Qanunvericilik › “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.05.2020) › Tam mətn

“Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.05.2020)

“Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.05.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Özünüməşğulluğun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 13 may 2020-ci il

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran (bundan sonra – işsiz və işaxtaran) şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun 24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;

2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;

2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;

2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.

3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

3.2. Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir.

3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin müvafiq yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir.

4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5.1. İşsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

5.2. İşsiz və işaxtaran şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz və iş axtaran kimi ƏMAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

5.3. İşsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6.1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

6.2. Şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz və işaxtaran şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir.

6.3. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin müvafiq yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

6.4. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.

6.5. Komissiya Agentliyin müvafiq yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz və işaxtaran şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

6.5.1. özünüməşğulluğa cəlb edilir;

6.5.2. özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır.

6.6. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

7.1. İşsiz və işaxtaran şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir.

7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

7.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirməlidir.

7.5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin müvafiq yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları ƏMAS-a daxil etməlidir.

8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.

8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi, özgəninkiləşdirdiyi, digər şəxsin istifadəsinə verdiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 6 (altı) ay müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.5. Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

8.6. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

9.1. Özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

1. 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 666)

2. 12 iyul 2021-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2021-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 864)

3. 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 873)

4. 21 iyun 2022-ci il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2022-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 678)

5. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

6. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver