Qanunvericilik › Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 18.04.2000) › Tam mətn

Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 18.04.2000)

Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları (Əmlak Məsələləri Dövlət Komitəsi, 18.04.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnaməyə, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanununu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1997-ci il tarixli 158 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə icarəyə verilməsi qaydalarını müəyyən edir.

2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir.

3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər.

4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir,

5. Torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi üçün müvafiq müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) və yaxud mülkiyyəçini(lərini) təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ya hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və təsis sənədləri;

- mülkiyyətçini(ləri) təmsil edən şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəkalətnamənin) surəti;

- səhmdar cəmiyyətinin səhmdarların reyestrindən çıxarış;

- obyekt (əmlak) üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti;

- torpaq sahəsinin ayrılması haqqında sənədlər (sahənin ayrılması haqqında səlahiyyətli orqanın qərarı, torpaq sahəsinin ölçülərini və sərhədlərini müəyyən edən plan, torpağın istifadəçisi ilə bağlanılmış icarə müqaviləsi);

- müəssisənin (obyektin) texniki pasportu.

5-1. Torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi üçün ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

6. Ərizə və ona əlavə edilmiş (bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim ediləndən 10 gün müddətində icarə müqaviləsinin bağlanmasının mümkünlüyü araşdırılaraq qəbul edilmiş qərar barədə ərizəçiyə bildirilir.

7. İcarə müqaviləsinin bağlanmasından aşağıdakı hallarda imtina edilə bilər:

- torpaq sahəsində yerləşən müəssisə (obyekt) ərizəçinin mülkiyyətində olmadıqda və yaxud səhmdar cəmiyyətinin səhmlərinin 75%-dən az hissəsi xüsusi mülkiyyətə keçdikdə;

- torpaq sahəsinin ayrılması barədə sənədlər qanuna uyğun olmadıqda;

- ərizəçinin səlahiyyətləri təsdiq edilmədikdə.

8. Təqdim edilmiş (bu Qaydaların 5-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla) sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır.

9. Bağlanmış icarə müqaviləsi müvafiq qaydada Azərbaycan Respublikasında dövlət əmlakının Registrlərində qeydiyyata alınandan və müqavilə üzərində bu barədə qeyd aparılandan sonra o hüquqi qüvvəyə minmiş hesab olunur və tərəflər üçün hüquq və vəzifə yaradır.

Müvafiq qaydada qeydə alınmamış müqavilələr etibarsız hesab olunur.

10. İcarə müqaviləsinin əsas şərtləri, o cümlədən, icarə haqqının minimum məbləği, fors-major halları və torpaq sahəsindən istifadədə məhdudiyyətlər və servitutlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

11. Bağlanmış icarə müqavilələrinin surəti icarəçi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarına təqdim edilir.

12. Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

1. 6 iyun 2023-cü il tarixli 11 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306060011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 iyun 2023-cü il)

2. 1 aprel 2024-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202404010004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 aprel 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver