“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 90 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə əməyə görə ödəniş verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 iyun 2005-ci il
1. Fövqəladə vəziyyət zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərlə bu müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqavilələri bağlanılır və həmin şəxslərin əməyinin ödənilməsi görülən işə uyğun olaraq müvafiq tarif (vəzifə) maaşının ikiqat məbləğində müəyyənləşdirilir. Eyni zamanda, idarə, müəssisə və təşkilatlardan cəlb edilmiş əmək müqaviləsi ilə işləyən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq əsas iş yeri və orta əməkhaqqı saxlanılır.
2. Fövqəladə vəziyyət zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə, iş vaxtından artıq vaxtda görülən işə, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi bu hallar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulduğundan ikiqat artıq məbləğdə müəyyənləşdirilir.
3. Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün bərpa, qəza-xilasetmə və digər haqqı ödənilən ictimai işlər təşkil olunur və bu işlərə ilk növbədə zərərçəkmiş şəxslər cəlb olunur.
4. Bu Qaydaların 1-ci, 2-ci və 3-cü bəndlərində göstərilən şəxslərin əməyinin ödənilməsi üçün vəsaitə olan tələbat müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmək üçün tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan müvəqqəti xüsusi idarəetmə orqanının (mərkəzi idarəetmə orqanının) bankdakı müvafiq hesablarına köçürülməsini təmin edir.
6. Ayrılmış vəsaitin xərclənməsinə dair hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
1. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
2. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)
3. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)
4. 2 may 2024-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 may 2024-cü il, “Xalq” qəzeti, 5 may 2024-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 579)