50.1. Ticarətsonrası sistem klirinq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar klirinq təşkilatları və onların üzvləri arasında olan münasibətlər sistemidir.
50.2. Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir.
50.3. Klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyət növü üzrə lisenziyaya malik olan və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
50.4. Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri, investisiya fondlarının idarəçiləri və banklar, habelə kraudfandinq platformalarının operatorları ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.
50.5. Bu Qanunun 50.2-ci maddəsi ilə müəyyən edilmiş klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar yalnız ticarətsonrası sistemə qoşulduqdan sonra həyata keçirilir.
50.6. Ticarətsonrası sistemdə klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə aşağıdakı üsullardan ən azı biri tətbiq olunmalıdır:
50.6.1. aktivlərin əvvəlcədən deponentləşdirilməsi;
50.6.2. klirinq fondunun yaradılması;
50.6.3. aktivlərin sığorta etdirilməsi;
50.6.4. aktivlərin zəmanətlə təmin olunması;
50.6.5. aktivlərin girovla təmin olunması.
50.7. Klirinq təşkilatlarının üzvləri onların hesabları arasında pul vəsaitləri və qiymətli kağızlar üzrə köçürmələri bu Qanunun 1.0.28-ci maddəsi ilə müəyyən edilmiş ödənişə qarşı çatdırılma prinsipi əsasında həyata keçirirlər.
50.8. Ticarətsonrası sistemə dair tələbləri, habelə klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını Mərkəzi Bank müəyyən edir.