.8.4. Bu daxili qayda və prosedurlarda öhdəlik daşıyan şəxslərin işçilərinin monitorinq nəticəsində əməliyyatın (əqdin) meyarlara (indikatorlara) uyğun gəlməsi və ya onun xüsusiyyətlərində ƏL/TM əlamətlərini aşkar edilməsi barədə hesabat hazırlayaraq məsul şəxsi məlumatlandırması və ona müştəri haqqında məlumat və sənədləri təqdim etməsi nəzərdə tutulmalıdır.

2.8.5. Məsul şəxsə əməliyyatın (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatların monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir.

2.9. Öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları

2.9.1. Öhdəlik daşıyan şəxslər mümkün ƏL/TM, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün ən azı ildə bir dəfə institusional risk qiymətləndirməsini (bundan sonra – İRQ) nəzərdə tutan prosedur müəyyən etməlidirlər. İRQ öhdəlik daşıyan şəxslərin üzləşdiyi zəiflikləri və təhdidləri ətraflı təsvir etməli və risk meyarlarının müəyyən edilməsi üçün əsas olmalıdır.

2.9.2. İRQ öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiq edilmiş İRQ metodologiyası və prosedurlarına uyğun həyata keçirilməlidir.

2.9.3. İRQ metodologiyası ən azı aşağıdakıları nəzərdə tutmalıdır:

2.9.3.1. Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının effektivliyi, daxili prosedurların qanunvericiliyə uyğunluğunun yoxlanılması, rəhbərliyin, işçilərin, struktur vahidlərin (olduğu təqdirdə) daxili nəzarət proqramı üzrə hüquq və vəzifələrinin əhatəliliyi;

2.9.3.2. öhdəlik daşıyan şəxsin fəaliyyətinin xarakteri, ölçüsü, mürəkkəbliyi, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət (bundan sonra – komplayens) sisteminin müstəqilliyi və effektivliyi, məsul şəxsin (yaxud onu əvəz edən şəxsin), komplayens sahəsində çalışan əməkdaşların fəaliyyətinin effektivliyi, onların bilik və səriştələrin səviyyəsi, istifadə olunan kompüter və proqram təminatlarının yetərliliyi, olduğu təqdirdə daxili auditin beynəlxalq standartlara uyğunluğu;

2.9.3.3. məhsul və xidmətlərə münasibətdə:

2.9.3.3.1. məhsulun/xidmətin anonimliyə imkan verib-verməməsinə;

2.9.3.3.2. məhsulun/xidmətin müştərinin benefisiar mülkiyyətçisini gizlətməyə imkan verib-verməməsinə;

2.9.3.3.3. məhsulun/xidmətin müştərinin təqdim etdiyi əmlakının və ya ümumilikdə sərvətlərinin mənbəyini gizlətməyə imkan verib-verməməsinə;

2.9.3.3.4. məhsulun/xidmətin üçüncü şəxslərə ödənişlər etməyə imkan verib-verməməsinə;

2.9.3.3.5. məhsulun/xidmətin özündə bir qayda olaraq nağd vəsaitlərin qəbulunu və ya ödənilməsini ehtiva edib-etməməsinə;

2.9.3.3.6. məhsulun/xidmətin ölkə risk qiymətləndirilməsində (bundan sonra – MRQ), MMX-nın və (və ya) nəzarət orqanlarının yazılı göstərişlərində və ya sahəvi risk qiymətləndirilməsində yüksək ƏL/TM riskli olmasının qeyd edilib-edilməməsinə;

2.9.3.3.7. məhsulun/xidmətin əmlakın transsərhəd hərəkətinə imkan verib-verməməsi;

2.9.3.3.8. məhsulun/xidmətin yüksək həcmli və (və ya) çoxsaylı əməliyyatların yüksək tezlikdə həyata keçirilməsinə icazə verib-verməməsinə;

2.9.3.3.9. məhsulun/xidmətin müştərinin öhdəlik daşıyan şəxsin minimum nəzarəti altında əməliyyat aparmağa icazə verib-verməməsinə;

2.9.3.3.10. məhsulun/xidmətin xüsusilə yüksək əməliyyat və ya investisiya dəyərinə malik olub-olmamasına;

2.9.3.3.11. məhsulun/xidmətin qeyri-adi mürəkkəbliyə malik olub-olmamasına.

2.9.3.4. əməliyyatlara münasibətdə:

2.9.3.4.1. əməliyyatın mürəkkəb, qeyri-adi olaraq irihəcmli olması;

2.9.3.4.2. açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri;

2.9.3.4.3. əməliyyatın xarakterinin və dəyərinin əhəmiyyətli dərəcədə müştəri profilindən kənara çıxması.

2.9.3.5. çatdırılma kanallarına münasibətdə:

2.9.3.5.1. çatdırılma kanalının anonimliyə imkan verib-verməməsinə;

2.9.3.5.2. öhdəlik daşıyan şəxs yeni və inkişaf edən texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə müştəri uyğunluğu tədbirlərini tətbiq edib-etməməsinə;

2.9.3.5.3. öhdəlik daşıyan şəxs üçüncü şəxslərin fərdi məlumatlarından qanunsuz olaraq istifadə edərək (impersonation or identity fraud) işgüzar münasibətlər qurmağa qarşı tədbirlər görüb-görməməsinə;

2.9.3.5.4. öhdəlik daşıyan şəxs məhsullar/xidmətləri yeni və inkişaf edən texnologiyalar vasitəsilə təqdim edib-etməməsinə;

2.9.3.5.5. öhdəlik daşıyan şəxs müştərilərlə dolayı (vasitəçilərlə, xüsusi cari hesablar (pooled account) ilə və s.) olaraq işgüzar münasibətlər qurub-qurmamasına;

2.9.3.5.6. məhsullar/xidmətlər vasitəçilər və ya agentlər vasitəsilə təqdim edilib-edilməməsinə;

2.9.3.5.7. məhsullar/xidmətlər xarici yurisdiksiyalara təqdim edilib-edilməməsinə dair müddəalar.

2.9.3.6. müştərilərə münasibətdə:

2.9.3.6.1. müştərinin hüquqi şəxs və yaxud xarici hüquqi təsisat olub-olmamasına;

2.9.3.6.2. müştərinin benefisiar mülkiyyətçisinin düzgün müəyyən edilib edilməməsinə;

2.9.3.6.3. müştəriyə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilib-edilməməsinə;

2.9.3.6.4. müştərinin müəyyən limitdən artıq birdəfəlik və ya işgüzar münasibətlərin mahiyyətindən kənar əməliyyat həyata keçirib keçirməməsinə (əqd bağlayıb-bağlamamasına);

2.9.3.6.5. müştərinin açıq-aşkar heç bir iqtisadi məqsədi və ya mənfəəti olmayan mürəkkəb sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasına;

2.9.3.6.6. müştərinin sahibkarlıq fəaliyyətinin korrupsiya cinayətlərinin aləti olub-olmamasına;

2.9.3.6.7. müştərinin açıqlana bilməyən və ya mənbəyinin təsdiq edilməsi çətin olan əmlaka (təqdim edilən) və ya ümumilikdə sərvətlərə sahib olub-olmamasına;

2.9.3.6.8. müştərinin sahibkarlıq fəaliyyətinin mühasiblər, vəkillər və ya digər peşəkarlar kimi vasitəçilər (gatekeepers) ilə həyata keçirib keçirməməsinə və ya təqdim edib-etməməsinə;

2.9.3.6.9. müştərinin qeyri-kommersiya hüquqi şəxsi olub-olmamasına;

2.9.3.6.10. müştərinin kateqoriyası MRQ-də, MMX-nın və (və ya) nəzarət orqanlarının yazılı göstərişlərində və ya sahəvi risk qiymətləndirilməsində yüksək ƏL/TM riskli kimi qeyd edilib-edilməməsinə dair müddəalar;

2.9.3.7. aşağıdakı siyahılarda qeyd edilmiş dövlətlərin (ərazilərin) yüksək riskli olmasına dair müddəalar:

2.9.3.7.1. Amerika Birləşmiş Ştatlarının Xarici Aktivlərin İdarəedilməsi Ofisinin (OFAC) sanksiya siyahısı;

2.9.3.7.2. FATF-ın yüksək riskli və əməkdaşlıq etməyən ölkələrin (ərazilərin) siyahısı;

2.9.3.7.3. Azərbaycan Respublikasının yüksək riskli və əməkdaşlıq etməyən ölkələr (ərazilər) siyahısı və güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı;

2.9.3.7.4. FATF-ın qarşılıqlı qiymətləndirmə hesabatları;

2.9.3.7.5. Avropa İttifaqının ƏL/TMM sistemində Strateji Çatışmazlıqları olan Yüksək Riskli Üçüncü Ölkələrin siyahısı və vergi məqsədləri üçün əməkdaşlıq etməyən ölkərin (ərazilərin) siyahısı;

2.9.3.7.6. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üzrə Bazel Komitəsinin indeksi;

2.9.3.7.7. Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının, embarqolarının və digər oxşar tədbirlərini müəyyənləşdirən siyahılar;

2.9.3.7.8. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesabatları.

2.9.4. İRQ metodologiyası İRQ zamanı öhdəlik daşıyan şəxslər mövcud müştəri profilləri üzrə təhlillər aparması, həmçinin MRQ-nin və sahəvi risk qiymətləndirməsinin nəticələrini nəzərə alınmasını nəzərdə tutmalıdır. İRQ prosedurlarında öhdəlik daşıyan şəxsin rəhbərliyinin İRQ nəticəsində müəyyənləşdirilmiş risklərin azaldılması tədbirlərinin tətbiqi və bu tədbirlərin tətbiqi nəticəsində qalıq risklərin idarəedilməsinə dair fəaliyyət planını təsdiq edərək onunla aidiyyəti işçilərin tanış olması nəzərdə tutulmalıdır.

2.9.5. Müştərilərin işgüzar münasibətlərin yaradılması və ya davam etdirilməsi zamanı müəyyənləşdirilmiş və öhdəlik daşıyan şəxsin fəaliyyəti zamanı ortaya çıxmış risklər İRQ zamanı nəzərə alınmalıdır.

2.9.6. İRQ prosedurları İRQ zamanı öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) fəaliyyətini tənzimləməli, İRQ prosesində məlumat və sənədlərin əldə edilməsi, emalı, risklərin azaldılması tədbirlərinin tətbiq edilməsi və qalıq risklərin idarəedilməsi məsələlərini detallı şəkildə təsvir etməlidir.

2.10. Yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurları

2.10.1. Öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində yeni məhsul və ya xidmət yaradarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasının təmin edən daxili qayda və prosedurları müəyyən etməlidir.

2.10.2. Öhdəlik daşıyan şəxs yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır.

2.10.3. Bu daxili qayda və prosedurlarda öhdəlik daşıyan şəxsin yeni məhsulu və ya xidməti istifadəyə vermədən əvvəl məhsul və ya xidmət barədə məlumatı və risk qiymətləndirməsinin nəticələrini rəy verilməsi üçün müvafiq nəzarət orqanına və ya MMX-yə təqdim edilməsini nəzərdə tutula bilər.

2.10.4. Müvafiq nəzarət orqanının və ya MMX-nın mənfi rəy verməsi həmin məhsulun və ya xidmətin təqdim edilməsini istisna etməməlidir.

2.10.5. Bu daxili qayda və prosedurlarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır.

2.10.6. Risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayının olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır.

3.1. Komplayens sisteminin müstəqilliyi və effektivliyi

3.1.1. Komplayens sistemi dedikdə, müstəqil qərarvermə səlahiyyətinə malik məsul şəxsin təyin edilməsi də daxil olmaqla öhdəlik daşıyan şəxsin daxili qayda, prosedur və nəzarət mexanizmlərinin Qanuna, ƏL/TMM sahəsində digər hüquqi aktlara, habelə nəzarət orqanı və MMX tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq tərtib edilməsini və öhdəlik daşıyan şəxsin rəhbərliyinin və işçilərinin əmək funksiyalarının icrası zamanı qeyd edilən sənədlərə əməl etməsini şərtləndirən tədbirlər sistemi nəzərdə tutulur.

3.1.2. Komplayens sisteminin müstəqilliyi dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.3. Korporativ idarəetmə standartlarına tabe olan öhdəlik daşıyan şəxslərdə məsul şəxsin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsinin müşahidə şurasının razılığı ilə həyata keçirilməsi, məsul şəxsin idarə heyəti və müşahidə şurası qarşısında hesabatlılığı;

3.1.3.1. məsul şəxsin şübhəli əməliyyatlara (əqdlərə) dair müstəqil qərar vermək səlahiyyəti;

3.1.3.2. məsul şəxsin öhdəlik daşıyan şəxsin ƏL/TMM ilə bağlı aidiyyəti işçilərinə və struktur vahidlərinə (olduğu təqdirdə) göstəriş vermək səlahiyyəti;

3.1.3.3. əmək funksiyalarının mahiyyətindən irəli gələrək ƏL/TMM sahəsi ilə əlaqəli işçilərin şübhəli əməliyyatlarla (əqdlərlə) bağlı daxili qayda və prosedurlara, nəzarət mexanizmlərinə uyğun olaraq müstəqil şəkildə məsul şəxsə müraciət etmək səlahiyyəti.

3.1.4. Komplayens sisteminin effektivliyi dedikdə, məsul şəxsin, həmçinin öhdəlik daşıyan şəxsin işçilərinin və struktur bölmələrinin qarşılıqlı fəaliyyəti nəticəsində daxili qayda, prosedur və nəzarət mexanizmlərinə uyğun olaraq şübhəli əməliyyatların (əqdlərin) vaxtında və təxirə salmadan aşkarlanması dayandırılması və bu barədə dolğun məlumat və sənədlərin MMX-ya ötürülməsi nəzərdə tutulur. Komplayens sisteminin effektivliyi, həmçinin MMX-nın öhdəlik daşıyan şəxsin geriyə məlumatlandırılması zamanı təqdim edilmiş şübhəli əməliyyat hesabatına dair verdiyi keyfiyyət kateqoriyası vasitəsilə müəyyənləşdirilir.

3.2.1. Öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir.

3.2.2. Daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmalıdır.

3.2.3. Məsul şəxsin vəzifələri aşağıdakılardır:

3.2.3.1. öhdəlik daşıyan şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq işçilər tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək;

3.2.3.2. öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq MMX-ya təqdim edilməsini təmin etmək;

3.2.3.3. həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək;

3.2.3.4. ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsini təşkil etmək;

3.2.3.5. əməliyyatın (əqdin) həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək;

3.2.3.6. ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək;

3.2.3.7. ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq;

3.2.3.8. ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

3.2.4. Öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (məsul şəxsdən fərqli olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir.

3.2.5. Məsul şəxsin öz funksiya və səlahiyyətlərini həyata keçirərkən aşağıdakılara riayət etməlidir:

3.2.5.1. Qanunun tələbləri çərçivəsində hərəkət etmək;

3.2.5.2. vəzifələrini vaxtında və lazımı qaydada həyata keçirmək, o cümlədənöhdəlik daşıyan şəxs tərəfindən təsdiq olunmuş daxili qayda və prosedurlardan irəli gələn tələblərə əməl etmək;

3.2.5.3. xidməti məlumatların təhlükəsiz və konfidensial saxlanılmasını və yalnız Qanunla müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;

3.2.5.4. vəzifə səlahiyyətlərinin icrası ilə bağlı ona məlum olmuş məlumatların konfidensiallığını qorumaq.

3.2.6. Daxili nəzarət proqramında məsul şəxsə dair aşağıdakı tələblər nəzərdə tutulmalıdır:

3.2.6.1. Məsul şəxsin fəaliyyəti digər struktur bölmələrdən asılı olmamalı və yalnız öhdəlik daşıyan şəxsin rəhbərliyinə tabe olmalı və ona hesabat verməlidir.

3.2.6.2. Məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz.

3.2.6.3. Ayrıca bölmələrə (filial, nümayəndəlik və s.) malik öhdəlik daşıyan şəxslərdə məsul şəxs və ƏL/TMM ilə əlaqədar işçilərin ayrıca bölmələrin həyata keçirdiyi əməliyyatlara (əqdlərə) real vaxt rejimində çıxışı təmin edilməlidir.

3.2.7. Öhdəlik daşıyan şəxsin rəhbərliyi məsul şəxs və öhdəlik daşıyan şəxsin ƏL/TMM ilə əlaqədar işçilərin Qanunda nəzərdə tutulmuş məlumat və sənədləri əldə etmək hüququna dair səlahiyyətlərini müəyyən etməlidir.

4.1. İşəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurları

4.1.1. Öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlar, eləcə də nizamnamələri və ya hüquqi statuslarını əks etdirən digər sənədləri, olduğu təqdirdə insan resurslarının idarə edilməsi strategiyası və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübə əsasında ƏL/TMM sahəsi ilə əlaqəli olan işçilərin işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi mexanizmlərini (bundan sonra – işəgötürmə prosedurları) müəyyən etməlidir.

4.1.2. İşəgötürmə prosedurları öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri, işçiyə olan tələbat və mövcud risklər nəzərə alınmaqla müəyyən edilir.

4.1.3. Öhdəlik daşıyan şəxs işəgötürmə prosedurlarında yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinə cavab verən şəxslərin işə götürülməsi və ƏL/TM ilə əlaqəli şəxslərin işə qəbul olunmasına yol verilməməsi üçün aşağıdakı tədbirləri həyata keçirilməsini nəzərdə tuta bilər:

4.1.3.1. namizədlərin və ya işçilərin ƏL/TMM sahəsində bilik səviyyəsinin yoxlanması;

4.1.3.2. namizədlərin və ya işçilərin təqdim etdikləri məlumatların və sənədlərin doğruluğunun yoxlanması;

4.1.3.3. namizədlərin və ya işçilərin məhkumluğunun olub-olmaması barədə məlumatın əldə edilməsi;

4.1.3.4. namizədlərin və ya işçilərin şəxsi və peşə keyfiyyətləri barədə digər məlumatların əldə edilməsi.

4.2. İşçilərin təlimlərə cəlb edilməsi

4.2.1. Öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır.

4.2.2. Təlimin məqsədi öhdəlik daşıyan şəxsin işçilərinin ƏL/TMM sahəsi üzrə qanunvericiliyə, eləcə də öhdəlik daşıyan şəxsin daxili nəzarət proqramının tələblərinə riayət etmələri üçün ƏL/TMM sahəsindəki zəruri biliklərin əldə edilməsidir.

4.2.3. Öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir:

4.2.3.1. Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq;

4.2.3.2. öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq;

4.2.3.3. müştəri uyğunluğu tədbirləri, müştəri profilinin formalaşdırılması və müştəri profil riskinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər;

4.2.3.4. benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər;

4.2.3.5. şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər.

4.2.4. Öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında bu Tələblərin 4.2.3-cü yarımbəndində nəzərdə tutulmuş təlimlərdən başqa öz işçilərinin ƏL/TMM sahəsi üzrə MMX və ya nəzarət orqanları tərəfindən və ya onların təşkilatçılığı ilə üçüncü şəxslər (təşkilatlar, ekspertlər və sair) tərəfindən keçirilən seminarlarda, konfranslarda və təlimlərdə iştirakını nəzərdə tutmalıdır.

4.2.5. Öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilir. Bu siyahıya hər bir halda öhdəlik daşıyan şəxsin aşağıdakı işçiləri daxil edilməsi nəzərdə tutulmalıdır:

4.2.5.2. aidiyyəti struktur bölmələrin rəhbərləri;

4.2.5.4. hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları;

4.2.5.5. öhdəlik daşıyan şəxsin müştərilərə bilavasitə xidmət göstərən işçiləri;

4.2.5.6. öhdəlik daşıyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarə edilməsi və qərarların qəbulunda iştirak edən digər işçiləri.

4.2.6. Təlim planlı və plandankənar formada həyata keçirilə bilər.

4.2.7. Planlı təlim öhdəlik daşıyan şəxsin rəhbərliyinin hər il təsdiq etdiyi təlim proqramına uyğun olaraq proqram üzrə müəyyən edilmiş vaxtda müvafiq işçilər üçün məsul şəxs (olduğu təqdirdə məsul struktur vahidin işçiləri) və ya ƏL/TMM sahəsi üzrə ixtisaslaşmış digər işçi, habelə kənar təlimçi tərəfindən həyata keçirilir.

4.2.8. Təlim proqramları ƏL/TMM sahəsi üzrə qanunvericiliyin tələblərini, eləcə də öhdəlik daşıyan şəxsin müəyyən edilmiş riskləri, fəaliyyətlərinin miqyası və xüsusiyyətləri nəzərə almaqla hazırlanır.

4.2.9. Öhdəlik daşıyan şəxsin bu Tələblərin 4.2.5-ci yarımbəndində nəzərdə tutulmuş işçiləri ildə bir dəfədən az olmayaraq planlı təlimdə iştirak etməlidirlər. Öhdəlik daşıyan şəxsin işçilərinin bilik və vərdişlərinin yoxlanılmasının forması və qaydası öhdəlik daşıyan şəxs tərəfindən müstəqil olaraq müəyyən edilir.

4.2.10. Təlim proqramı hər bir işçi üçün onun tutduğu vəzifəyə, ixtisas səviyyəsinə, eləcə də təlimin formalarının, dövriliyinin və müddətlərinin tələblərinə əsaslanaraq öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilir.

4.2.11. Təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Zərurət yarandıqda il ərzində təlim proqramına öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiq olunan dəyişikliklər edilə bilər.

4.2.12. Təlim proqramı məsul şəxs tərəfindən dövri olaraq təhlil olunmalı və ƏL/TMM sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə daxili qayda, prosedurlara və nəzarət mexanizmlərinə əlavə və dəyişikliklər edildikdə yenilənməlidir.

4.2.13. Plandankənar təlim aşağıdakı hallarda aparılır:

4.2.13.1. ƏL/TMM sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edildikdə, habelə bu sahədə yeni hüquqi aktlar qüvvəyə mindikdə;

4.2.13.2. ƏL/TMM sahəsində öhdəlik daşıyan şəxs tərəfindən daxili nəzarət proqramı üzrə yeni daxili qayda, prosedurlar və nəzarət mexanizmləri təsdiqləndikdə və ya mövcud daxili qayda, prosedurlar və nəzarət mexanizmləri dəyişdirildikdə;

4.2.13.3. Öhdəlik daşıyan şəxsdə ƏL/TM halları ilə əlaqəli kütləvi informasiya vasitələrində və ya açıq informasiya resurslarında məlumat aşkar edildikdə və ya məhkəmə qərarı çıxarıldıqda;

4.2.13.4. daxili auditin və ya nəzarət orqanları tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə görə öhdəlik daşıyan şəxsin ƏL/TM riskinin yüksək olduğu və bu sahədə qanunvericiliyin tətbiqi səviyyəsinin aşağı olduğu müəyyən edildikdə;

4.2.13.5. ƏL/TMM sahəsi üzrə yeni işçi işə götürüldükdə işə götürüldükdən sonra ən qısa müddətdə.

4.2.14. Daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır.

5.1. Müstəqil audit mexanizmi

5.1.1. Öhdəlik daşıyan şəxs Qanunun tələblərinin, ƏL/TMM sahəsində digər hüquqi aktların və daxili nəzarət proqramı çərçivəsində qəbul olunmuş daxili qayda, prosedurlar və nəzarət mexanizmlərinin (bundan sonra – Qanunla tələb olunan aktlar) tətbiq olunmasının səmərəliliyini qiymətləndirən müstəqil audit mexanizminə malik olmalıdır.

5.1.2. Korporativ idarəetmə standartları tələblərinə riayət etməyən və məcburi daxili audit mexanizmi olmayan öhdəlik daşıyan şəxslərdə audit funksionallığı öhdəlik daşıyan şəxslərin birləşdiyi palatalar, assosiasiyalar, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən kənar audit təşkilatları və s. tərəfindən həyata keçirilə bilər.

5.1.3. Müstəqil audit mexanizmi Qanunun tələblərinin tətbiqindəki potensial səhvlərin və nöqsanların vaxtında aşkar edilməsi və bununla bağlı risklərin minimuma endirilməsi məqsədini daşıyır.

5.1.4. Müstəqil audit mexanizmi daxili audit tərəfindən həyata keçirildikdə onun beynəlxalq standartlara uyğunluğu təmin edilməlidir.

5.1.5. Öhdəlik daşıyan şəxsin rəhbərliyi Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədlə auditinin müntəzəm keçirilməsi üçün məsuliyyət daşıyır.

5.1.6. Müstəqil auditin məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

5.1.6.1. öhdəlik daşıyan şəxsin ayrı-ayrı əməkdaşları və struktur bölmələri (olduğu təqdirdə) tərəfindən icra olunan əməliyyatların Qanunun və Qanunla tələb olunan aktların tələblərinə uyğun olaraq həyata keçirilməsini və müvafiq halda monitorinq olunmasını təmin etmək;

5.1.6.2. öhdəlik daşıyan şəxsin işçiləri tərəfindən Qanunun və Qanunla tələb olunan aktların tələblərinin pozulması faktlarını aşkar etmək və yol verilmiş qanun pozuntularını araşdırmaq;

5.1.6.3. aşkar edilmiş nöqsanların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tövsiyələr işləyib hazırlamaq;

5.1.6.4. aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın sənədləşdirilməsini təmin etmək;

5.1.6.5. aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında öhdəlik daşıyan şəxsin rəhbərliyinə məlumat vermək;

5.1.6.6. öhdəlik daşıyan şəxsin işçiləri tərəfindən Qanunun və Qanunla tələb olunan aktların tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət etmək;

5.1.6.7. daxili nəzarət proqramının ƏL/TMM sahəsi üzrə qanunvericiliyə, müəyyən edilmiş risklərə, habelə öhdəlik daşıyan şəxsin fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğunluğunu təhlil etmək;

5.1.6.8. daxili nəzarət proqramı çərçivəsində qəbul olunmuş daxili qayda, prosedurlar və nəzarət mexanizmlərinin səmərəliliyinə və effektivliyinə qiymət vermək;

5.1.6.9. ƏL/TMM sahəsində yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin etmək.

5.1.7. Audit mexanizmində audit yoxlamalarının sahəvi qanunlara uyğun olaraq illik audit yoxlamalarını keçirməli olan öhdəlik daşıyan şəxslərə münasibətdə ildə 1 dəfədən, digər hallarda isə 2 ildə bir dəfədən az olmayaraq keçirilməsi tələbi müəyyən edilməlidir.

5.1.8. Daxili auditin nəticələri auditin başa çatmasından ən geci 5 (beş) iş günü müddətində tərtib olunan, auditi aparmış auditorun və audit xidmətinin rəhbərinin (öhdəlik daşıyan şəxsin daxili audit xidməti bir auditordan ibarət olduqda, yalnız həmin auditorun) imzası ilə təsdiq edilən, auditin məqsədlərini, əhatə dairəsini, nəticələrini, o cümlədən aşkar edilən nöqsan və çatışmazlıqlar barədə hesabatı və problemlərin mövcud olduğu hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirən auditor rəyi ilə rəsmiləşdirilməlidir:

5.1.9. Rəylərin bilavasitə öhdəlik daşıyan şəxsin rəhbərliyinə və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda audit komitəsinə (olduğu təqdirdə) təqdim edilməsi qaydası daxili nəzarət proqramında nəzərdə tutulmalıdır.

1. 14 iyun 2024-cü il tarixli 3-21-28/3-6-4/2024 nömrəli Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202406148368, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 iyun 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver