İnsanın həyat və sağlamlığının qorunması onun vətəndaşı olduğu dövlətin ali məqsədlərindən biridir. Bu müddəa, yəni insanın azadlıq hüququ və təhlükəsiz yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 27 və 31-ci maddələrində öz əksini tapmışdır. Ona görə də təhlükəli cinayətlərdən sayılan qəsdən adam öldürmə cinayətləri üzrə qanunların düzgün tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir.
Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bu işlər üzrə qanunlar məhkəmələr tərəfindən əsasən düzgün tətbiq edilir. Eyni zamanda bu kateqoriyadan olan işlərə baxılarkən ciddi qanun pozuntularına yol verilməsi halları da mövcuddur. Bu bir tərəfdən də yeni cinayət qanunvericiliyinin qəbul edilməsi və tətbiqi ilə əlaqədardır. Çünki, yeni cinayət qanunvericiliyi bu cinayətlər üzrə əvvəlkindən fərqli bir sıra yeni tövsifedici əlamətlər müəyyən etmişdir.
Bu növ cinayətlər üzrə qanunun tətbiqində yol verilən əsas nöqsanlar sırasına məhkəmələrin qəsdən adam öldürmə cinayətlərini ehtiyatçızlıqdan adam öldürmə, şəxsin ölümünə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurma, ölümlə hədələmə, xuliqanlıq kimi cinayətlərdən bəzən fərqləndirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 120-ci maddəsində sadalanan tövsifedici əlamətlərə düzgün hüquqi qiymətlər verilməməsi kimi halları aid etmək olar.
Məhkəmələr tərəfindən cəzaların təyini zamanı CM-in 58-61-ci maddələrinin müddəalarının düzgün anlaşılmaması hallarına da yol verilir.
Qəsdən adam öldürmə işləri üzrə qanunların məhkəmələr tərəfindən dürüst və eyni cür başa düşülməsi, bu növ cinayətlərdə təqsirli bilinən şəxslərin qanuna müvafiq surətdə cəzalandırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin.
İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.
2. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.
3. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur.
Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.
4. CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
5. Qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir.
Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun.
Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.
Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir.
Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır.
Şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan və yaxud anlaqlılığı istisna edən psixi xəstəliyi səbəbindən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsdən istifadə etməklə (onlar vasitəsilə) qəsdən adam öldürmə cinayətini törətdikdə, o, CM-in 32.2-ci maddəsinə əsasən, cinayətin icraçısı hesab edilir və bu halda, eləcə də qeyd edilən məsuliyyətə cəlb edilə bilməyən şəxslərin köməyindən hər hansı başqa şəkildə istifadə olunmaqla qəsdən adam öldürmə cinayəti törədildikdə, hətta cinayətin icraçısı yanlışlıqla bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilə bilən şəxs olduqlarını zənn etdiyi hallarda belə, əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət kimi CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki iştirakçılıqla törədilən cinayətlər üçün zəruri şərt olaraq yalnız zahiri cəhətdən deyil, həm də psixi aspektdə birgəlik, yəni cinayətin törədilməsi üçün səylərin birləşdirilməsinin (bunun ictimai təhlükəli xarakterinin) cinayətin törədilməsinə cəlb olunan bütün şəxslər tərəfindən (yalnız icraçı tərəfindən deyil) dərk edilməsi tələb olunur. Lakin qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinin 14 yaş olaraq müəyyən edilməsi və anlaqsız şəxslərin cinayət məsuliyyətinin istisna edilməsi məhz ondan irəli gəlir ki, bu yaşa çatmayan, eləcə də anlaqsız hesab edilmiş şəxslər öz əməllərinin ictimai təhlükəli xarakterini, o cümlədən hərəkətlərinin (hərəkətsizliyin) ictimai təhlükəli əmələ töhfə verən xarakterdə olmasını (cinayətin törədilməsi üçün səylərin birləşdirilməsini) dərk etmirlər. Qeyd olunan hal isə birgəliyin mövcud olmadığını göstərir və təqsirkarın cinayət məsuliyyətinə cəlb edilə bilməyən başqa şəxsləri cəlb etməklə törətdiyi cinayətin CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-in 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qəsdən adam öldürmə cinayəti törədildikdə bu cinayətin iştirakçılarının əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, 218-ci maddəsi ilə də tövsif edilməlidir.
6. Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).
Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır.
Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.
Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır.
7. Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Odur ki, qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır.
Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür.
İctimai borcunu yerinə yetirmək dedikdə isə şəxslərin həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür.
Yaxın qohumlar anlayışı CPM-nin 7.0.32-ci maddəsində verilmişdir.
8. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir.
Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.
Meyid üzərində təhqiredici hərəkətlər özlüyündə qəsdən adam öldürmənin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Qəsdən adam öldürmə ərəfəsində və ya bu cinayətin törədilməsi prosesində təqsirkarın xüsusi amansızlıq göstərdiyini təsdiq edən məlumatlar olmadıqda bu əməllər qəsdən adam öldürməni nəzərdə tutan müvafiq maddə ilə yanaşı meyid üzərində təhqiredici hərəkətlərə görə CM-nin 245-ci maddəsi ilə də tövsif edilməlidir.
Cinayətin gizlədilməsi məqsədilə meyidin məhv edilməsi və ya hissələrə parçalanması xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz.
Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur.
Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir.
Qəsdən adam öldürmə cinayətləri zamanı xarakterinə görə bir neçə şəxsi həyatdan məhrum etmə xüsusiyyətinə malik olan yandırmaq, partlatmaq, zəhərləmək, dağıtmaq, qəzalar törətmək və sairə bu kimi üsul və vasitələrdən istifadə edilsə də, qəsdin yönəldiyi şəxsdən əlavə digər şəxsin həyat və sağlamlığı üçün real təhlükə istisna edilməklə bərabər, bu xüsusat təqsirkar tərəfindən dərk olunduqda, yalnız seçilmiş üsula görə əməl ümumi təhlükəli üsulla törədilmiş qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilməz. Məsələn, təqsirkar özündən və zərərçəkmiş şəxsdən başqa heç kimin olmadığı dərin xəndəyin içərisində, bu hal ona aşkar surətdə məlum olduğu vəziyyətdə odlu silahdan avtomatik rejimdə atəş açmaqla zərərçəkmişi qəsdən öldürürsə, digər şəxsin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olmadığından əməlin ümumi təhlükəli üsulla törədilməsi əlaməti üzrə tövsif olunması üçün də əsas yaranmır.
Partlatmaqla, yandırmaqla və digər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CM-nin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir.
9. Təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (CM-in 120.2.5-ci maddəsi) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun.
Cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur.
Zərərçəkmiş şəxsin orqan və ya toxumalarından istifadə etmək məqsədilə qəsdən adam öldürmə cinayətinin subyekti tibb işçiləri ilə yanaşı başqa şəxslər də ola bilər. Birbaşa qəsdlə törədilən belə cinayətlərin motivi həm tamah məqsədilə, həm də başqa səbəblərdən (məsələn yaxın adamın həyatını zərərçəkmişin həyatı bahasına xilas etmək və s.) ola bilər.
Təqsirkar şəxsin özgə əmlakını ələ keçirməsinə dair qəsdi zərərçəkmişin digər səbəb və motivlərlə öldürülməsindən sonra yarandıqda bu əməllər CM-nin 120.2.5-ci maddəsi ilə deyil, törədilmiş cinayətin motivindən, səbəbindən və üsulundan asılı olaraq CM-nin 120.1 və 120.2.-ci maddələri və həmin Məcəllənin 177-ci maddəsi ilə tövsif edilməlidir.
10. Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə (CM-nin 120.2.6-cı maddəsi) birbaşa qəsdlə həyata keçirilir. Bu zaman təqsirkar artıq törədilmiş, yaxud gələcəkdə törədiləcək (özü, yaxud başqası tərəfindən) cinayəti gizlətmək məqsədilə başqasını həyatdan qəsdən məhrum edir. Belə cinayətlərdə zərərçəkmiş şəxs qismində artıq törədilmiş cinayətin şahidləri, yaxud cinayətin sübutlarını özündə saxlayan və ya belə sübutların olduğu güman edilən şəxslər keçə bilər.
Başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən adam öldürmə cinayəti onunla xarakterizə olunur ki, təqsirkar gələcəkdə törədiləcək cinayətə mane ola bilən şəxsi qətlə yetirir. Belə hərəkətlər həm törədilməsi nəzərdə tutulmuş cinayət baş verənədək, həm də cinayətin törədilməsi prosesində həyata keçirilə bilər.
Başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə qəsdən adam öldürmə, eyni zamanda CM-in 120.2-ci maddəsində təsbit edilən başqa məqsədlə törədilən əməllər kimi qiymətləndirilə bilməz.
CM-in 120.2.6-cı maddəsi ilə həm də zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə cinayəti tövsif edilir. Bu növ cinayətlər zamanı təqsirkar ya zorlama prosesində zərərçəkmişin fəal müqavimətini aradan qaldırmaq məqsədilə, ya da digər alçaq niyyətlə (məsələn, sadizm) adam öldürür. Belə adam öldürmə həmçinin zorlama, yaxud seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar cinayətdən sonra həmin cinayəti gizlətmək məqsədilə də həyata keçirilə bilər. Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə hadisəsi cinayətin törədilməsi prosesində əsasən dolayı qəsdlə xarakterizə olunduğu halda, hadisədən sonra cinayəti gizlətmək məqsədilə zərərçəkmişi və ya hadisənin şahidini öldürmə birbaşa qəsdlə həyata keçirilir. Belə cinayət işləri üzrə zərərçəkmiş qismində hər iki cinsdən olan şəxs keçə bilər.
Bu cinayətlər üzrə təqsirkar, eyni zamanda zərərçəkmişin cinsi azadlığına və həyatına qəsd etdiyindən onun əməli CM-nin 120.2.6 və 149, yaxud 150-ci maddələri ilə tövsif edilməlidir.
Zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlər cinayətini törədən bir qrup və ya qabaqcadan əlbir olan bir qrupa, mütəşəkkil dəstəyə, cinayətkar birliyə (təşkilata) kişilərlə yanaşı, qadın da daxil olduqda, sonuncunun əməlinə də CM-in 149- cu və ya 150-ci maddəsi ilə yanaşı, CM-in 120.2.6-cı maddəsi, eləcə də CM-in 120.2.1-ci maddəsi şamil olunmalıdır.
11. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun.
Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməlidir.
Vahid qəsdlə əhatə olunmayaraq ayrı-ayrı vaxtlarda törədilən və yaxud birinci şəxsin həyatdan məhrum edilməsindən bilavasitə sonra (hətta eyni məkanda belə) yaranan (müstəqil) qəsdlə digər şəxsin qəsdən öldürülməsi CM-in 120.2.7-ci maddəsində göstərilən cinayətin deyil, 120.2.10-cu maddəsində nəzərdə tutulmuş təkrar adam öldürmə cinayətinin tərkibini yaradır.
Nəzərə almaq lazımdır ki, CM-in 17-ci maddəsinin mənasına görə əməlin iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə tövsif edilməsi, eyni zamanda hər bir əməlin ayrı-ayrılıqda, yəni cinayətlərin məcmusu kimi tövsif olunmasını və cəzalandırılmasını istisna edir, lakin hər bir əməli müşayiət edən müxtəlif tövsifedici əlamətlər olduqda, o cümlədən əməllərin hər biri müxtəlif niyyət və ya məqsədlə müşayiət olunduqda, CM-in 120.2-ci maddəsində onları nəzərdə tutan müvafiq əlamətlər təqsirkarın əməlinə şamil edilməlidir.
Əgər iki və ya daha çox şəxsin qəsdən öldürülməsi məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmiş təqsirkarlardan hər biri razılaşmaya (rolların bölüşdürülməsinə) uyğun olaraq zərərçəkmiş şəxslərdən birini öldürdükdə, digərinin (digərlərinin) həyatdan məhrum edilməsində isə bilavasitə iştirak etmədikdə, bütün təqsirkarların əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə CM-in 120.2.7-ci maddəsi ilə tövsif olunmalıdır.
12. Əməlin CM-in 120.2.8-ci maddəsi ilə tövsif edilməsi üçün işdə zərərçəkmiş şəxsin hamiləliyinin təqsirkara aşkar surətdə bəlli olması barədə məlumatların (qadının xarici əlamətləri, digər məlumatlar) olması zəruridir. Bu zaman qadının öldürülməsi nəticəsində dölün də məhv olub-olmamasının və cinayətin motivinin əməlin tövsifinə hər hansı təsiri ola bilməz.
Təqsirkarın qadını hamilə bilərək onu qəsdən öldürdükdən sonra zərərçəkmişin əslində hamilə olmadığı aşkar edildikdə, bu əməl niyyətə görə, yəni CM-in 120.2.8-ci maddəsi ilə deyil, baş vermiş nəticəyə görə və əməldə CM-in 120.2-ci maddəsində təsbit edilmiş başqa tövsifedici əlamətlərin olub-olmaması nəzərə alınmaqla tövsif edilməlidir. Cinayət faktiki olaraq cinayətə cəhd və ya cinayətə hazırlıq mərhələsində başa çatdırılmamış qaldıqda da məsələyə eyni mövqedən yanaşılmalı və qadın hamilə olmamaqla yanaşı, başqa tövsifedici əlamətlər də müəyyən edilməyibsə, cinayətə cəhd etmə - CM-in 29, 120.1-ci maddələri, cinayətə hazırlıq isə CM-in 28, 120.1-ci maddələri ilə tövsif olunmalıdır.
Yanlışlıqla hamilə olmayan qadını hamilə bilərək qəsdən öldürmüş şəxsin əməlində CM-in 120.2-ci maddəsində nəzərdə tutulmuş digər tövsifedici əlamətlərdən hər hansı biri olarsa, bu əlamətin mövcudluğu təqsirkarın əməlinin həmin əlamət üzrə tövsif edilməsini şərtləndirməklə artıq belə tövsiflə müqayisədə əməlin daha yüngül məsuliyyətə səbəb olan CM-in 120.1-ci maddəsi ilə tövsif olunmasını istisna edir. Belə hallarda əməl ayrıca olaraq CM-in 120.2.8-ci maddəsi (eynilə - 29, 120.2.8-ci maddələri) ilə tövsif olunmamalıdır.
13. CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür.
Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır.
Zərərçəkmiş şəxsi öldürmək məqsədilə və yaxud bu məqsədinin realizə edilməsini asanlaşdırmaq üçün təqsirkar özü onu qeyd edilən vəziyyətlərə saldıqda, məsələn, zəhərlədikdə, ağır sərxoşluq vəziyyətinə, huşsuz hala gətirdikdə və yaxud zərərçəkmiş şəxsin gözləmədiyi halda (məsələn, pusqudan) hücum edərək və ya zərərçəkmişin əl-ayağını bağladıqdan sonra onu həyatdan məhrum etdikdə, burada həmin hərəkət təqsirkarın zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi üzrə əməlinin (cinayətin obyektiv cəhətini təşkil edən hərəkətin) tərkib elementi kimi çıxış etdiyindən, əməlin CM-in 120.2.9-cu maddəsində nəzərdə tutulmuş köməksiz vəziyyətdən istifadə etmə əlaməti üzrə tövsif edilməsi üçün əsas yaranmır.
Adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə də CM-in 120.2.9-cu maddəsi ilə tövsif edilməlidir. Bu zaman təqsirkar cinayətlərin məcmusu üzrə, yəni həm CM-in 120.2.9-cu maddəsi ilə, həm də 144 və ya 215-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mənasına görə burada cinayətin obyekti təkcə oğurlanan və ya girov götürülən şəxsin (şəxslərin) həyatı deyil, həm də bu cinayət hadisəsinin törədilməsi ilə bağlı başqa şəxsin (şəxslərin) həyatı da ola bilər.
14. Təkrar qəsdən adam öldürmə (CM-in 120.2.10-cu maddəsi) cinayətində iki və ya daha çox şəxsi öldürmə təqsirkarın vahid qəsdi ilə əhatə olunmur, onların heç birinə görə təqsirkar şəxs məhkum edilməmiş olur və bir qayda olaraq əməllər ayrı-ayrı vaxtlarda müstəqil cinayətlər şəklində törədilir. Bu zaman təqsirkarın törətdiyi cinayətlərin başa çatmış cinayət və yaxud cinayətə hazırlıq və ya cinayətə cəhd olması, cinayətlərin icraçısı olması, yaxud cinayətlərin törədilməsində təhrikçi, köməkçi, təşkilatçı qismində iştirak etməsi, eləcə də bu əməllərin hansı ardıcıllıqla törədilməsi, yəni əvvəlki qəsdən adam öldürmə cinayətinin başa çatmayan əməl olması, sonrakı cinayətin isə başa çatdırılması və ya əksinə olması əhəmiyyət kəsb etmir.
Qanunun mənasına görə qəsdən adam öldürmə cinayəti soyqırım, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, ədalət mühakiməsini və ya ibtidai istintaqı həyata keçirən şəxsin həyatına qəsd etmədən (CM-in 103, 277 və 287-ci maddələri) sonra baş verdikdə bu əməl CM-in 120.2.10-cu maddəsi ilə tövsif edilməlidir. Belə əməllərin ananın yeni doğduğu uşağı qəsdən öldürməsi, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə, zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə, evtanaziya (CM-in 121, 122, 123 və 135-ci maddələri) cinayətlərindən sonra törədilməsi isə CM-in 120.2.10-cu maddəsinin tərkibini təşkil etmir.
Təqsirkar şəxsin törətdiyi qəsdən adam öldürmə cinayəti təkrar adam öldürmə kimi tövsif edilərkən onun məhkum olunduğu, məhkumluğunun götürüldüyü və ya ödənildiyi, yaxud cinayət məsuliyyətindən azad edildiyi qəsdən adam öldürmə cinayət hadisələri nəzərə alınmır.
Təqsirkar şəxsin əvvəllər törətdiyi qəsdən adam öldürmə və ya bu cinayətə hazırlıq, yaxud bu cinayətə cəhdə görə birinci əməli müstəqil tövsif olunmalı, sonuncu əməl isə onun başa çatıb-çatmamasından asılı olaraq CM-in 120.2.10 və ya 29, 120.2.10-cu maddələri ilə tövsif edilməlidir.
Əgər məhkəmə baxışında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təsvir olunan faktiki halların (hər hansı bir və ya əhəmiyyətli dəyişikliyə uğramadan) hüquqi qiymətləndirilməsinin CM-in 120.2-ci maddəsində göstərilən bir tövsifedici əlamətdən başqa tövsifedici əlamətə dəyişdirilməsi üçün əsas yaranarsa və yaxud ittihamı bu şəkildə dəyişmək zərurəti ittihamda təsvir edilən faktiki halların daralmasından, yəni faktiki məzmun baxımından ittihamın yüngülləşməsindən irəli gələrsə, məhkəmə CPM-in 318.1-ci maddəsinin tələbinə və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 37-ci bəndinin müddəalarına əməl etməklə təqsirkarın əməlini CM-in 120.2-ci maddəsində təsbit edilən bir tövsifedici əlamətdən digərinə, o cümlədən CM-in 120.2.7-ci maddəsindən 120.2.10-cu maddəsinə və əksinə tövsif edə bilər.
15. Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur.
16. Qəsdən adam öldürmə cinayətinin CM-nin 120.2.12-ci maddəsi ilə tövsif edilməsi üçün qanunun özündə göstərilən motivlərdən heç olmazsa birinin (milli, irqi, dini ədavət və ya düşmənçilik) olması zəruridir. Bu zaman təqsirkar başqasının həyatına onun milli, irqi, dini mənsubiyyətinə görə qəsd etməklə müəyyən millətə, irqə, dini əqidəyə mənsub olan müəyyən xalqın şərəf və ləyaqətini alçaltmaq məqsədi güdür. Belə cinayət hadisələri başqa tövsifedici əlamətlərlə müşayiət olunsa da burada CM-nin 120.2.12-ci maddəsində göstərilən motiv mütləq üstünlük təşkil etməlidir.
17. Qanunun mənasına görə qəsdən adam öldürmə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törədildikdə əməldə CM-nin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.10-cu maddələrinin formal əlamətləri olsa da əməl həmin maddələrlə tövsif edilə bilməz.
18. Qəsdən adam öldürmə cinayətində CM-nin 120.2-ci maddəsinin bir neçə tövsifedici əlamətləri olduqda, əməl bu əlamətlərin hamısı ilə tövsif edilməlidir. Cəza isə hər bir tövsifedici əlaməti nəzərdə tutan maddələrlə ayrı-ayrılıqda bir neçə dəfə deyil, əlamətlərin hamısı sadalanmaqla bir dəfə təyin edilməlidir. Cəza təyin edilərkən bu hallar əməlin xarakterini və ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmasını əks etdirən hallar kimi qiymətləndirilməlidir.
19. Vəzifəli şəxsin qulluq səlahiyyətini aşmaqla qəsdən adam öldürməsi cinayətlərin məcmusu ilə, yəni CM-nin 120 və 309-cu maddələri ilə tövsif edilməlidir.
20. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, yaxud məhkumun onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədilə cəzaçəkmə müəssisələrində cəza çəkən və ya həbsdə olan şəxs tərəfindən öldürülməsi CM-nin 120-ci maddəsi ilə yanaşı CM-nin 317-ci maddəsi ilə nəzərdə tutulan cinayətin də tərkibini yaradır.
Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların idarələrə, müəssisələrə, təşkilatlara və ya ayaı-ayrı şəxslərə basqını adamların həlak olması ilə nəticələndikdə təqsirkarın əməli CM-nin 120-ci maddəsi ilə yanaşı CM-nin 279-cu maddəsi ilə də tövsif edilməlidir.
Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar öldürülməsi də cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir (CM-nin 120 və 330-cu maddələri).
21. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.
Nəzərə alınmalıdır ki, şəxsin CM-in 120-ci maddəsi ilə təqsirli bilinməsi onun insanın ölümü kimi ağır nəticənin əməlin hüquqi tövsifində nəzərə alınmasını ehtiva etdiyindən, CM-in 61.2-ci maddəsinin tələbinə görə həmin hal CM-in 61.1.2-ci maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin ağır nəticələrə səbəb olması) kimi qiymətləndirilə bilməz. Eynilə CM-in 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin CM-in 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir.
Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimai-təhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1993-cü il 3 may tarixli 2 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri
Bakı şəhəri, 12 dekabr 2002-ci il