Qanunvericilik › Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Pasportda göstərilən məlumatlar

Pasportlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tiplərindən asılı olmayaraq hər bir pasportda:

1) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi,, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir;

2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur;

3) xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir.

Bundan əlavə xidməti pasportda bu Qanunun 5-ci maddəsinin üçüncü hissəsində, diplomatik pasportda isə bu Qanunun 6-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş hallar göstərilir.

Pasportdakı yazılar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində göstərilir.

Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir.

Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver