Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

ixtira – istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər;

faydalı model – qurğuya aid olan texniki həllər;

sənaye nümunəsi – məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll;

patent – ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən mühafizə sənədi;

üsul – bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində, maddi vasitələrin köməyi ilə yerinə yetirilməsi;

məhsul – əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, mikroorqanizmlərin ştammı, maddə, qurğu;

qurğu – funksional-konstruktiv vəhdətdə olan konstruktiv elementlərdən və ya onların məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili;

iddia sənədi – ixtira, faydalı model və sənaye nümunəsinə patent alınması üçün tərtib olunan və özündə müəllifin (müəlliflərin) yaradıcı fəaliyyətinin nəticəsini obyektiv formada (kağız daşıyıcıda və ya elektron formatda) əks etdirən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilən sənədlər toplusu;

Avrasiya iddia sənədi – 1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasına (bundan sonra – Avrasiya Patent Konvensiyası) və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokoluna uyğun olaraq ixtiraya və sənaye nümunəsinə avrasiya patentinin alınması üçün iddia sənədi;

Beynəlxalq iddia sənədi – 1970-ci il 19 iyun tarixli Patent Əməkdaşlığı Müqaviləsinə uyğun olaraq verilmiş iddia sənədi;

ilkinlik iddiası – Sənaye mülkiyyətinin mühafizəsinə dair 1883-cü il 20 mart tarixli Paris Konvensiyasına (bundan sonra – Paris Konvensiyası) tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətlərin birində verilmiş bir və ya bir neçə əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi (bundan sonra – müvafiq olaraq “əvvəlki iddia sənədi” və ya “daha əvvəl verilmiş iddia sənədi”) əsasında ilkinliyin xahiş edildiyi müraciət.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver