25.1. Qiymətli kağız mülkiyyətçilərinin reyestri emitent, onun qiymətli kağızları, qiymətli kağız mülkiyyətçiləri və nominal saxlayıcılar barədə məlumat toplusudur.
25.2. Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması üçün müqaviləni emitent bilavasitə mərkəzi depozitarla bağlayır.
25.3. Qiymətli kağız mülkiyyətçilərinin reyestrində aşağıdakı məlumatlar əks olunmalıdır:
25.3.1. mülkiyyətçi hüquqi şəxslər üçün – tam adı, ünvanı, bu Qanunun 26-cı maddəsində göstərilən fərdi eyniləşdirmə nömrəsi;
25.3.2. mülkiyyətçi fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, ünvanı, bu Qanunun 26-cı maddəsində göstərilən fərdi eyniləşdirmə nömrəsi;
25.3.3. nominal saxlayıcı üçün – tam adı, ünvanı, bu Qanunun 26-cı maddəsində göstərilən fərdi eyniləşdirmə nömrəsi;
25.3.4. mülkiyyətçiyə (nominal saxlayıcıya) məxsus olan qiymətli kağızlara dair bu Qanunun 23.3-cü maddəsində nəzərdə tutulan məlumatlar.
25.4. Mərkəzi depozitar aşağıda qeyd olunan məlumatları hüquqi şəxslər üzrə - hüquqi şəxslərin dövlət reyestrindən, fiziki şəxslər üzrə - özlərinin verdiyi məlumatlar əsasında mütəmadi olaraq yeniləməlidir:
25.4.1. dövlət qeydiyyat nömrəsi dəyişdikdə;
25.4.2. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi dəyişdirildikdə;
25.4.3. hüquqi şəxsin adı, fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdirildikdə;
25.4.4. ünvan dəyişdirildikdə.