17.1. Qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır.
17.2. Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir:
17.2.1. istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli;
17.2.2. məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli;
17.2.3. həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli;
17.2.4. eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli;
17.2.5. hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli;
17.2.6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.
17.3. Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasında istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir.
17.4. Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.
17.5. Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.