I. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir.
II. Polisin əsas vəzifələri aşağıdakılardır:
1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;
2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək;
2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək;
3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək;
5) törədilmiş cinayətləri açmaq;
6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq;
7) cinayətkarları aşkara çıxarmaq və tutmaq;
8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq;
9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq;
10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;
11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək;
12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək;
13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq;
14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq;
15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək;
16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək.
III. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır.