Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.
Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir.
Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satın-alarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir.