Qanunvericilik › “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.03.2019) › Tam mətn

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.03.2019)

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.03.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 15 mart 2019-cu il

1.1. Bu Qayda “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsinə əsasən hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, habelə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul qaydalarını müəyyən edir.

1.2. İşəgötürənlərin (və ya fərdlərin) vəsaiti hesabına sifarişlər əsasında istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və “DOST” mərkəzlərinin göndərişi əsasında işaxtaran və işsiz şəxslər üçün peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidən hazırlanması üzrə peşə təhsili müəssisələrində təşkil olunan qısamüddətli ödənişli kurslara qəbul bu Qaydalarla tənzimlənmir və peşə təhsili müəssisəsi ilə işəgötürənlərin (və ya fərdlərin) və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və “DOST” mərkəzlərinin qarşılıqlı razılığı əsasında tədris ili ərzində müqavilə bağlamaqla həyata keçirilir.

1.3. Müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə təhsili müəssisələri, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan digər dövlət peşə təhsili müəssisələri növbəti tədris ili üçün müvafiq peşə istiqamətləri üzrə ixtisaslara tələbə qəbulu sayına dair sifarişlərini hər il martın 1-dək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müəyyən olunmuş formada təqdim edirlər.

1.4. Hər tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iqtisadiyyatın inkişaf istiqamətlərinə, əmək bazarının tələblərinə və peşə təhsili müəssisələrinin potensialına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən baxılır və bu dövlət orqanlarının razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən mayın 1-dək təsdiq edilir.

1.5. Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır.

1.6. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

1.7. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.8. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir.

1.9. Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və mediada yerləşdirilir.

1.10. Peşə təhsili müəssisələrinə qəbul Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

1.11. Əlilliyi olan şəxslər, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

1.12. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul seçilmiş ixtisaslar üzrə məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisələrinin tərəfindən həyata keçirilir.

1.13. Xüsusi peşə təhsili müəssisələrinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın göndərişlərinə müvafiq olaraq peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir.

1.14. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər.

1.15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir.

1.16. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili müəssisələrinə qəbulu Qaydası”na uyğun olaraq aparılır.

2.1. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (bundan sonra – elektron sistem) “Elektron ərizə”ni dolduraraq, təsdiq edilməsi üçün şəxsiyyət vəsiqəsi və attestatının surətini müvafiq qaydada əlavə edirlər.

2.2. Əlilliyi olan şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron sistemində bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, əlilliyini təsdiq edən sənədin surətini həmin ərizəyə əlavə etməlidirlər.

2.3. Valideyn himayəsindən məhrum olmuş uşaqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron sistemində bu Qaydanın 2.1-ci bəndində göstərilən sənədlərlə yanaşı, valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədin surətlərini həmin ərizəyə əlavə etməlidirlər.

2.4. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün bu Qaydanın 2.1–2.3-cü bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

3.1. Peşə təhsili müəssisəsinə ixtisas seçimi sənəd qəbulu zamanı həyata keçirilir.

3.2. Ərizəçilər sərbəst seçim əsasında müvafiq peşə təhsili səviyyəsini, peşə təhsili müəssisələrini və ixtisasları müəyyən edir və istədikləri ardıcıllıqla seçirlər.

3.3. Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd vermiş şəxslər maksimum 5 (beş) ixtisas seçmək hüququna malikdirlər.

4.1. Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

4.2. Peşə təhsili müəssisələrinə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin isə həmin imtahanda əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

4.3. Attestatında qiymətlərinin orta balı, buraxılış və ya qəbul imtahanında əldə etdikləri nəticələr eyni olan iki və daha çox ərizəçini bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə qiymətləndirmə göstəricilərindən istifadə edilir:

4.3.1. ixtisas seçimi zamanı seçdiyi peşə təhsili müəssisəsinin və ixtisasın qeyd olunmuş ardıcıllığı;

4.3.2. buraxılış və ya qəbul imtahanında əldə etdiyi nəticələr eyni olan ərizəçilərə münasibətdə attestatına müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

4.3.3. seçdiyi ixtisasdan asılı olaraq, ixtisasa uyğun müvafiq fənn (və ya fənlərin) qiyməti;

4.3.4. ixtisas üzrə iş stajı;

4.3.5. işəgötürənin göndərişi.

4.4. Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı müsabiqədə iştirak edən şəxslərin yerləşdirilməsi onların seçdikləri ixtisasların ardıcıllığına və təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, peşə təhsili müəssisəsinə müsabiqədənkənar daxil olmuş tələbələrin sayı nəzərə alınmaqla həyata keçirilir.

4.5. Müsabiqədə iştirak edən şəxs tərəfindən saxta və ya başqasına aid sənədlərin təqdim edilməsi halı aşkar edildikdə, onun müsabiqə nəticələri ləğv edilir.

4.6. Müsabiqənin nəticələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və mediada yerləşdirilir. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər üzrə müsabiqədə iştirak etmiş şəxslər tərəfindən bu Qaydaya uyğun olaraq yenidən ixtisas seçimi aparılır və həmin yerlərə qəbul həyata keçirilir.

4.7. Müsabiqənin nəticələri barədə məlumat müsabiqədə iştirak edən şəxslərin elektron şəxsi kabinetində yerləşdirilir və ərizəsində göstərdiyi elektron poçt ünvanına və ya telefonuna bu barədə mesaj göndərilir.

5.1. Peşə təhsili müəssisəsinə qəbul olmuş şəxs aşağıda qeyd olunan sənədləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqənin nəticələri rəsmi elan edildikdən sonra 10 (on) gün müddətində qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

5.1.1. attestatın əsli;

5.1.2. sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

5.1.3. şəxsiyyət vəsiqəsinin surəti;

5.1.4. 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;

5.1.5. hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar;

5.1.6. güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

5.1-1. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

5.2. Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

5.3. Qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Apelyasiya Komissiyası yaradılır.

5.4. Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir.

5.5. Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasının qərarından narazı qaldıqda, müsabiqənin nəticəsi ilə bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

1. 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2019-cu il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1558)

2. 30 dekabr 2019-cu il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2099)

3. 5 mart 2021-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 278)

4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

5. 8 fevral 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 12 fevral 2024-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 209)

6. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

7. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 861)

8. 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1216)

9. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver