Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, maliyyə monitorinqi orqanının, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.
Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.