Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında və onların strukturuna daxil olan qurumlarda (bundan sonra bu Qanunun məqsədləri üçün - Azərbaycan Respublikasının Silahlı Qüvvələri), bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tutulmuş və həbs edilmiş hərbi qulluqçuların saxlanıldığı yerlərdə, intizam hissələrində, eləcə də cəzaların hərbi hissələrdə icra edilməsi zamanı qanunlara və hərbi nizamnamələrə əməl olunmasına nəzarət edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində keçirilən idarədaxili yoxlamaların materiallarını tələb edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlamanın aparılmasını, bu məqsədlə mütəxəssislərin ayrılmasını, habelə araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsini təmin edir.
Hərbi Prokurorluq öz vəzifələrini hərbi idarəetmə orqanlarından və komandanlıqdan asılı olmayaraq icra edir.
Hərbi prokurorluqların işçiləri xidməti vəzifələrin icrası ilə əlaqədar bütün hərbi idarəçilik orqanların, hərbi hissələrin, hərbi müəssisə və idarələrin bina və ərazilərinə maneəsiz daxil ola bilərlər.
Azərbaycan Respublikasının Hərbi prokurorluqlarına aiddir:
Azərbaycan Respublikasının Hərbi Prokurorluğu;
Hərbi prokurorluqlar.
Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizonlarının yerləşdiyi ərazilərdə bu prokurorluğun fəaliyyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna vəzifəsinə görə baş prokuror müavini hesab edilən Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edir.
Azərbaycan Respublikasının Hərbi prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. İdarə və şöbələrin rəisləri və müavinləri hərbi prokurorun böyük köməkçiləri və köməkçiləri hesab edilir. İdarə və şöbələrdə prokurorlar və müstəntiqlər təyin edilə bilər.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçilərini Azərbaycan Respublikasının baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikasının hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.
Azərbaycan Respublikasının hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Hərbi Prokurorluğun bütün işçiləri üçün məcburidir.
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda məşvərətçi orqan olan və Azərbaycan Respublikasının hərbi prokuroru rəhbərlik edən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası yaradılır.
Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının hərbi prokuroru, onun müavinləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və digər rəhbər işçiləri daxildirlər.
Kollegiyanın tərkibini Azərbaycan Respublikası Hərbi Prokurorluğun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.
Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş həddə fəaliyyət göstərir.
Hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər.
Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir.