Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Peşə təhsili sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Peşə təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

23.2. Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün peşə təhsili müəssisəsinin nəzdində müvafiq istehsalat və xidmət sahələri yaradıla bilər.

23.3. Peşə təhsili müəssisəsinin model sənaye müəssisələrinin işində iştirak etməklə, sahibkarlıq və innovasiya fəaliyyətini həyata keçirmək hüququ vardır.

23.4. Dövlət peşə təhsili müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

23.5. Peşə təhsili müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu Qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

23.6. Dövlət və bələdiyyə peşə təhsili müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır.

23.7. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə peşə təhsili müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər.

23.8. Dövlət peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

23.9. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

23.10. Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.

23.11. Peşə təhsili müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.

23.12. Peşə təhsili müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.

23.13. Peşə təhsili müəssisəsinin rəhbəri məhsul istehsalı və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərin bölgüsünün şəffaflığına cavabdehdir.

23.14. Peşə təhsili müəssisəsi öz əmtəə nişanını yarada bilər.

23.15. Peşə təhsili müəssisəsi istehsal etdiyi məhsulları və xidmətlərini öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver