“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qanın, qan komponentlərinin pullu donorluğunun Qaydası və Şərtləri” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 13 fevral 2006-cı il Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1. Bu Qayda “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun hazırlanmışdır və qanın, qan komponentlərinin pullu donorluğunun qayda və şərtlərini müəyyən edir.
2. Qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər.
3. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan xidməti müəssisəsinə (qan bankına) donorların çağırışı üzrə məsul işçisi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.
4. Qan xidməti müəssisələrində (qan banklarında) qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər.
5. Pullu donorlara Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcmindən asılı olaraq, müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
6. Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar.
Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunurlar.
7. Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunurlar.
8. Donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə işləyən donora müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.