Qanunvericilik › Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. psixoloji yardım – psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər;

1.0.2. psixoloq – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs;

1.0.3. psixoloji yardım alan şəxs – mürəkkəb psixoloji vəziyyətlə bağlı psixoloji yardım göstərən şəxsə müraciət edən şəxs (şəxslər);

1.0.4. psixoloji yardım standartları – psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən minimum tələblərin məcmusu;

1.0.5. ilkin psixoloji yardım – fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərdə kəskin stress əlamətlərinin azaldılması və əsas insani tələbatların ödənilməsinə yönəlmiş qeyri-ixtisaslaşdırılmış tədbirlər;

1.0.6. psixoanaliz – psixi pozuntuların müalicəsinə dair psixoloji nəzəriyyə və psixoterapevtik müalicə üsulu;

1.0.7. böhran vəziyyəti – şəxsin müstəqil aradan qaldıra bilmədiyi və psixoloji problemlərin yaranmasına səbəb olan hallar;

1.0.8. təcili psixoloji yardım – böhran vəziyyətində olan şəxslərə göstərilən ixtisaslaşdırılmış psixoloji yardım;

1.0.9. ailə terapiyası – ailələrə psixoloji yardım göstərilməsinə yönəlmiş psixoterapiyanın müstəqil bölməsi;

1.0.10. davranış psixologiyası – davranış prinsiplərini öyrənən psixologiya sahəsi;

1.0.11. neyropsixologiya – psixoloji proseslərlə əlaqədar mərkəzi sinir sisteminin strukturu və funksiyalarını öyrənən psixologiya sahəsi;

1.0.12. psixopatologiya – psixi fəaliyyətin pozulmasını öyrənən psixologiya sahəsi;

1.0.13. klinik (tibbi) psixologiya – psixi halların xəstəliklərlə qarşılıqlı əlaqəsini öyrənən psixologiya sahəsi;

1.0.14. klinik (tibbi) psixoloq – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, təhsili klinik (tibbi) psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan və ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi olan və tibb müəssisələrində psixoloji yardım göstərmək hüququ olan şəxs;

1.0.15. psixoloji problem – şəxsin özü, peşə fəaliyyəti, şəxsiyyətlərarası münasibətlər, ailə vəziyyəti və (və ya) şəxsi həyatının digər problemləri ilə bağlı psixoloji narahatlığı;

1.0.16. klinik psixoloji yardım – klinik (tibbi) psixoloqlar tərəfindən psixoterapiya, psixoloji müayinə (diaqnostika), psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə psixoloji məsləhət formalarında göstərilən psixoloji yardım.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver