Qanunvericilik › “Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020) › Tam mətn

“Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020)

“Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 16.10.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il

1.1. Bu Tələblər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri müəyyən edir.

1.2. Bu Tələblərin müddəaları “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həkim tərəfindən həyata keçirilən psixiatriya yardımına, Azərbaycan Respublikasının inzibati xətalar, cinayət və mülki prosessual qanunvericiliyinə əsasən təyin edilmiş psixoloji ekspertizaya, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla əlaqədar psixoloji müayinəyə şamil edilmir.

1.3. Psixoloji yardım “Psixoloji yardım haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla təşkil edilir.

1.4. Psixoloji yardım könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilməlidir.

2.1. Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın növlərinə dair ümumi minimum tələblər aşağıdakılardır:

2.1.1. vasitəli və təcili psixoloji yardım istisna olmaqla, psixoloji yardımın növünə uyğun olaraq əyani materiallarla və zəruri avadanlıqla təchiz edilmiş psixoloji yardım kabinetində göstərilməsi;

2.1.2. göstərilən psixoloji yardımın nəticələrinin qeydiyyatının aparılması;

2.1.3. ünsiyyət nəticəsində psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin psixoloji narahatçılığına səbəb olan halların müəyyən edilməsi və həmin halların yaratdığı psixoloji gərginliyin aradan qaldırılmasına yönəlmiş ilkin yardımın göstərilməsi;

2.1.4. psixoloji yardım almaq üçün müraciət etmiş şəxslə birlikdə göstəriləcək psixoloji yardımın növünün seçilməsi;

2.1.5. psixoloji yardımın psixoloqun peşə etikasına riayət etməklə göstərilməsi.

2.2. Qanunun 4.1.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji profilaktika və maarifləndirmə növünə dair minimum tələblər aşağıdakılardır:

2.2.1. sağlam həyat tərzinin dəstəklənməsi, psixoloji problemlərin həlli, stressin idarə olunması, psixi problemlərin yaranmasına səbəb olan hallara dair təbliğat işinin təşkili və bu barədə məlumatlandırmanın aparılması;

2.2.2. psixoloji yardım alan şəxslərin və (və ya) onların qanuni nümayəndələrinin psixi sağlamlıqla bağlı məlumatlandırılması.

2.3. Qanunun 4.1.2-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji konsultasiya növünə dair minimum tələblər aşağıdakılardır:

2.3.1. emosional dəstək və psixoloji problemlərin həllinə kömək göstərilməsi;

2.3.2. ətrafdakı reallığa adekvat münasibətin və müxtəlif vəziyyətlərdə seçim etmək bacarığının inkişaf etdirilməsi;

2.3.3. şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin, cəmiyyətdə baş verən hadisələrə münasibətdə meyil və maraqlarının müzakirə edilməsi.

2.4. Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji dəstək növünə dair minimum tələblər aşağıdakılardır:

2.4.1. şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkarlanması;

2.4.2. aşkarlanmış psixoloji problemlərin qarşısının alınması;

2.4.3. şəxsin cəmiyyətə inteqrasiyası və psixi gərginliyinin azaldılması.

2.5. Qanunun 4.1.4-cü maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji müayinə (diaqnostika) növünə dair minimum tələblər aşağıdakılardır:

2.5.1. verbal (şifahi ünsiyyət) və ya davranışın müşahidəsi üsulundan istifadə etməklə, şəxsin psixoloji vəziyyətinin və psixoloji problemlərinin müəyyən edilməsi;

2.5.2. şəxsin psixoloji vəziyyətinin, psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntularının psixoloji testlər vasitəsilə müəyyənləşdirilməsi və qiymətləndirilməsi.

2.6. Qanunun 4.1.5-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoterapiya növünə dair minimum tələblər aşağıdakılardır:

2.6.1. psixoloji yardım almaq üçün müraciət edən şəxsin disfunksional fikirlərinin və davranışlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi;

2.6.2. psixi problemlərin məşğələ müddətində keçmişə istiqamətlənmiş suallar vasitəsilə araşdırılması və problemlərin səbəblərinə yönəldilərək aydınlaşdırılması;

2.6.3. problemlərin həlli üsulunun özü tərəfindən tapılmasına yardım edilməsi;

2.6.4. şəxsiyyətlərarası münasibətlərdə müşahidə edilən çətinliklərin aradan qaldırılmasına yardım edilməsi.

2.7. Qanunun 4.1.6-cı maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji reabilitasiya və psixoloji korreksiya növünə dair minimum tələblər aşağıdakılardır:

2.7.1. psixoloji diaqnostikanın nəticələri əsasında psixoloji korreksiya istiqamətlərinin müəyyən edilməsi və zəruri metodiki materialların seçilməsi;

2.7.2. sosial adaptasiyanın azalması və itirilməsi hallarının bərpası;

2.7.3. yardımın keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə psixoloqun digər ixtisaslı mütəxəssislərlə birlikdə psixoloji yardım göstərməsi;

2.7.4. psixoloji yardım almaq üçün müraciət edən şəxsin yaş, cins və digər xüsusiyyətləri nəzərə alınmaqla, fərdi psixoloji yardım planının hazırlanması və həmin plana uyğun psixoloji yardım göstərilməsi;

2.7.5. psixoloqun digər ixtisaslı mütəxəssislərlə birlikdə fərdi psixoloji yardım və inkişaf planları hazırlaması və onun yerinə yetirilməsində iştirak etməsi.

2.8. Qanunun 4.1.7-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji treninq (psixoloji təlim) növünə dair minimum tələblər aşağıdakılardır:

2.8.1. psixoloji treninqin (psixoloji təlimin) mövzusunun, formasının və keçirilmə texnologiyasının müəyyən edilməsi;

2.8.2. təşkilati məsələlərin (məşğələlərin keçirilmə tezliyinin, davametmə müddətinin və s.) müəyyən edilməsi;

2.8.3. təlimin aparılması üçün lazımi materialların seçilməsi;

2.8.4. təlim iştirakçıları arasında psixoloji təhlükəsizlik və sərbəst ünsiyyət mühitinin yaradılması;

2.8.5. psixologiya sahəsi ilə bağlı yeni biliklərin əldə edilməsi, vərdişlərin və münasibətlərin inkişafı.

3.1. Qanunun 4.2.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın formalarına dair minimum tələblər aşağıdakılardır:

3.1.1. bilavasitə psixoloji yardıma münasibətdə – psixoloji yardım alan şəxslə psixoloqun canlı ünsiyyətinin təmin edilməsi, psixoloji yardımın əyani materiallarla təchiz edilmiş psixoloji yardım kabinetində həyata keçirilməsi;

3.1.2. vasitəli psixoloji yardıma münasibətdə – psixoloji yardımın telefon, internet və digər texniki vasitələrdən istifadə yolu ilə, konfidensiallıq prinsipi əsasında təmin edilməsi.

3.2. Qanunun 4.2.2-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın formalarına dair minimum tələblər (iştirakçıların sayı və tərkibi nəzərə alınmaqla) aşağıdakılardır:

3.2.1. fərdi psixoloji yardıma münasibətdə – psixoloji yardım göstərilməsi prosesinin digər şəxslər tərəfindən izlənilməsi imkanının istisna olunması, konfidensiallığın və təhlükəsizliyin təmin edilməsi;

3.2.2. ailəyə göstərilən psixoloji yardıma münasibətdə – psixoloji yardım göstərilməsi prosesinin ailə üzvlərindən kənar digər şəxslər tərəfindən izlənilməsi imkanının istisna edilməsi, ailə üzvlərinin fərdi xüsusiyyətlərinin nəzərə alınması, problemlərin aşkara çıxarılması və həlli yolları barədə məsləhətlərin verilməsi;

3.2.3. qrup halında göstərilən psixoloji yardıma münasibətdə – psixoloqun və ya klinik (tibbi) psixoloqun rəhbərliyi ilə psixoloji yardım alan şəxslərin birgə fəaliyyəti, qrupda istifadə ediləcək tematik planların və (və ya) proqramların işlənib hazırlanması, məşğələlərin həmin plana və (və ya) proqramlara uyğun və müvafiq qaydada təchiz edilmiş (ən azı iştirakçıların sayı qədər stul olan, əlavə səs-küyün olmadığı) otaqda keçirilməsi.

3.3. Qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulan davametmə müddətindən asılı olaraq, psixoloji yardımın formasına dair minimum tələblər aşağıdakılardır:

3.3.1. təcili psixoloji yardıma münasibətdə – psixoloq və ya klinik (tibbi) psixoloq tərəfindən kəskin stress vəziyyətində olan (böhran vəziyyəti), neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirəsalınmadan, fərdi və ya qrup şəklində, bilavasitə yerində və ya vasitəli formada göstərilməsi;

3.3.2. birdəfəlik psixoloji yardıma münasibətdə – psixoloji maarifləndirmə, müayinə və konsultasiya növündə psixoloji yardımın bir dəfə göstərilməsi;

3.3.3. qısamüddətli psixoloji yardıma (12 (on iki) məşğələyə qədər) münasibətdə – psixoloji yardımın növü və psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla, psixoloji yardımın 3 (üç) ay müddətində ardıcıl şəkildə həyata keçirilməsi;

3.3.4. uzunmüddətli psixoloji yardıma (12 (on iki) məşğələdən çox) münasibətdə – gözlənilən nəticələrə nail olmaq üçün 12 (on iki) məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsi.

4.1. Psixoloji yardımın müddəti psixoloq və ya klinik (tibbi) psixoloq tərəfindən psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin yaşı, cinsi, yaşayış şəraiti və psixoloji problemləri nəzərə alınmaqla müəyyən edilir.

4.2. İştirakçı sayından və tərkibindən asılı olaraq, psixoloji yardım məşğələlərinin minimum müddətləri aşağıdakı kimidir:

4.2.1. fərdi psixoloji yardım zamanı ilk məşğələ – 30 (otuz) dəqiqədən az olmayaraq, sonrakı məşğələlər – 15 (on beş) dəqiqədən az olmayaraq;

4.2.2. ailəyə göstərilən və qrup halında göstərilən psixoloji yardım zamanı hər məşğələ – 60 (altmış) dəqiqədən az olmayaraq.

5.1. Psixoloji yardımın keyfiyyətinə dair minimum tələblər aşağıdakılardır:

5.1.1. psixoloji yardımın aidiyyəti mütəxəssislərlə əməkdaşlıq və koordinasiya prinsipinə əsaslanaraq göstərilməsi;

5.1.2. psixoloji yardımın vaxtında həyata keçirilməsi;

5.1.3. psixoloji yardımın göstərilmə metodlarının düzgün seçilməsi;

5.1.4. psixoloji yardımın zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuş yerlərdə göstərilməsi.

6.1. Psixoloji yardım göstərilən müəssisədə psixoloji yardımın bu sənədlə müəyyən edilmiş minimum tələblərə uyğun olaraq göstərilməsinə həmin müəssisənin rəhbəri və ya onun müəyyən etdiyi məsul şəxs tərəfindən nəzarət edilir.

6.2. Tibb müəssisəsinin rəhbəri növbəti ilin ilk 10 (on) iş günü müddətində Tibb müəssisəsində göstərilən psixoloji yardımla bağlı illik hesabatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim etməlidir.

1. 2 noyabr 2021-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1259)

2. 13 mart 2024-cü il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 330)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver