Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. balanslaşdırma – qaz təchizatı sisteminin balansını əməliyyat limitləri daxilində saxlamaq məqsədilə, qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsinə qazı tələbata uyğun həcmlərdə verməklə və ya həmin şəbəkədən izafi qaz həcmlərini götürməklə qaz axınının tənzimlənməsi üzrə görülən tədbirlərin məcmusu;

1.1.2. fiziki qoşulma – sifarişçinin qaz qurğularına qazın verilməsi üçün çəkilmiş qaz xəttinin qazpaylayıcı sistem operatorunun təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;

1.1.3. istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;

1.1.4. iri istehlakçı – tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş və (və ya) illik qaz sərfiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə və ondan yuxarı olan istehlakçı;

1.1.5. ixtisaslaşmış podratçı – işçiləri bu Qanunla müəyyən edilmiş qaydada ixtisas attestatı alan, texniki xidməti həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.1.6. qaz – hasil edilən təbii qaz, neft (səmt) qazı, qaz-kondensat yataqlarının qazı;

1.1.7. qaz qurğusu – qazın yanacaq və ya xammal kimi istehlakı prosesində istifadə olunan, texniki reqlamentlərin tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qurğu;

1.1.8. qaz satıcısı – topdan satıcı və pərakəndə satıcı;

1.1.9. qazın satışı – qazın topdan və pərakəndə satışı üzrə fəaliyyət;

1.1.10. qaz şəbəkələri – qazın nəqli şəbəkəsi və qazpaylayıcı şəbəkə;

1.1.11. qaz təchizatı sisteminə dair qaydalar – qaz təchizatı sektorunda icazə şərtlərini, habelə qaz təchizatı sisteminin planlaşdırılması, inkişafı, tikintisi, quraşdırılması, istismarı, dispetçer idarəetməsi və informasiya texnologiyaları idarəetmə sistemlərinin təşkili, qəzaların qarşısının alınması və aradan qaldırılması, qaz şəbəkələrinə qoşulma və balanslaşdırma ilə bağlı qaz təchizatı subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyən sənəd;

1.1.12. qaz təchizatı obyekti – qazın nəqli, paylanması, saxlanması, satışı, istifadəsi, istehlakı, həmçinin idxalı üçün istifadə olunan avadanlıq, boru kəmərləri, qurğular və onlara aid tikililərin məcmusu;

1.1.13. qaz təchizatı sektoru – qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı üzrə fəaliyyət növlərinin məcmusu;

1.1.14. qaz təchizatı sistemi – qaz şəbəkələri, yeraltı qaz anbarları və digər qaz təchizatı obyektlərinin məcmusu;

1.1.15. qaz təchizatı subyektləri – bu Qanunla müəyyən olunmuş qaydada qazın nəqli, paylanması, saxlanması, satışı və idxalı fəaliyyətini həyata keçirən hüquqi şəxslər;

1.1.16. qazın nəqli – qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsi vasitəsilə qazın daşınması;

1.1.17. qazın nəqli şəbəkəsi – qazın nəqli üçün istifadə olunan və qaz nəqli sistem operatorunun balansında olan boru kəmərləri şəbəkəsi;

1.1.18. qaz nəqli sistem operatoru – qazın nəqlini həyata keçirən hüquqi şəxs;

1.1.19. qazın paylanması – qazpaylayıcı sistem operatoru tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə qazın istehlakçılara çatdırılması;

1.1.20. qazın saxlanması – qaz nəqli sistem operatorunun öz funksiyalarını yerinə yetirməsi üçün ehtiyat kimi saxlanılan qaz istisna olmaqla, qazın yeraltı qaz anbarlarına vurulması, saxlanması və götürülməsi xidmətlərinin məcmusu;

1.1.21. qazın saxlanması sistem operatoru – yeraltı qaz anbarında qazın saxlanmasını həyata keçirən hüquqi şəxs;

1.1.22. qazdan istifadə qaydaları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən və qazın pərakəndə satışı ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyən sənəd;

1.1.23. qazpaylayıcı sistem operatoru – istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını həyata keçirən hüquqi şəxs;

1.1.24. qazpaylayıcı şəbəkə – qazın paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat kompleksi (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı);

1.1.25. qeyri-məişət istehlakçısı – bu Qanunun 1.1.30-cu maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla, digər istehlakçılar;

1.1.26. qoşulma nöqtəsi – tikinti obyektinin qaz xəttinin qaz şəbəkəsinə fiziki qoşulma yeri;

1.1.27. kommersiya uçotu – qazın nəqli, paylanması, saxlanması və satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən qazın həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

1.1.28. kommersiya uçotu qaydaları – qaz təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən sənəd;

1.1.29. məişət qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;

1.1.30. məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs;

1.1.31. müayinə – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət;

1.1.32. mövcud qazpaylayıcı şəbəkə – ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə təzyiqi 0,3 Mpa-dək olan, həmçinin tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək düz xətt üzrə 100 metr təşkil edən məsafədə yerləşən şəbəkə;

1.1.33. pərakəndə satıcı – istehlakçılara qazın pərakəndə satışını həyata keçirən hüquqi şəxs;

1.1.34. sabit tarif – qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;

1.1.35. sənaye qaz qurğusu – qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan və ya qeyri-məişət ehtiyacları üçün istifadə olunan qaz qurğusu;

1.1.36. sistem operatoru – qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru;

1.1.37. texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

1.1.38. texniki xidmət – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri;

1.1.39. texnoloji qoşulma – qazpaylayıcı sistem operatoru ilə bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək qaz xətlərinin tikintisinə (çəkilməsinə) və ya əlavə qaz həcmi alınmasına dair layihənin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmət;

1.1.40. topdan satıcı – qazın topdansatışı və idxalı fəaliyyətlərini həyata keçirən hüquqi şəxs;

1.1.41. tənzimləyici – qazın nəqli, paylanması, saxlanması, satışı və istehlakı sahələrində dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum;

1.1.42. tüstü bacası – yanma məhsullarının (tüstü qazlarının) qaz qurğularından sorularaq atmosferə atılmasını təmin edən boru.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver