Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
özəl tibb fəaliyyətinin subyektləri - tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;
özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi;
özəl tibbi praktika - tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
özəl tibb müəssisəsi - əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
tibbi yardım - xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi;
tibbi xidmət - müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;
tibbi yardımın standartları - müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı;
əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra - dövlət təminatı proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və şərtlərini müəyyən edən normativ hüquqi aktlar;
sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).