Qanunvericilik › Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Qaz təchizatı sektorunda təhlükəsizlik

Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Qaz təchizatı obyektlərinin texniki təhlükəsizliyinə dair tələblər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilir.

24.2. Qaz təchizatı obyekti qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin texniki normativ hüquqi aktlara və qaz təchizatı sektorunu tənzimləyən normativ xarakterli aktlara uyğunluğunu təmin etməli və təhlükəli təsirlərdən mühafizə olunmalıdır.

24.3. Qaz təchizatı sistemində hər hansı real və potensial təhlükə yaranarsa qaz təchizatı subyektləri dərhal tənzimləyiciyə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və aidiyyəti sistem operatoruna məlumat verməlidirlər. Qazın nəqli şəbəkəsində qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması qaz nəqli sistem operatoru tərəfindən, qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması isə tənzimləyici cəlb edilməklə qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir.

24.4. Qaz təchizatı sistemlərinin təhlükə potensiallı obyektlərində “Texniki təhlükəsizlik haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar keçirilir.

24.5. Qaz təchizatı obyektləri texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğun olmalı və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmalıdır.

24.6. İstehlakçılar qaz qurğularının və boru kəmərlərinin təhlükəli vəziyyətdə istismar edilməsinə, texniki reqlamentlərin tələblərinə uyğun gəlməyən qaz qurğularının quraşdırılmasına, qaz qurğularının təhlükəsiz istismarına maneə törədən müdaxiləyə görə cavabdehdirlər. Qapalı məkanlarda (o cümlədən, yaşayış evlərində) quraşdırılan qaz qurğularının istehlakçıları həmin məkanlarda qaz sızmasını və dəm qazını təsbit edən cihaz (detektor) quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.

24.7. Qaz təchizatı obyektlərində təhlükəsizlik qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

24.8. Qaz təchizatı obyektlərinin texniki istismar qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver