1.1. Bu Qayda “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır və operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunması qaydasını müəyyən edir.
1.2. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.2.1. Xüsusi iqtisadi zonanın operatoru - idarəetmə sazişi çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkət.
1.2.2. Xüsusi iqtisadi zonanın administrasiyası - xüsusi iqtisadi zonanın fəaliyyət müddətində onun ərazisində yaradılan İqtisadi İnkişaf Nazirliyinin yerli qurumu.
2.1. Bu Qaydanın 1 nömrəli Əlavəsi operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının siyahısını və təqdim edilmə qaydasını müəyyən edir.
2.2. Xüsusi iqtisadi zonanın operatoru tərəfindən hesabatlar bu Qaydaların 1 nömrəli Əlavəsində göstərilən müddətlərdə xüsusi iqtisadi zonanın administrasiyasına təqdim edilir.
2.3. Xüsusi iqtisadi zonanın operatoru hesabatları xüsusi iqtisadi zonanın administrasiyasına sənəd formasında (kağız daşıyıcısında) və xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən tələb olunarsa, həmin hesabatları və ya onların hissələrini elektron formada (elektron daşıyıcıda və ya elektron poçt vasitəsi ilə) təqdim etməlidirlər.
2.4. Sənəd formasında təqdim edilən hesabatların səhifələri nömrələnməli, xüsusi iqtisadi zonanın operatorunun rəhbər şəxsi tərəfindən imzalanmalı, xüsusi iqtisadi zonanın operatorunun möhürü ilə təsdiq edilməlidir.