14.1. Tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.
14.2. Tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların qaz şəbəkəsinə qoşulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və qaz təchizatı sisteminə dair qaydalarla tənzimlənir.
14.3. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən onun qoşulduğu müvafiq qaz şəbəkəsinin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya müvafiq sistem operatoru tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin müvafiq qaz şəbəkəsinə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri müvafiq sistem operatoruna tənzimləyicinin müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
14.4. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qazpaylayıcı sistem operatoruna tənzimləyicinin müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
14.5. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.
14.6. Tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması üçün qaz təchizatı sisteminə dair qaydaların tələbləri yerinə yetirildikdən və qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tikinti obyektlərini qaz şəbəkəsinə qoşmalıdır.
14.7. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.
14.8. Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti, digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab edilir.
14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.