Qanunvericilik › Patent haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Patent almaq üçün iddia sənədinin verilməsi

Patent haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. İxtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq istəyən hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) iddia sənədi verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin orqanla (qurumla) əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində iddia sənədi verə bilməzlər.

2. İddiaçı iddia sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış patent müvəkkili və ya nümayəndə vasitəsilə verir.

Bu Qanunun 27-2-ci maddəsi nəzərə alınmaqla, xarici hüquqi və fiziki şəxslər iddia sənədini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verirlər.

Patent müvəkkillərinin və nümayəndələrin səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir.

3. İxtira və ya faydalı model barəsində iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vahid ixtiraçılıq fikri ilə əlaqəli olan bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir (vəhdətlik tələbi). İxtira və ya faydalı modelin vəhdətlik tələbi o zaman yerinə yetirilmiş hesab edilir ki, həmin ixtiralar və ya faydalı modellər arasında, məcmu şəklində baxılan iddia olunmuş ixtiraların və ya faydalı modellərin hər biri tərəfindən texnika səviyyəsinə verilən töhfəni (faydanı) müəyyən edən bir və ya bir neçə eyni və ya müvafiq texniki əlamətlərlə ifadə olunan qarşılıqlı əlaqə olsun. İddia sənədinə aşağıdakılar daxil edilir:

müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;

ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;

ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;

iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa materiallar;

referat.

3-1. İddia olunan ixtira genetik ehtiyatlara əsaslanarsa, iddiaçı genetik ehtiyatların mənşə ölkəsi haqqında məlumatı təqdim etməli, əgər bu məlumat iddiaçıya məlum deyilsə, genetik ehtiyatların mənbəyini açıqlamalıdır.

3-2. İddia sənədində iddia edilmiş ixtira genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərə əsaslanarsa, iddiaçı hansının münasib olmasından asılı olaraq, genetik ehtiyatlarla əlaqəli olan ənənəvi bilikləri təqdim etmiş yerli xalqlar və ya yerli tayfa haqqında məlumatı və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyini açıqlamalıdır (təqdim edilmiş məlumatın doğruluğuna görə iddiaçı məsuliyyət daşıyır).

4. Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə və ya Sənaye Nümunələrinin Beynəlxalq Təsnifatının (Lokarno təsnifatı) bir sinfinə aid olan bir qrup sənaye nümunəsinə aid olmalıdır.

Sənaye nümunəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir:

a) müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;

b) məmulatın zahiri görkəminin estetik xüsusiyyətlərini müəyyən edən sənaye nümunəsinin mühüm əlamətləri barədə aydın təsəvvür yaradan məmulatın şəkillərinin dəsti;

c) sənaye nümunəsinin mahiyyətini açıqlamaq üçün zəruri olduqda sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri, məmulatın ümumi görkəminin çertyojları (o cümlədən, iddiaçının istəyinə görə onun elektron formada üçölçülü modeli), erqonomik sxemi, konfeksiya xəritəsi;

ç) sənaye nümunəsinin yaradılması zamanı istifadə edilmiş və ya onda təcəssüm etdirilmiş mədəniyyətin ənənəvi ifadələrinin, ənənəvi biliklərin və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyinin açıqlanması (iddiaçı təqdim edilmiş məlumatın doğruluğuna görə məsuliyyət daşıyır).

6. Patentin alınması barədə iddia sənədinə aid tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7. Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddiaçının bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində təqdim olunmalıdır.

İddia sənədi ilə bağlı kargüzarlıq Azərbaycan dilində aparılır.

8. İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının hüququ var ki, barəsində iddia sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etsin.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 30-cu maddəsinə uyğun olaraq, iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə texniki hazırlıq başa çatanadək iddiaçı müvafiq haqqın ödənilməsi şərtilə düzəlişlərin və əlavələrin 1 aylıq müddət keçdikdən sonra edilməsinə dair vəsatət vermək hüququna malikdir.

Dəyişikliklər ekspertin təklifi ilə də edilə bilər. İddia edilən ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəl verilən materiallarında olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver