Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 58

Maddə 58. Klirinq fondu

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

58.1. Klirinq təşkilatı bu Qanunun 50.6.2-ci maddəsi ilə müəyyən edilmiş üsulu seçdikdə, klirinq fondunu yaradır.

58.2. Klirinq fondunu yaradan klirinq təşkilatının üzvü olan investisiya şirkəti, investisiya fondunun idarəçisi və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank, habelə kraudfandinq platformasının operatoru klirinq fondunda iştirak etməlidir.

58.3. Klirinq fondunu klirinq təşkilatı idarə edir. Klirinq təşkilatı klirinq fondunun idarə edilməsi üzrə məsul şəxsləri Mərkəzi Bankı məlumatlandırmaqla təyin edir.

58.4. Klirinq təşkilatı klirinq fondunda yığılmış vəsaiti bu Qanunun 58.6-58.9-cu maddələri ilə müəyyən edilmiş qaydada saxlamalı, idarə etməli və istifadə etməlidir.

58.5. Klirinq fondunun vəsaitləri aşağıdakı mənbələrdən formalaşır:

58.5.1. klirinq fondu üzvlərinin ödədiyi üzvlük haqları;

58.5.2. klirinq fondunun vəsaitin yatırılmasından əldə etdiyi gəlirlər;

58.5.3. klirinq təşkilatı ləğvedici qismində çıxış etdikdə, həmin xidmətdən əldə etdiyi vəsait.

58.6. Klirinq təşkilatı klirinq fondunun vəsaitini aşağıdakılara yatıra bilər:

58.6.1. Mərkəzi Banka depozit qismində və ya onun qiymətli kağızlarına;

58.6.2. banklara depozit qismində;

58.6.3. dövlət qiymətli kağızlarına, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlara və tədavül müddəti bir ilədək olan yüksək likvidli qiymətli kağızlara.

58.7. Bu Qanunun 58.6-cı maddəsinə əsasən yatırılan vəsaitin nisbətlərini Mərkəzi Bank müəyyən edir.

58.8. Klirinq təşkilatı klirinq fondunu sığorta etdirə bilər.

58.9. Klirinq fondu aşağıdakılar üzrə ödənişləri həyata keçirir:

58.9.1. klirinq təşkilatının üzvləri tərəfindən bağlanmış əqdlər üzrə qarşılıqlı öhdəliklərin icra edilməməsi ilə bağlı olaraq ticarətsonrası sistemdə klirinqin və hesablaşmanın tamamlanması üçün ödənişlər;

58.9.2. klirinq fondunun məqsədləri üçün bağlanmış sığorta müqavilələri üzrə sığorta haqları;

58.9.3. klirinq fondunun idarə edilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver