I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:
1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda;
2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə;
3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;
4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;
5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.
II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.
III. Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına yalnız aşağıdakı hallarda yol verilə bilər:
1) şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;
2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə;
3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda.
III-I. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.
V. Şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.