74.1. İnvestisiya şirkəti bu Qanunun 30.3-cü və 30.4-cü maddələrinə əsasən göstərdiyi investisiya xidmətlərini (əməliyyatlarını), fond birjası isə bu Qanunun 45.2-ci maddəsinə əsasən ticarətini təşkil etdiyi bazarları Mərkəzi Bankın icazəsi ilə genişləndirə bilər.
74.2. İnvestisiya şirkəti investisiya xidmətlərinin (əməliyyatlarının) və ya fond birjası ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:
74.2.1. investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının) və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsinə dair ərizə (mövcud və göstərilməsi nəzərdə tutulan yeni xidmətlər və ya bazarlar göstərilməklə);
74.2.2. investisiya şirkətinin xidmətlərinin (əməliyyatlarının) və ya fond birjasının ticarəti təşkil etdiyi bazarların genişləndirilməsi barəsində investisiya şirkətinin və ya fond birjasının orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;
74.2.3. investisiya şirkətləri tərəfindən genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) müvafiq olaraq bu Qanunun 31.3-cü və 31.4-cü maddələri ilə müəyyən edilmiş kapitalın bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
74.2.4. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) görə əməkdaşların ixtisas şəhadətnamələri;
74.2.5. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) və ya ticarəti təşkil edilən bazarlara dair informasiya texnologiyaları və telekommunikasiya sistemləri, kompüter proqramları haqqında məlumat.
74.2-1. Bu Qanunun 74.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
74.3. Mərkəzi Bank sənədlərə onların təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.
74.4. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə (bu Qanunun 74.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müraciət edənlərə on beş iş günü müddətində bu barədə bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir. Mərkəzi Bank həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
74.5. Mərkəzi Bank icazənin verilməsi və ya bundan imtina barədə bu Qanunun 74.4-cü maddəsində göstərilən müddət ərzində müraciət edənə əsaslandırılmış yazılı bildiriş göndərir.
74.6. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 74.1-ci maddəsi ilə müəyyən edilmiş icazəni verməkdən imtina edir:
74.6.1. bu Qanunun 74.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 74.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 74.4-cü maddəsinə uyğun qaydada tamamlanmadıqda;
74.6.2. investiya şirkəti üçün bu Qanunun 31.3-cü və 31.4-cü maddələri ilə müəyyən edilmiş kapital tələbləri təmin olunmadıqda;
74.6.3. investisiya şirkətləri üçün bu Qanunun 43-cü maddəsinin tələbləri təmin olunmadıqda;
74.6.4. genişləndirilən investisiya xidmətlərinə (əməliyyatlarına) və ya ticarəti təşkil edilən bazarlara dair informasiya texnologiyaları və telekommunikasiya sistemləri, kompüter proqramları müvafiq olaraq həmin investisiya xidmətlərini (əməliyyatlarını) və ya ticarəti təşkil edilən bazarları dəstəkləmədikdə.
74.7. Mərkəzi Bankın icazə verməkdən imtina ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.
74.8. Bu Qanunun 74.2.3-cü və 74.6.2-ci maddələri istisna olmaqla, bu maddənin tələbləri investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.