Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Qazın saxlanması

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Qazın saxlanması qazın saxlanması sistem operatoru tərəfindən həyata keçirilir. Qazın saxlanması sistem operatoru qazın saxlanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir.

10.2. Qazın saxlanması sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

10.3. Qazın saxlanması sistem operatorunun vəzifələri aşağıdakılardır:

10.3.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

10.3.2. yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;

10.3.3. yeraltı qaz anbarlarının istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlarla bu Qanunun 16.1.5-ci maddəsinə əsasən bağlanılmış müqavilələr əsasında qazın saxlanmasını həyata keçirmək;

10.3.4. qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;

10.3.5. qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

10.3.6. maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları bu Qanunun 5.1.2-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tənzimləyiciyə təqdim etmək;

10.3.7. saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək.

10.4. Qazın saxlanması sistem operatorunun hüquqları aşağıdakılardır:

10.4.1. qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;

10.4.2. yeraltı qaz anbarlarında qaz itkilərinin kompensasiyası üçün qaz almaq;

10.4.3. bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulan hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver