Qanunvericilik › Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 25.12.2023) › Tam mətn

Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 25.12.2023)

Orqan donorluğu və transplantasiya sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 25.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 3.2.1-ci və 3.2.3-3.2.6-cı yarımbəndlərinin icrası məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci yarımbəndini və 17-1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

1. “Məlumatlandırılmış razılıq ərizəsinin forması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Meyit donordan götürülmüş orqanla bağlı aktın forması” təsdiq edilsin (5 nömrəli əlavə).

6. Hüquq və qanunvericilik şöbəsinə (E.Qədirov) tapşırılsın ki, bu Qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

7. Qərarın icrasına nəzarət nazir müavini N.Zeynalova həvalə edilsin.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmişdir

a (donora münasibətdə)

Mən - donor, qanuni nümayəndə (18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə münasibətdə valideynləri) qismində ____________________________________________________________________________

____________________________________________________________________________

həkim-transplantoloq tərəfindən transplantasiyanın mahiyyəti və məqsədləri, transplantasiya zamanı ehtimal olunan risklər, əməliyyatdan sonrakı müalicə tədbirlərinin həcmi, metodu, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə yazılı formada təqdim edilmiş məlumatla tanış oldum. Bu sənədi imzalamaqla mən aşağıdakıları bəyan edirəm:

1. Könüllülük və təmənnasızlıq

Mənə məlumat verilmişdir ki, donor orqanların alqı-satqısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Donor orqanların transplantasiyasına kənar təsir olmadan, könüllü qərar vermişəm. Buna görə hər hansı təzyiqə məruz qalmamışam və məcbur edilməmişəm. Donor orqanların transplantasiyası ilə bağlı hər hansı maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməmişəm və yaxud qeyd olunanlarla bağlı mənə təklif və ya vəd verilməmişdir. Donor olmaq barədə qərarımı düşünmüşəm və qərarımda qətiyyətliyəm. Mənə bildirilmişdir ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə əsasən resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) transplantasiya məqsədilə donor orqanların götürülməsi qadağandır.

Donor olmaqda məqsədim:_______________________________________________

____________________________________________________________________________

2. İstənilən zaman imtina etmək hüququ

Mənə məlumat verilmişdir ki, transplantasiyanın hər hansı bir mərhələsində donor olmaqdan imtina edə bilərəm. Donor olmaqdan imtina etdiyim təqdirdə resipiyentə və onun qanuni nümayəndəsinə transplantasiyanı həyata keçirən tibb müəssisəsi tərəfindən bu barədə məlumat veriləcəkdir.

3. Şəxsi məlumatların konfidensiallığı

Mənə bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir, verəcəyim məlumatın gizli saxlanılması haqqında mənə zəmanət verilir. Həkim sirrini təşkil edən məlumatlar yalnız mənim və ya qanuni nümayəndəmin razılığı ilə mənim müayinə və müalicəmin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. Həkim sirrini təşkil edən məlumatlar mənim, yaxud qanuni nümayəndəmin razılığı olmadan bu Qanunun 53-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan hallarda digər şəxslərə verilə bilər.

4. Tibbi və psixoloji müayinə

Mənə məlumat verilmişdir ki, donor orqanların transplantasiyası ilə bağlı bütün zəruri tibbi və psixoloji müayinələr aparılacaq. Bu zaman tibbi müayinələrin nəticəsində əməliyyata əks-göstəriş(lər) müəyyən olunarsa, orqan transplantasiyası həyata keçirilməyəcəkdir.

Eyni zamanda psixoloji vəziyyətim qiymətləndiriləcək və nəticədə donor orqanların verilməsinə dair könüllü və təmənnasız qərar verməyimə şübhə yaranarsa, orqan transplantasiyası həyata keçirilməyəcəkdir.

Donor orqanların transplantasiyası bütün başqa müdaxilələrdə olduğu kimi müəyyən risklərlə müşayiət olunur. Mənə bu risklər barədə həkim-transplantoloq tərəfindən məlumat verilmişdir. Mənə bildirilmişdir ki, orqan donorluğu ilə bağlı risklərə az hallarda rast gəlinir və əksəriyyəti qısa müddətdə həll olunur. Eyni zamanda resipiyentə transplantasiyası nəzərdə tutulan donor orqanla bağlı həkim-transplantoloq tərəfindən mənə həyata keçirilən əməliyyatlar və risklər barədə beynəlxalq təşkilatlar tərəfindən son 5 (beş) il ərzində verilən statistik göstəricilər haqqında məlumat verilmişdir. Bununla belə, aşağıda göstərilən risklər barədə məlumatım var:

5.1. Tibbi risklər: donor orqanların götürülməsi ilə bağlı qalan orqan və ya toxumalarımın funksiyasının gələcəkdə yetərsiz olması mümkündür. Bunun olmaması üçün həkimlər əvvəlcədən orqanın funksiyasını qiymətləndirir və qalan orqanın və ya onun hissəsinin həcmini təyin edirlər. Mənə bildirilmişdir ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.4-cü maddəsinə əsasən canlı donordan orqanı götürüldükdən sonra özünə orqanın köçürülməsinə ehtiyac yaranarsa, onun donor orqanla növbədənkənar təmin olunmağa hüququ var.

5.2. Cərrahi risklər: anesteziya və cərrahi müdaxilə ilə bağlı risklər başqa cərrahi əməliyyatlarda olduğu kimi baş verə bilər: çapıq, yaranın irinləməsi, əməliyyatdan sonrakı yırtıq, venaların trombozu, tromboemboliya, qanaxma, pnevmoniya, periferik sinirlərin zədələnməsi, bağırsaq keçməzliyi, miokardın infarktı, aritmiya, ölüm. Mənə bildirilmişdir ki, donor orqanların transplantasiyası əməliyyatına əvvəldən donorların hərtərəfli müayinəsi, transplantasiyaya göstəriş və əks-göstərişlərin olub-olmamasının müəyyən edilməsi və transplantasiyaya hazırlanması nəticəsində yuxarıda göstərilən fəsadlara az rast gəlinir.

5.3. Psixoloji risklər: digər cərrahi əməliyyatlarda olduğu kimi, bəzi psixoloji problemlər ortaya çıxa bilər: bədəndə əmələ gəlmiş yara izi ilə bağlı kosmetik diskomfort, əməliyyatdan sonrakı depressiya və ya həyəcan, transplantasiya olunmuş orqanın resipiyentin orqanizmində funksiyası yetərsiz olarsa və ya rədd edilərsə, bununla bağlı psixoloji sarsıntı, əməliyyatdan sonra həyat tərzinin dəyişməsi, bəzi müvəqqəti məhdudiyyətlərin olması.

5.4. Həyat tərzi və fəaliyyət riskləri: donor orqanların götürülməsindən sonra orqanizmdə yeni şəraitə funksional uyğunlaşma prosesi başlayacaqdır. Bu prosesin uğurla getməsi üçün sağlam həyat tərzi qaydalarına riayət etmək vacibdir. Mən qəbul edirəm ki, donor orqanların transplantasiyasından sonra zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq, gündəlik fiziki aktivlik göstərmək mənim sağlamlığım üçün xüsusi önəmlidir və bu barədə həkim-transplantoloq tərəfindən mənə verilən yazılı tövsiyələri nəzərə almalıyam. Eyni zamanda mən başa düşürəm ki, donor orqanların transplantasiyası ilə əlaqədar bəzi fəaliyyət növləri və planlarıma (məsələn, səyahət, fiziki əmək tələb edən işlər, digərlər) dəyişiklik etmək zərurətim ola bilər.

6. Donor orqanların transplantasiyasından sonrakı müşahidə

Donor orqanların transplantasiyası əməliyyatından sonra donorun sağlamlığı ilə bağlı hər hansı problemin vaxtında aşkar olunması məqsədilə müvafiq müşahidə həyata keçirilməlidir. Bu, müəyyən olunmuş vaxtda sorğuda iştirak etməyi (telefon, sosial şəbəkələr, elektron poçt), həkimin baxışı üçün tibb müəssisəsinə gəlməyi, müayinələrdən keçməyi nəzərdə tutur. Mən təsdiq edirəm ki, transplantasiyadan sonra sağlamlığımla bağlı müşahidə tədbirlərindən imtina etməyəcəyəm. Qeyd edilənlərə əməl etmədiyim halda sağlamlığımda baş verə biləcək fəsadlara görə şəxsən məsuliyyət daşıyıram.

Bu ərizəni imzalamaqla təsdiq edirəm ki, yuxarıda qeyd olunan məlumatlarla tanış olmuşam, bəyan edilənlərlə razıyam.

İmza __________________________

Tarix __________________________

Şahidin (ər (arvad) və ya digər yaxın qohumlardan biri) adı ________________ soyadı __________________________ ata adı _________________________________ şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _______________________________________

Şahidin imzası:____________________

Həkim-transplantoloqun adı ______________________________ soyadı __________________ atasının adı ______________________

Həkim-transplantoloqun:

imzası:____________________

tarix:____________________

*Qeyd: bu sənəd notarial qaydada təsdiq olunmalıdır.

b (resipiyentə münasibətdə):

Mən-resipiyent, qanuni nümayəndə qismində _______________________

___________________________________________________________________________

tibb müəssisəsinin həkim-transplantoloqu tərəfindən müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə yazılı formada təqdim edilmiş məlumatla tanış oldum. Bu sənədi imzalamaqla mən aşağıdakıları bəyan edirəm:

1. Könüllülük və təmənnasızlıq

Mənə məlumat verilmişdir ki, donor orqanların alqı-satqısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədiyindən həyatımın xilas edilməsi və sağlamlığımın bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla məndə olmayan və ya funksiyasını itirmiş orqan(lar)ımın (toxuma(lar)ımın) donordan alınmış orqan(lar)la (toxuma(lar)la) əvəz edilməsi zərurəti yaranmışdır. Donor orqanların transplantasiyası prosesinə kənar təsir olmadan, könüllü qərar verərək qoşuluram. Buna görə hər hansı təzyiqə məruz qalmamışam və məcbur edilməmişəm. Donor orqanların transplantasiyası ilə bağlı donora, onun ailəsinə və ya yaxınlarına hər hansı maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməmişəm və bunu təklif etməmişəm və ya vəd etməmişəm. Mənə bildirilmişdir ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə əsasən tabeliyimdə olan və məndən maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) transplantasiya məqsədilə donor orqanların götürülməsi qadağandır.

2. İstənilən zaman imtina etmək hüququ

Mənə məlumat verilmişdir ki, transplantasiyanın hər hansı bir mərhələsində resipiyent olmaqdan imtina edə bilərəm. Resipiyent olmaqdan imtina etdiyim təqdirdə donora və onun qanuni nümayəndəsinə bu barədə transplantasiyanı həyata keçirən tibb müəssisəsi tərəfindən məlumat veriləcəkdir.

3. Şəxsi məlumatların konfidensiallığı

Mənə bildirilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir, verəcəyim məlumatın gizli saxlanılması haqqında mənə zəmanət verilir. Həkim sirrini təşkil edən məlumatlar yalnız mənim və ya qanuni nümayəndəmin razılığı ilə mənim müayinə və müalicəmin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. Həkim sirrini təşkil edən məlumatlar mənim yaxud qanuni nümayəndəmin razılığı olmadan bu Qanunun 53-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan hallarda digər şəxslərə verilə bilər.

4. Tibbi və psixoloji müayinə

Mənə məlumat verilmişdir ki, donor orqanların transplantasiyası ilə bağlı bütün zəruri tibbi və psixoloji müayinələr aparılacaq. Bu zaman tibbi müayinələrin nəticəsində əməliyyata əks-göstəriş(lər) müəyyən olunarsa, orqan transplantasiyası həyata keçirilməyəcəkdir.

Eyni zamanda psixoloji vəziyyətim qiymətləndiriləcək və nəticədə donor orqanların transplantasiyasına könüllü və təmənnasız qərar verməyimə şübhə yaranarsa, orqan transplantasiyası həyata keçirilməyəcəkdir.

Donor orqanların transplantasiyası bütün başqa müdaxilələrdə olduğu kimi müəyyən risklərlə müşayiət olunur. Mənə bu risklər barədə həkim-transplantoloq tərəfindən məlumat verilmişdir. Mənə bildirilmişdir ki, orqan donorluğu ilə bağlı risklərə az hallarda rast gəlinir və əksəriyyəti qısa müddətdə həll olunur. Eyni zamanda həkim-transplantoloq tərəfindən mənə transplantasiyası nəzərdə tutulan donor orqanla bağlı həyata keçirilən əməliyyatlar və risklər barədə beynəlxalq təşkilatlar tərəfindən son 5 (beş) il ərzində verilən statistik göstəricilər haqqında məlumat verilmişdir. Bununla belə, aşağıda göstərilən risklər barədə məlumatım var:

5.1.Tibbi risklər: donor orqanların transplantasiyasından sonra köçürülmüş orqanın orqanizm tərəfindən rədd edilməsi ehtimal edilir. Çox nadir hallarda bu proses sürətlə gedir və köçürülmüş orqanın çatışmazlığına gətirir. Əksər hallarda isə bu proses yavaş gedir və onun gecikdirilməsi üçün immun sisteminin fəallığını azaldan xüsusi dərmanlar – immunosupressorlar təyin olunur. Bu dərmanlar həkimin nəzarəti altında olmaq şərti ilə ömür boyu qəbul edilir. Lakin immun sisteminin fəallığının immunosupressor dərmanlarla azaldılması xoşagəlməz yan təsirlərə gətirə bilər: infeksiyanın (sitomeqalovirus, Epşteyn-Barr virusu, polioma BK virusu, digərləri) inkişaf etməsi riski, bədxassəli şişlərin riskinin artması (ümumi əhali ilə müqayisədə 5%-ə qədər), arterial hipertenziya, şəkərli diabet, qanda yüksək xolesterin kimi patoloji vəziyyətlərin pisləşməsi və sair. Bundan başqa, əməliyyatdan əvvəl aparılan bütün yoxlamalara baxmayaraq, çox nadir hallarda köçürülən orqanla bəzi infeksiyalar (insan immunçatışmazlığı, hepatit B, hepatit C virusları, digərləri) və ya bədxassəli şiş hüceyrələri ötürülə bilər. Daimi həkim müşahidəsində olmaqla bu vəziyyətlərin erkən aşkarlanması və düzgün tədbirlərin görülməsi mümkündür.

5.2. Cərrahi risklər: anesteziya və cərrahi müdaxilə ilə bağlı risklər başqa cərrahi əməliyyatlarda olduğu kimi baş verə bilər: çapıq, yaranın irinləməsi, əməliyyatdan sonrakı yırtıq, venaların trombozu, tromboemboliya, qanaxma, pnevmoniya, periferik sinirlərin zədələnməsi, bağırsaq keçməzliyi, miokardın infarktı, aritmiya, ölüm. Mənə həmçinin bildirilmişdir ki, donor orqanların transplantasiyası əməliyyatına əvvəlcədən resipiyentlərin hərtərəfli müayinəsi, transplantasiyaya göstəriş və əks-göstərişlərin olub-olmamasının müəyyən edilməsi və transplantasiyaya hazırlanması nəticəsində yuxarıda göstərilən az rast gəlinir.

5.3. Psixoloji risklər: digər cərrahi əməliyyatlarda olduğu kimi, bəzi psixoloji problemlər ortaya çıxa bilər: bədəndə əmələ gəlmiş yara izi ilə bağlı kosmetik diskomfort, əməliyyatdan sonrakı depressiya və ya həyəcan, transplantasiya olunmuş donor orqanlarının resipiyentin orqanizmində funksiyası yetərsiz olarsa və ya rədd edilərsə, bununla bağlı psixoloji sarsıntı, sonra həyat tərzinin dəyişməsi, bəzi müvəqqəti məhdudiyyətlərin olması.

5.4. Həyat tərzi və fəaliyyət riskləri: transplantasiyadan sonra müalicənin uğurla getməsi üçün sağlam həyat tərzi qaydalarına riayət etmək vacibdir. Mən qəbul edirəm ki, donor orqanların transplantasiyasından sonra zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq, gündəlik fiziki aktivlik göstərmək mənim sağlamlığım üçün xüsusi önəmlidir. Eyni zamanda mən başa düşürəm ki, donor orqanların transplantasiyası ilə əlaqədar bəzi fəaliyyət növləri və planlarıma (məsələn, səyahət, fiziki əmək tələb edən işlər, digərlər) dəyişiklik etmək zərurətim ola bilər.

6. Donor orqanların transplantasiyasından sonrakı müşahidə

Donor orqanların transplantasiyasından sonra köçürülmüş orqanın funksiyasına nəzarət etmək üçün həkim-transplantoloq tərəfindən müəyyən olunmuş vaxtlarda tibb müəssisəsinə gəlmək və müayinələrdən keçmək lazım olacaqdır. Həmçinin gələcəkdə köçürülmüş orqan(lar)la (toxuma(lar)la) bağlı hər hansı problemi vaxtında aşkar etmək üçün davamlı həkim müşahidəsində olmaq vacibir. Mən təsdiq edirəm ki, orqan transplantasiyasından sonra sağlamlığımla bağlı hər hansı problem barədə həkimlərə məlumat verəcəyəm və müşahidə tədbirlərində iştirak edəcəyəm.

Bu ərizəni imzalamaqla mən təsdiq edirəm ki, yuxarıda qeyd olunan məlumatlarla tanış olmuşam, bəyan edilənlərlə razıyam və qeyd edilənlərə əməl etmədiyim halda sağlamlığımda baş verə biləcək fəsadlara görə şəxsən məsuliyyət daşıyıram. Məni maraqlandıran suallara cavab almışam.

İmza:__________________________

Tarix:__________________________

Həkim-transplantoloqun adı _______soyadı __________atasının adı________

Həkim-transplantoloqun:

imzası:__________________

tarix:____________________

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Həkim komissiyanın tərkibi:

Sədr _____________________________________________________________________

Həkim-transplantoloq _____________________________________________________

Anestezioloq-reanimatoloq ________________________________________________

Resipiyentin müalicə həkimi _______________________________________________

Katib ____________________________________________________________________

Digər ixtisaslı həkimlər( iştirak etdiyi halda) __________________________________

2. Donor barədə məlumatlar: _________________________________________________

- götürülməsi nəzərdə tutulan orqan və ya toxuma ____________________________

3. Resipiyent barədə məlumatlar: ______________________________________________

- resipiyentə qoyulan diaqnoz _______________________________________________

- köçürülməsi nəzərdə tutulan orqan və ya toxuma ____________________________

4. Araşdırılan məsələlər:

- tibbi müayinənin nəticələri ________________________________________________

____________________________________________________________________________

____________________________________________________________________________

- gen və toxuma tipləndirməsi nəticələri (tibbi göstəriş olarsa)* __________________

__________________________________________________________________________

5. Təqdim olunmuş sənədlər ________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

6. Donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyib-dəyməyəcəyi və transplantasiya üçün tibbi əks-göstərişlərin olub-olmaması barədə qeyd ___________________________________________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

*Böyrək və sümük iliyinin transplantasiyası hallarında

7. Komissiya yekdilliklə qərara aldı____________________________________________

___________________________________________________________________________

___________________________________________________________________________

8. Qəbul edilən qərarın əsaslandırılması ______________________________________

__________________________________________________________________________

9. Xüsusi qeyd ____________________________________________________________

10. Həkim Komissiyasının üzvlərinin imzaları:

Komissiyanın sədri ______________________________________________________

Həkim-transplantoloq ____________________________________________________

Həkim-anestezioloq-reanimatoloq _________________________________________

Resipiyentin müalicə həkimi _______________________________________________

Katib:___________________________________________________________________

Digər ixtisaslı həkimlər ( iştirak etdiyi halda) ___________________________________

Tarix: "____" ____________ 20____

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmişdir

Orqan Donorluğu və Transplantasiyası

üzrə Koordinasiya Mərkəzinin

İdarə heyətinin sədrinə

__________________________________

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsini rəhbər tutaraq, heç bir məcburiyyət olmadan könüllü və öz maraqlarım naminə hərəkət edərək, mən ____________________________________________________________________________

____________________________________________________________________________

ölümümdən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənimdən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığımı razılaşmadığımı bildirirəm:

ağciyər (ürək-ağciyər kompleksi)

yuxarı və aşağı ətraflar

dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri

* Beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər:_____________________________

___________________________________________________________________________

İmza: _______________

Tarix: _______________

Ərizəni qəbul edən səlahiyyətli şəxs: ___________________________________________

(S.A.A., vəzifəsi və imza)

Şəxsin şəxsiyyəti müəyyən edildi, ərizə şəxs tərəfindən könüllü olaraq imzalandı.

İdarə Heyətinin sədrinin imzası______________

Tarix: “____” ____________ 20___

* Şəxs ölümündən sonra orqanlarının götürülməsinə razılaşdığını bildirdikdə doldurulur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Ölüm faktı müəyyən edilən zaman mövcud olan diaqnostik əlamətlərə əsasən meyit donorlar iki qrupa bölünür:

1.1.1. beyin ölümü diaqnozu olan donorlar (ürək fəaliyyəti davam edir, sərbəst tənəffüs yoxdur);

1.1.2. ürək fəaliyyəti tamamilə və geriyədönməz şəkildə dayanmış donorlar (asistolik donorlar).

2.1. Beyin ölümü diaqnozu olan donorların orqanlarının qorunması üçün aşağıdakı tibbi tədbirlər həyata keçirilir:

2.1.1. dərman preparatları və məhlulların yeridilməsi üçün mərkəzi venalara (vidaci, körpücükaltı və ya bud venası) kateterin qoyulması;

2.1.2. qan dövranı sisteminə monitor vasitəsilə davamlı nəzarətin edilməsi (arterial təzyiq, mərkəzi venoz təzyiq, EKQ, oksigen saturasiyası);

2.1.3. hemodinamik pozulmaların (yüksək və ya aşağı arterial təzyiq) dərman vasitələri ilə tənzimlənməsi;

2.1.4. süni ventilyasiya rejiminin tənzimlənməsi. Süni ventilyasiya rejiminin tənzimlənməsi zamanı nəfəs vermənin sonunda müsbət təzyiq (PEEP) 5-8 mm. su sütunu səviyyəsində olmalı, nəfəs almanın pik təzyiqi < 30 mm. su sütunu səviyyəsindən artıq olmamalı, nəfəs alınan qaz qarışığında oksigen fraksiyası 40-50%-dən çox olmamalı (buna nəzarət oksigenin qanda saturasiyası (> 95%) və ya oksigenin arterial qanda parsial təzyiqi (PaO2 > 120-150 mm.c.s.) əsasında aparılır), tənəffüsün dəqiqədə sayı 16-18 olmalıdır (buna nəzarət arterial qanda karbon qazının parsial təzyiqi (PaCO2 35-45 mm.c.s.) əsasında aparılır);

2.1.5. maye balansına nəzarət üçün sidik kateterinin qoyulması;

2.1.6. dövr edən qanın həcminin bərpa edilməsi (kolloid məhlullar, albumin, plazma, göstəriş olduğu təqdirdə (Hb < 70 q/l, Ht < 20) eritrositar kütlənin köçürülməsi);

2.1.7. bədən hərarətinə davamlı nəzarət. Göstəriş olduğu təqdirdə bədənin fiziki üsullarla isidilməsi və ya soyudulması;

2.1.8. əvəzedici hormonal terapiyanın (metilprednizolon, vazopressinin sintetik analoqları, insulin) aparılması;

2.1.9. turşu-qələvi balansı və elektrolit pozulmalarının korreksiyası (pH 7.35-7.45, PaCO2 35-45 mm.c.s., Na 135-150 mmol/l, K 3.5-5.0 mmol/l);

2.1.10. geniş spektrli antibakterial preparatlarla (sefipim + vankomisin) profilaktik antibakterial terapiyanın aparılması;

2.1.11. traxeya və bronxların bəlğəmdən vaxtaşırı təmizlənməsi (sanasiyası).

3.1. Ürək fəaliyyəti tamamilə və geriyədönməz şəkildə dayanmış donorlarda (asistolik donorlar) orqanların qorunması üçün aşağıdakı tibbi tədbirlər həyata keçirilir:

3.1.1. toxumaların oksigenlə təmin edilməsi məqsədilə ürəyin qapalı masajı və süni tənəffüsün aparılması;

3.1.2. makrotrombozun qarşısının alınması üçün heparinin (50000 vahid), damarların genişlənməsi üçün prostaqlandinlərin venadaxili yeridilməsi.

3.2. Aortaya yeridilmiş kateter vasitəsilə orqanların perfuziyası mövcud avadanlıqlardan asılı olaraq iki fərqli şəkildə aparıla bilər:

3.2.1. xüsusi konservləşdirici məhlulla soyuq (hipotermik) perfuziya;

3.2.2. donorun öz qanı ilə normotermik ekstrakorporal membran oksigenasiya ilə perfuziya.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il 25 dekabr tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmişdir

1. Donorun soyadı, adı, atasının adı, FİN (şəxsiyyəti müəyyən edilə bildiyi təqdirdə) ___________________________________________________________________________

2. Götürülmüş donor orqanın adı_____________________________________________

3. Donor orqanın götürüldüyü tibb müəssisəsinin adı, hüquqi ünvanı ___________________________________________________________________________

4. Donor orqanın götürüldüyü tibb müəssisəsinin rəhbərinin soyadı, adı, atasının adı ___________________________________________________________________________

5. Məhkəmə tibbi ekspertinin soyadı, adı, atasının adı* __________________________

___________________________________________________________________________

6. Donor orqanını götürən həkim-transplantoloqun soyadı, adı, atasının adı, işlədiyi tibb müəssisəsinin adı ______________________________________________________

__________________________________________________________________________

7. Donor orqanın götürülməsində iştirak etmişlər:

- həkim-anestezioloq-reanimatoloqun adı ____________ soyadı ________________

işlədiyi tibb müəssisəsinin adı _______________________________________________

- əməliyyat tibb bacısının adı____________soyadı ____________________________

işlədiyi tibb müəssisəsinin adı _______________________________________________

8. Donor orqanın göndərildiyi tibb müəssisəsinin adı, hüquqi ünvanı __________________________________________________________________________

___________________________________________________________________________

9. Donor orqanın götürülməsinin başlandığı və bitdiyi tarix və vaxt _______________

___________________________________________________________________________

10. Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar barədə məlumatlar ___________________________________________________________________________

___________________________________________________________________________

İmza: Həkim-cərrah _________________________________________________________

Həkim-anestezioloq – reanimatoloq ________________________________

Əməliyyat tibb bacısı _____________________________________________

Donor orqanın götürüldüyü tibb müəssisəsinin rəhbərinin, yaxud onun səlahiyyət verdiyi şəxsin adı, soyadı və imzası ___________________________________________

__________________________________________________________________________________________

* Məhkəmə tibbi ekspertizanın aparılmasına ehtiyac olduqda.

Akta bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı əlavə olunmalıdır.

1. 22 iyun 2026-cı il tarixli 9 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202606220009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver