Qanunvericilik › Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33.1. Yerli və idxal olunmuş qida və yem məhsulları insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratdıqda, həmin təhlükənin geniş yayılma riski olduqda, bu hal böhran vəziyyəti hesab edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyəti elan edilir.

33.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən böhran vəziyyətinin idarə edilməsi məqsədilə qabaqlayıcı, məhdudlaşdırıcı və qadağanedici tədbirlər həyata keçirilir.

33.3. Qida və yem məhsulları ilə bağlı böhran vəziyyəti üçün əsaslar yarandıqda, müvafiq dövlət orqanları və qurumları, bələdiyyələr, qida subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) bu barədə dərhal məlumatlandırmalıdırlar.

33.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə böhran vəziyyətinin idarə edilməsinə dair plan hazırlamalıdır.

33.5. Böhran vəziyyətinin idarə edilməsinə dair planda qida və yem məhsulunun həyat və sağlamlıq üçün yaratdığı təhlükə riskinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üçün görüləcək tədbirlər və həmin tədbirlərə cavabdeh subyektlər əhatə olunmalıdır.

33.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida və yem məhsullarının yaratdığı təhlükənin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması ilə bağlı görülmüş tədbirlər səmərə vermədikdə, həmin riskin mənbəyi olan məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin məhdudlaşdırılması, qadağan edilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edə bilər.

33.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi riskləri üzrə erkən xəbərdarlıq sistemləri yaradılır.

33.8. Bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq elan edilmiş böhran vəziyyəti aradan qalxdıqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver