Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:
1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;
2) odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir;
3) yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər;
4) odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər);
5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;
6) odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır;
7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;
8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir.