Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. formal peşə təhsili – təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.2. ixtisaslaşma – müvafiq peşə təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə ixtisası;

1.0.3. ilk peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri, metodiki və praktiki hazırlıq;

1.0.4. informal peşə təhsili – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;

1.0.5. inklüziv təhsil – təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və təhsilalanların müxtəlif xüsusiyyətlərinə uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi;

1.0.6. istehsalat təcrübəsi – ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət prosesi;

1.0.7. istehsalat təlimi – peşə təhsilinin mütləq tərkib hissəsi kimi təhsilalanların konkret ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyət prosesi;

1.0.8. iş yerində təcrübə müqaviləsi – peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə;

1.0.9. kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun təhsil haqqında dövlət sənədi ilə təsdiq edilməsi;

1.0.10. qeyri-formal peşə təhsili – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması;

1.0.11. modul (modul təlimi) – təhsil proqramının (kurikulumun) və ya təlim müddətinin müstəqil bölməsi olub, konkret peşə-ixtisas səriştələrinin formalaşdırılması üzrə materialların ayrı-ayrı bloklar halında strukturlaşdırılmış şəkildə bir-biri ilə əlaqəli öyrənilməsini nəzərdə tutan təlim hissəsidir;

1.0.12. peşə – insanın fiziki qüvvəsi və səylərinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyəti;

1.0.13. peşə liseyi – peşə təhsili ilə birlikdə tam orta təhsil verən təhsil müəssisəsi;

1.0.14. peşə məktəbi – peşə təhsili verən təhsil müəssisəsi;

1.0.15. peşə standartları – konkret peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri sistemli şəkildə əks etdirən sənəd;

1.0.16. peşə təhsili – əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsi;

1.0.17. peşə təhsil mərkəzi – müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış ümumi orta təhsil və tam orta təhsil bazasında peşə təhsilinin bütün səviyyələrində fəaliyyət göstərən təhsil müəssisəsi;

1.0.18. peşə təhsili müəssisəsi – əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsi;

1.0.19. peşə təhsil müəssisəsində müdavim – peşə təhsili müəssisəsində qısamüddətli kurslarda təhsil alan şəxslər;

1.0.20. peşə təhsil müəssisəsində tələbə – peşə təhsili müəssisəsində peşə təhsilinin səviyyələri üzrə təhsil alan şəxslər;

1.0.21. peşə təlimi – təhsilverənlə təhsilalan arasında müəyyən növ işin (işlər qrupunun) yerinə yetirilməsində qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses;

1.0.22. texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq;

1.0.23. yüksək texniki peşə təhsili – müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver