1. Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər.
Lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınır.
2. Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər.
Müstəsna lisenziya lisenziata ixtira, faydalı model və sənaye nümunəsindən lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir.
Lisenziat lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi bağlaya bilər. Bu müqavilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmalıdır.
Sublisenziya qeyri-müstəsna xarakteri daşıyır və başqasına verilə bilməz. Müstəsna lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir.
3. Qeyri-müstəsna lisenziya zamanı lisenziar ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır.
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər həmin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmalıdır.
5. Lisenziya müqaviləsi ilə bağlı mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.