4.1. Qaz təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
4.1.1. qaz təchizatı sisteminin etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi;
4.1.2. qaz təchizatı sektorunda idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
4.1.3. qaz təchizatı subyektlərinin xidmətlərindən, habelə qaz şəbəkəsindən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması.
4.2. Qaz təchizatı sektorunda dövlət tənzimləməsinin məqsədləri aşağıdakılardır:
4.2.1. enerji təhlükəsizliyinin təmin edilməsi;
4.2.2. qaz təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
4.2.3. istehlakçıların fasiləsiz və təhlükəsiz olaraq etibarlı, keyfiyyətli və əlçatan qaz ilə təmin edilməsi.
4.3. Qaz təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılardır:
4.3.1. regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
4.3.2. əlverişli investisiya mühitinin yaradılması;
4.3.3. qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
4.3.4. qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
4.3.5. istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
4.3.6. təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
4.3.7. enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
4.3.8. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
4.3.9. qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
4.3.10. qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
4.3.11. istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
4.3.12. qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.