AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması ilə əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası qərara alır:
1. “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (P.Yusifov) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Nazirliyin Aparatının İnformasiya şöbəsi (E.Məmmədov) bu qərarın ümumi təhsil müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.
1. Bu Qayda Azərbaycan Respublikasında peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması məsələlərini tənzimləyir.
2. Bu Qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.
3. Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 2020-ci il 21 may tarixli KQ-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydası”na, yekun attestasiyası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
4. Peşə təhsili pilləsində təhsilalanların peşələr üzrə bilik, bacarıq, səriştə səviyyəsini və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə təhsil proqramının sonunda onların yekun qiymətləndirilməsi keçirilir.
5. Yekun qiymətləndirmə təhsil proqramında yer alan hər bir modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün təhsilalanın səriştəsinin qiymətləndirilməsindən ibarətdir.
6. Təhsilalanların səriştəsinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən yaradılan Dövlət Attestasiya Komissiyası (bundan sonra – DAK) tərəfindən keçirilir. Komissiyanın tərkibinə tələbənin təhsil aldığı peşə təhsili müəssisəsinin direktoru, tədris-istehsalat işləri üzrə direktor müavini, baş usta, ixtisası tədris edən istehsalat təlimi ustaları və sahə üzrə mütəxəssis daxil edilir. DAK-ın sədri DAK-ın üzvləri arasından Agentlik tərəfindən təyin olunur. DAK-ın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, DAK sədrinin səsi həlledicidir.
7. Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.
8. Modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür. Təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.
9. Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur.
10. Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.
11. DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərilməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir.
12. Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirilməsinin nəticələri qeyd edilir.
13. Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət almış təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə 1 (bir) dəfə olmaqla növbəti 2 (iki) il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.
14. Bu Qaydanın 13-cü hissəsinə uyğun olaraq yekun qiymətləndirmədə iştirak etməyənlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na əsasən arayış verilir.
15. Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Agentlik tərəfindən baxılır.