Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. həkim-psixiatr - qanunvericilikdə müəyyən olunmuş qaydada psixiatriya fəaliyyəti ilə məşğul olan mütəxəssis;

1.0.2. baş psixiatr - psixiatriya yardımı sahəsində ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən mütəxəssis;

1.0.3. hospitallaşdırma - şəxsin psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;

1.0.4. qeyri-könüllü hospitallaşdırma – bu Qanunla müəyyən edilmiş əsaslar olduqda, cinayət törətməmiş ağır psixi pozuntusu (xəstəlik) olan şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;

1.0.5. məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) - anlaqsız vəziyyətdə cinayət törətmiş və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, yaxud anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında psixiatriya müəssisəsinə müayinə və müalicə məqsədi ilə yerləşdirilməsi;

1.0.6. məlumatlandırılmış razılıq – pasiyentin və ya onun qanuni nümayəndəsinin müalicə haqqında könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, müddəti və metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşdüyünü bildirməsi;

1.0.7. təxirəsalınmaz psixiatriya yardımı - şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) qərarı əsasında göstərilən psixiatriya yardımı;

1.0.8. pasiyent - psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxs;

1.0.9. psixiatriya yardımı - pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixo-sosial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü;

1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi;

1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver