Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır:
1) yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar etmək, onlar barəsində öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək;
2) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması üzrə öz səlahiyyətləri daxilində tədbirlər görmək, bu barədə müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə təkliflər vermək;
3) hüquq pozuntuları törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tədbirlər görmək, habelə müvafiq təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər vermək;
4) qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhkəmənin qərarına əsasən yetkinlik yaşına çatmayan şəxsi saxlamaq və yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzinə gətirmək, habelə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsini icazəsiz tərk etmiş yetkinlik yaşına çatmayan şəxsin müəssisəyə qaytarılması üçün tədbirlər görmək.