«Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 795 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).
Bu qərar imzalandı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 dekabr 2008-ci il
1. Bu Qayda «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 16.6-cı bəndinə və «Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 795 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin balansında olan mülki dövriyyədən çıxarılmış, mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak, xüsusi qiymətlilər və ya qiymətli metalların (bundan sonra - dövlət əmlakı) müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi qaydasını müəyyən edir.
2. Dövlət əmlakı müvafiq dövlət orqanlarının (təşkilatlarının) sərəncamına verilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən inventarlaşdırılır.
3. Dövlət əmlakına olan tələbat araşdırılır və həmin əmlakın müvafiq dövlət orqanının (təşkilatının) balansına verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verilir.
4. Təqdimat əsaslı hesab edildiyi halda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən müvafiq qərarda (sərəncamda) dövlət əmlakının müvafiq dövlət orqanının (təşkilatının) sərəncamına verilməsinin konkret müddətləri müəyyən edilir.
5. Dövlət əmlakı balanssaxlayan təşkilatın təhvil aktına əsasən müvafiq dövlət orqanının (təşkilatının) sərəncamına verilir. Dövlət əmlakı müvafiq qaydada təhvil verilənədək onun mühafizəsinə və qorunub saxlanılmasına görə balanssaxlayan təşkilat məsuliyyət daşıyır.
6. Dövlət əmlakının verilməsi onun müvafiq dövlət orqanının (təşkilatının) balansında əks etdirilməsindən sonra başa çatmış hesab edilir.
1. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
2. 30 mart 2022-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 290)