17.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
17.2. Xüsusi razılıq (lisenziya) olmadan özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
17.3. Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər, habelə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər özəl mühafizə müəssisəsi yarada, özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinə rəhbərlik edə, mühafizəçi qismində fəaliyyət göstərə bilməz.
17.4. Bu Qanunun 17.3-cü maddəsində göstərilən hüquqi şəxslər öz mühafizəsini təmin etmək məqsədilə mühafizə bölməsi yarada bilər.
17.5. Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçilərinin ümumi say həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
17.6. Özəl mühafizə fəaliyyətində bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarının pozulması özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılması və ya ləğv edilməsinə əsasdır.