“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
3. Bu Qərar 2019-cu il aprelin 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 9 iyul 2019-cu il
1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir.
1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir.
1.3. 2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir.
1.4. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir.
1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir.
1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, əlilliyi olan uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.
1.7. Bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik), digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.
2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Nazirliyin “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir;
2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir;
2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti;
2.2.4. Əlilliyi olan uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə əlilliyi olan uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.
2.2-1. Təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.3. Təqaüd təyin edilməsi barədə qəyyum (himayəçi) müraciət etdikdə, bu barədə müvafiq sənəd təqdim etməsinə baxmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda, təqaüd təyin olunmasından imtina edilir.
2.4. Təqaüd qulluq olunanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əlilliyi müddətinə təyin edilir.
3.1. Ailədə iki və daha artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların hər birinə görə ödənilir.
3.2. Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir.
3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq sosial xidmət müəssisələrində olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir.
3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir.
3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır:
3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, əlilliyi olan uşağın əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə;
3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayəçilik orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.
3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır.
3.7. Təqaüd təyin olunandan sonra ödəniş həyata keçirilməsi üçün Qurumun sifarişi əsasında müvafiq bank şöbəsi tərəfindən verilmiş plastik kartın istifadə müddəti çərçivəsində Şəxsin dəyişdirilməsi ilə bağlı (qulluq edən şəxsin vəfat etməsi, yaşayış yerini dəyişməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istisna olmaqla) müraciət daxil olarsa, yeni təyinat üçün tələb olunan bank xərcləri müraciət edən şəxs tərəfindən ödənilir.
3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Quruma və ya “DOST” mərkəzlərinə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Qurum tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Qurumun hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
1. 25 aprel 2020-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 495)
2. 5 mart 2021-ci il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 277)
3. 29 noyabr 2021-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 dekabr 2021-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1294)
4. 15 mart 2022-ci il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 269)
5. 14 noyabr 2023-cü il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1578)
6. 13 oktyabr 2025-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 oktyabr 2025-ci il, “Xalq” qəzeti, 15 oktyabr 2025-ci il, № 221, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 10, maddə 976)
7. 3 iyun 2026-cı il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)