13.1. Mərkəzi Bank emissiyanı aşağıdakı hallarda baş tutmamış hesab edir:
13.1.1. emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda investisiya qiymətli kağızları həmin saydan az miqdarda yerləşdirildikdə;
13.1.2. bu Qanunun 5.15-ci maddəsinə əsasən emissiya prospekti və ya informasiya memorandumu qüvvədən düşdükdə;
13.1.3. bu Qanunun 11.5.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildikdə;
13.1.4. bu Qanunun 9.6.2-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildikdə.
13.2. İnvestisiya qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi haqqında qərarın qəbul edilməsi tarixindən etibarən bir iş günü ərzində Mərkəzi Bank bu barədə emitentə, investisiya qiymətli kağızlarının təklifi və yerləşdirilməsini keçirən şəxslərə yazılı məlumat verməli və qərarı mediada açıqlamalıdır.
13.3. Emissiyanın baş tutmamış hesab edilməsi barədə məlumatı emitent mediada, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitent isə bu Qanunun 7.1-ci maddəsi ilə müəyyən edilmiş vasitələrdə açıqlamalı, yerləşdirmənin başa çatması tarixindən etibarən on iş günü ərzində investorlara ödədikləri vəsaitlərin qaytarılmasını təmin etməli və bunun nəticələri barədə Mərkəzi Banka məlumat təqdim etməlidir.