Qanunvericilik › Poçt haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-3

Maddə 13-3. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər

Poçt haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-3.1. Bu qanunda və Mərkəzi Bankın normativ xarakterli aktlarında ayrı qayda nəzərdə tutulmadıqda, poçt əmanətlərinin qəbul edilməsinə, poçt hesablarının aparılmasına və milli operatorun həyata keçirdiyi digər maliyyə xidmətləri növlərinə bank fəaliyyətini, habelə ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti tənzimləyən hüquqi aktlar tətbiq edilir. Poçt əmanətlərinə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu şamil olunmur.

13-3.2. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyəti Mərkəzi Bank tərəfindən qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə şamil edilən ayrı-ayrı prudensial normativlərin və tələblərin müəyyən edilməsi yolu ilə tənzimlənir.

13-3.2-1. Milli operatorun ödəniş xidmətləri, o cümlədən elektron pulun emissiyası və (və ya) ekvayrinq üzrə, habelə ödəniş sistemi sahəsində fəaliyyəti “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Qanuna uyğun olaraq həyata keçirilir.

13-3.3. Milli operatorun buraxdığı kredit kartının limiti kart sahibinin poçt əmanətinin məbləğindən artıq ola bilməz. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyət riskini azaltmaq məqsədi ilə Mərkəzi Bank bir əmanətçidən qəbul edilən əmanətin maksimum miqdarını müəyyən edə bilər.

13-3.4. Milli operator qəbul etdiyi poçt əmanətlərini və poçt hesablarının qalıq vəsaitlərini yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, habelə müvafiq icra hakimiyyəti orqanının Mərkəzi Bank ilə birlikdə müəyyən etdiyi investisiya strategiyası çərçivəsində mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, yüksək reytinqli digər maliyyə alətlərində, habelə bu qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada kredit kartları üzrə yerləşdirə bilər.

13-3.5. Milli operator maliyyə xidmətləri göstərdiyi binada (o cümlədən filial və şöbələrin yerləşdiyi binada) Mərkəzi bankdan aldığı lisenziyanın (icazənin) surətini yerləşdirir. Milli operator maliyyə xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.

13-3.6. Milli operator müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

13-3.7. Mərkəzi Bank milli operatorun maliyyə xidmətləri sahəsində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver