Qanunvericilik › “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2019) › Tam mətn

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2019)

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.05.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 22 may 2019-cu il

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir.

1.2. Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

1.2.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;

1.2.2. peşəkar mühasib təşkilatının üzvü olmaq.

1.3. Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.

2.1. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir.

2.2. Mərkəz bu Qaydaların 3.2-ci bəndi ilə müəyyən edilmiş sertifikatların hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusunu (bundan sonra – tapşırıqlar toplusu) təşkil edən sualları əhatə edən mövzuları (proqramları), tapşırıqlar toplusunu və imtahanların aparılması texnologiyasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) ilə razılaşdırılmaqla müəyyən edir. Tapşırıqlar toplusu Maliyyə Nazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Mərkəzin inzibati binasında qapalı rejimdə təqdim edilir.

2.3. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili ilə əlaqədar Mərkəz aşağıdakıları həyata keçirir:

2.3.1. imtahanların qrafikini müəyyən edir;

2.3.2. tapşırıqlar toplusunu mütəmadi olaraq ekspertizadan keçirir, hər il ən azı 20 faiz yeniləyir və bu Qaydalara uyğun olaraq təsdiq edir;

2.3.3. tapşırıqlar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə, xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;

2.3.4. imtahan tarixindən ən azı bir ay əvvəl sənəd qəbuluna dair elan verir;

2.3.5. imtahanın keçirilməsi ilə əlaqədar bu Qaydaların 2.10-cu bəndində göstərilən sənədləri qəbul edir;

2.3.6. imtahanın nəticəsi üzrə 15 gün müddətində bu Qaydaların 3.2-ci bəndi ilə müəyyən edilmiş müvafiq peşəkar mühasib sertifikatları verir;

2.3.7. imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərlə bağlı məsələlərə baxır və həll edir;

2.3.8. imtahanın keçirilməsinə ən azı 5 (beş) gün qalmış peşəkar mühasib sertifikatı almaq üçün imtahanda iştirak edəcək namizədlərin buraxılış vərəqəsini onların Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetlərində və imtahanın qaydaları barədə məlumatları əks etdirən yaddaş kitabçasını rəsmi internet saytında yerləşdirir;

2.3.9. imtahanların qrafikini rəsmi internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;

2.3.10. imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;

2.3.11. imtahan nəzarətçilərini müəyyən edir.

2.4. Tapşırıqlar toplusu Mərkəz tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmış mütəxəssislər cəlb edilməklə tərtib edilir.

2.5. Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir.

2.6. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

2.7. Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir:

2.7.1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

2.7.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;

2.7.3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları;

2.7.4. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;

2.7.5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;

2.7.6. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları.

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına (ACA/ICAEW - Chartered Accountant Qualification);

2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.9.1. İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı;

2.9.2. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.

2.10. Peşəkar mühasib sertifikatı almaq məqsədilə imtahanın keçirilməsi haqqında elan Mərkəzin rəsmi internet saytında yerləşdirilir. Namizəd imtahanın keçirilməsi haqqında elan verildiyi gündən 30 (otuz) gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərilməklə, Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabineti vasitəsilə aşağıda qeyd edilən sənədlər və ya məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:

2.10.1. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;

2.10.2. bu Qaydaların 2.8-ci və 2.9-cu bəndlərində göstərilən sertifikatların surəti (olduğu halda) və həmin sertifikatların həqiqiliyi haqqında Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş peşəkar mühasib təşkilatı tərəfindən təqdim edilmiş təsdiqedici sənəd.

2.10-1. Mərkəz tərəfindən bu Qaydaların 2.10-cu bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

2.11. Namizəd müraciətində bu Qaydaların 2.10-cu bəndində göstərilmiş sənədlərinin və ya məlumatlarının tamlığını və aktuallığını təsdiq edir.

2.12. İmtahanda iştirak etmək üçün namizədin müraciəti, sənədlərinin və ya məlumatlarının tamlığı və aktuallığı Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. İmtahanda iştirak etmək hüququ olmadıqda, sənədlərində və ya məlumatlarında çatışmazlıq (bu Qaydaların 2.10-1-ci bəndinin tələbi nəzərə alınmaqla) olduğu halda namizədə elektron bildiriş göndərilir. Namizədə çatışmazlıqları aradan qaldırmaq üçün 3 (üç) iş günü müddət verilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd imtahanda iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd imtahanda iştirak etmək üçün qeydə alınmır.

2.13. İmtahan zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

2.13.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

2.13.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr (kalkulyator istisna olmaqla) gətirmək və onlardan istifadə etmək;

2.13.3. imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla girmək, özü ilə tütün məmulatı gətirmək;

2.13.4. səbəbindən asılı olmayaraq, imtahan başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq, imtahanın gedişinə mane olmaq;

2.13.5. səbəbindən asılı olmayaraq, imtahan başlandığı andan 1 (bir) saat müddət bitənədək və imtahanın son 30 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;

2.13.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

2.13.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

2.13.8. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalını tərk etmək.

2.14. Namizədin bu Qaydaların 2.13-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələri ləğv edilir.

2.15. İmtahanın hər bir mərhələsi 3 (üç) saat olmaqla keçirilir.

2.16. İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:

2.16.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

2.16.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları.

2.17. İmtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir. İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli, imtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur.

2.18. İmtahanın ikinci mərhələsində test tapşırıqları aşağıdakı bölgü üzrə təqdim edilir:

2.18.1. imtahanın birinci mərhələsi Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 15 (on beş) qapalı tipli test tapşırığı və 5 (beş) açıq tipli test tapşırığı vergi qanunvericiliyi, 15 qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə;

2.18.2. imtahanın birinci mərhələsi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 15 (on beş) qapalı tipli test tapşırığı və 5 (beş) açıq tipli test tapşırığı vergi qanunvericiliyi, 10 qapalı tipli test tapşırığı büdcə qanunvericiliyi, 5 (beş) qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə.

2.19. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

2.20. Bu Qaydaların 3.2.1-ci, 3.2.2-ci və 3.2.4-cü yarımbəndlərində göstərilmiş sertifikatları əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

2.21. Bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilmiş sertifikatı əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən aşağıda göstərilən balları toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər:

2.21.1. imtahanın birinci mərhələsindən 35-49 və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər;

2.21.2. imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-49 bal toplamış namizədlər.

2.21-1. Namizədin imtahanın istənilən bir mərhələsində topladığı bal bu Qaydaların 3.2-ci bəndində göstərilən sertifikat növlərindən birinin verilməsi üçün yalnız bir dəfə istifadə olunur.

2.21-2. Namizədin imtahanın bir mərhələsində topladığı bal 5 (beş) il qüvvədədir.

2.22. İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.

2.23. İmtahanının nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edə bilər.

2.24. Müraciətə aidiyyəti mütəxəssislər tərəfindən baxılır və namizədə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır və namizədin nəticələri yenilənir.

2.25. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. Sertifikatın əldə edilməsi üçün imtahanın hər bir mərhələsi üzrə ödəniş məbləği bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilmiş sertifikatlar üçün 100 (yüz) manat, 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilmiş sertifikatlar üçün isə 50 (əlli) manat müəyyən edilir. İmtahanın birinci mərhələsindən azad edilən namizədlər imtahanın yalnız ikinci mərhələsi üzrə ödəniş edir.

3.1. Peşəkar mühasib sertifikatının verilməsi üçün imtahanın nəticələri əsasında Mərkəz sertifikatlaşdırılmada iştirak etmiş hər bir namizəd barədə müvafiq qərar qəbul edir.

3.2. İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:

3.2.1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

3.2.2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;

3.2.3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı;

3.2.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.

3.3. Bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

3.3.1. mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;

3.3.2. iri və orta sahibkarlıq subyektlərində;

3.3.3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə.

3.4. Bu Qaydaların 3.2.2-ci yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

3.4.1. ictimai əhəmiyyətli qurumlarda (maliyyə bazarlarını tənzimləyən qanunlarda müəyyən edilən tələblər nəzərə alınmaqla);

3.4.2. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;

3.4.3. bu Qaydaların 3.3-cü bəndində göstərilən mühasibat uçotu subyektlərində.

3.5. Bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.

3.6. Bu Qaydaların 3.2.4-cü yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

3.6.1. mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;

3.6.2. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;

3.6.3. bu Qaydaların 3.5-ci bəndində göstərilən mühasibat uçotu subyektlərində.

3.6-1. İmtahanın ikinci mərhələsinin nəticəsinə əsasən şəxsin bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən sertifikatları əldə etmək hüququ yarandıqda, ona bu Qaydaların 3.2.2-ci yarımbəndində göstərilən sertifikat verilir.

3.7. Bu Qaydaların 3.3−3.6-cı bəndlərində göstərilən mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olan ən azı iki peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

3.8. Bu Qaydaların 3.3−3.6-cı bəndlərində göstərilən mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olmalı, özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

3.9. Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir.

3.10. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.

3.11. Peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan bu Qaydaların 3.10-cu bəndinə uyğun olaraq iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

3.12. Bu Qaydaların 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən sertifikatlardan birlikdə üç dəfə əldə etmiş şəxsə 3.2.1-ci yarımbənddə göstərilən sertifikat ömürlük verilir.

3.13. Bu Qaydaların 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən sertifikatları birlikdə üç dəfə əldə etmiş şəxsə 3.2.3-cü yarımbənddə göstərilən sertifikat ömürlük verilir.

3.14. Peşəkar mühasib sertifikatı bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən formada tərtib edilir və Mərkəzin səlahiyyətli şəxsi tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək elektron sənəd formasında Mərkəzin müvafiq informasiya sistemində formalaşdırılaraq namizədlərin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetləri vasitəsilə təqdim edilir.

3.15. Bu Qaydaların 2.10-1-ci bəndi nəzərə alınmaqla namizəd tərəfindən bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim edilməsi müəyyən edildikdə, namizədin test imtahanında əldə etdiyi nəticələr etibarsız hesab edilir. Mərkəz tərəfindən sertifikatın ləğv olunması barədə müvafiq qərar qəbul edilir və 3 (üç) iş günü ərzində nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan məlumat namizədə və Maliyyə Nazirliyinə elektron qaydada təqdim olunur. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

4.1. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra-dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

4.3. Dövlət reyestrinə aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. peşəkar mühasib sertifikatı almış şəxsin adı, atasının adı soyadı;

4.3.2. peşəkar mühasib sertifikatının seriyası və nömrəsi;

4.3.3. peşəkar mühasib sertifikatının növü;

4.3.4. peşəkar mühasib sertifikatının verilmə tarixi;

4.3.5. peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti;

4.3.6. peşəkar mühasib sertifikatı almış şəxsin üzv olduğu peşəkar mühasib təşkilatının adı;

4.3.7. peşəkar mühasib sertifikatı almış şəxsin əlaqə telefonu;

4.3.8. peşəkar mühasib sertifikatı almış şəxsin elektron poçt ünvanı.

4.4. Bu Qaydaların 4.3.6-cı və 4.3.8-ci yarımbəndlərində göstərilən məlumatlar mövcud olduğu hallarda dövlət reyestrinə daxil edilir.

4.5. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən formada peşəkar mühasib sertifikatı almış şəxslər barədə aylıq məlumatlar Mərkəzin informasiya sistemindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminə real vaxt rejimində ötürülür.

4.6. Peşəkar mühasib sertifikatı almış şəxslər bu Qaydaların 4.3.6-cı yarımbəndində göstərilən məlumatı Maliyyə Nazirliyinə təqdim etdikdən sonra həmin məlumat 5 (beş) iş günü müddətində dövlət reyestrinə daxil edilir.

4.7. Peşəkar mühasib sertifikatında aşağıdakı məlumatlar əks etdirilir:

4.7.1. peşəkar mühasib sertifikatının seriyası, nömrəsi və tarixi;

4.7.2. peşəkar mühasib sertifikatını verən qurumun adını, növünü, verildiyi şəxsin adını, atasının adını, soyadını, qüvvədə olma müddətini əks etdirən məlumat qrafaları;

4.7.3. “Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.” qeydi və aşağı sağ küncündə müvafiq QR kod yerləşdirilsin.

________________________________________________________________________________

Peşəkar mühasib sertifikatının növü:______________________________________________

________________________________________________________________________________

Peşəkar mühasib sertifikatı verilmişdir: ___________________________________________

________________________________________________________________________________

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti: _____________________________

Bu sənəd səlahiyyətli şəxsin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalanmışdır.

Məlumatı tərtib edən qurumun adı ___________________________________________________________________________

1. 11 iyun 2021-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2021-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 675)

2. 28 fevral 2024-cü il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 fevral 2024-cü il, “Xalq” qəzeti, 2 mart 2024-cü il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 241)

3. 16 mart 2024-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 28 mart 2024-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 341)

4. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

5. 15 yanvar 2025-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 yanvar 2025-ci il, “Azərbaycan” qəzeti, 17 yanvar 2025-ci il, № 10, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 83)

6. 24 fevral 2025-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2025-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 206)

7. 19 iyun 2025-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 iyun 2025-ci il, “Xalq” qəzeti, 24 iyun 2025-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 599)

8. 15 may 2026-cı il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 may 2026-cı il, “Azərbaycan” qəzeti, 19 may 2026-cı il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 475)

9. 17 iyul 2026-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul 2026-cı il, “Xalq” qəzeti, 22 iyul 2026-cı il, № 128)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver