Qanunvericilik › Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.12.2023) › Tam mətn

Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.12.2023)

Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın təsdiq edilməsi barədə (Elm və Təhsil Nazirliyi, 06.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2235 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyası qərara alır:

1. “Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (S.Mahmudov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (C.Kərəmov) tapşırılsın ki, bu Qərardan irəli gələn vəzifələrin icrasını təmin etsin.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (R.Xanlarov) tapşırılsın ki, bu Qərarın surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına göndərilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-3-cü maddəsinə əsasən hazırlanmışdır və peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra - tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, peşə təhsili müəssisələrinə (xüsusi peşə təhsili müəssisələri və cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri istisna olmaqla) şamil edilir.

1.3. Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alanlar istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

1.4. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbə təhsil müəssisəsini, ixtisasını dəyişdikdə, təhsil müəssisəsinə bərpa olunduqda və ya akademik məzuniyyətdən qayıtdıqda, onun əvvəllər qazandığı kreditlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.18-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

1.5. Təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.

2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini və ixtisasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə peşə təhsili müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir.

2.2. İlk peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. Texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.3. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.4. Peşə təhsili müəssisəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.

2.5. Peşə təhsili müəssisələrində tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır.

3.1. Tələbələr aşağıdakı hallarda peşə təhsili müəssisəsindən xaric olunur:

3.1.1. öz arzusu ilə;

3.1.2. peşə təhsili müəssisəsini dəyişdikdə;

3.1.3. peşə təhsili müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə və ya dəfələrlə pozduqda;

3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);

3.1.5. əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

3.1.6. əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının peşə təhsili müəssisəsinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

3.1.7. yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

3.2. Peşə təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və təhsil haqqında sənədin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə peşə təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

4.1. Peşə təhsili müəssisəsindən xaric olunmuş şəxslər, xaric olunma tarixindən 10 (on) il müddətində peşə təhsili müəssisəsinə bərpa olunmaq üçün növbəti yarımildən müraciət edə bilərlər.

4.2. Təhsil müəssisəsi yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda sabiq tələbə təhsil aldığı peşə təhsili müəssisəsinin hüquqi varisi olan və ya Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) müəyyən etdiyi peşə təhsili müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.

4.3. Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir.

4.4. Peşə təhsili müəssisəsinə bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas üzrə kadr hazırlığı aparılmırsa, o, peşə təhsili müəssisəsinə digər ixtisas üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

4.5. Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər peşə təhsili müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə (2(iki) ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

5.1.2. ailə vəziyyətinə görə (peşə təhsili müəssisəsi tərəfindən müəyyən edilmiş hallar üzrə) – 1 (bir) il müddətinədək;

5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə (1(bir) ildən çox olmamaqla);

5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

5.1.5. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti yarımildən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı peşə təhsili müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə eyni ixtisas qrupu daxilində tələbələr sırasına daxil edilə bilər.

6.1. Təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) üzrə tələbələrin müraciətlərinin qəbulu və baxılması elektron qaydada Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) altsistemi vasitəsilə həyata keçirilir.

6.2. Tələbə TMİS-in altsistemində təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma, habelə təhsilin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) və ya akademik məzuniyyətdən qayıtması ilə bağlı seçimlərini edərək elektron ərizəni doldurur və təsdiq edir.

6.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

6.3.1. təhsil müəssisəsinin və (və ya) ixtisasın dəyişdirilməsi halında:

6.3.1.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi modul (fənn) üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəd (xarici dövlətin peşə təhsili müəssisəsinin tələbələrinə münasibətdə mövcud qaydada leqallaşdırılmış və ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə olunmuş);

6.3.1.2. ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş);

6.3.1.3. Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surəti (əcnəbi və vətəndaşlığı olmayanlara münasibətdə);

6.3.2. təhsil müəssisəsinə bərpa olunması halında:

6.3.2.1. akademik transkript və ya “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış;

6.3.2.2. ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı borcunun olmaması barədə təhsil müəssisəsinin arayışı və ya təhsil haqqının ödənilməsi ilə bağlı müvafiq illər üzrə ödəniş qəbzləri (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olduğu halda mövcud qaydada Azərbaycan dilinə tərcümə olunmuş);

6.3.2.3. Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surəti (əcnəbi və vətəndaşlığı olmayan şəxslərə münasibətdə).

6.3.3. təhsilin müvəqqəti dayandırması (akademik məzuniyyətin verilməsi) halında bu Qaydaların 5.1.1-5.1.5-ci bəndlərində göstərilən halları təsdiq edən sənədlər.

6.4. Elektron ərizə təsdiq edildikdən sonra məlumatların tamlığı 3 (üç) iş günü müddətində peşə təhsili müəssisəsi tərəfindən yoxlanılır. Şəxsi kabinetə ərizə və sənədlərin (məlumatların) natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) gün müddətində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.

6.5. Müraciətlərin qəbulu müddəti başa çatdıqdan sonra sənədlərin (məlumatların) tamlığı müəyyən olunan tələbələrin müraciətlərinə peşə təhsili müəssisəsi tərəfindən 30 (otuz) gün müddətində baxılaraq tələbəyə müvafiq məlumat (tamamlanmamış modulların (fənlərin) və /və ya akademik borc yaranan modulların (fənlərin) sayı və adları, təhsil haqqı məbləği, təhsil müddəti və s.) verilir və aşağıdakı qərarlardan biri qəbul edilir:

6.5.1. təhsil müəssisəsinin və (və ya) ixtisasın dəyişdirilməsi üzrə:

6.5.1.1. təhsil müəssisəsinin və (və ya) ixtisasın dəyişdirilməsindən imtina barədə (bu Qaydaların 1.5-ci bəndi və 2-ci hissəsi ilə müəyyən edilmiş tələblər ödənilmədiyi və ya bu Qaydaların 1.5-ci bəndi və 2-ci hissəsi ilə müəyyən edilmiş tələblər ödənildikdə, lakin tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşmadığı hallarda);

6.5.1.2. Bu Qaydaların 1.5-ci bəndi və 2-ci hissəsi ilə müəyyən edilmiş tələblər ödənildiyi halda və tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşdıqda təhsil müəssisəsinin və (və ya) ixtisasın dəyişdirilməsi barədə;

6.5.2. peşə təhsili müəssisəsindən xaric olunma üzrə:

6.5.2.1. bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq peşə təhsili müəssisəsindən xaric olunma barədə;

6.5.3. peşə təhsili müəssisəsinə bərpa üzrə:

6.5.3.1. təhsil müəssisəsinə bərpa olunmadan imtina barədə (bu Qaydaların 1.5-ci bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənilmədiyi və ya bu Qaydaların 1.5-ci bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənildikdə, lakin tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşmadığı hallarda);

6.5.3.2. bu Qaydaların 1.5-ci bəndi və 4-cü hissəsi ilə müəyyən edilmiş tələblər ödənildiyi halda və tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşdıqda təhsil müəssisəsinə bərpa olunma barədə;

6.5.4. akademik məzuniyyətin verilməsi üzrə:

6.5.4.1. bu Qaydaların 5.1-ci bəndi ilə müəyyən edilmiş hallar mövcud olmadıqda akademik məzuniyyətin verilməsindən imtina barədə;

6.5.4.2. Bu Qaydaların 5.1-ci bəndi ilə müəyyən edilmiş hallarda akademik məzuniyyətin verilməsi barədə;

6.5.5. akademik məzuniyyətdən qayıtdığı halda:

6.5.5.1. bu Qaydaların 5.2-ci bəndində müəyyən edilmiş tələblər ödənildikdə, lakin tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşmadığı halda tədris prosesinə növbəti yarımildən buraxılmasından imtina barədə;

6.5.5.2. bu Qaydaların 5.2-ci bəndində müəyyən edilmiş tələblər ödənildikdə və tələbə Qaydaların 6.5-ci bəndində göstərilən məlumatlarla razılaşdıqda tədris prosesinə növbəti yarımildən buraxılması barədə.

6.6. Qəbul edilmiş qərarlar tələbələrin şəxsi kabinetinə göndərilir. İmtina barədə qərarlarda imtinanın səbəbləri əsaslandırılmalıdır.

6.7. Təhsil müəssisəsinin dəyişdirilməsi ilə nəticələnən qərarlar eyni zamanda həm elektron sənəd formasında, həm də kağız daşıyıcıda tələbənin əvvəl təhsil aldığı təhsil müəssisəsinə göndərilir.

6.8. Peşə təhsili müəssisələri tələbələrin təhsil müəssisəsinin, ixtisasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilinin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) ilə bağlı qərarlar qəbul edildikdən sonra 5 (beş) iş günü müddətində müvafiq əmrlər verirlər.

6.9. Təhsil müəssisəsi dəyişdirildiyi halda, tələbənin təhsil aldığı təhsil müəssisəsi 3 (üç) iş günü müddətində akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun dəyişdiyi peşə təhsili müəssisəsinə göndərir. Şəxsi iş peşə təhsili müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə və ya poçt vasitəsilə göndərilə bilər.

7.1. Tələbələr tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə tələbələrin təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı peşə təhsili müəssisələrinin qərarları ilə bağlı şikayətlərə baxılması üçün Nazirlik tərəfindən Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının tərkibi və səlahiyyətləri Nazirlik tərəfindən müəyyən edilir.

7.2. Ərizəçi Apellyasiya Komissiyasına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə şikayət edə bilər. Müraciətə Apellyasiya Komissiyasında 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

7.3. Ərizəçi Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də dəyişdirilmə, bərpa və xaric olunma, akademik məzuniyyətin verilməsi ilə bağlı peşə təhsili müəssisəsinin qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver