«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması Qaydası» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri 29 fevral 2008-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 29 fevral tarixli 61 nömrəli qərarı ilə
1. Bu Qayda «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununa və «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması qaydasını müəyyən edir.
2. Qiymətli metal külçələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Agentliyin sədri tərəfindən yaradılmış ekspert komissiyası:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması Qaydaları və meyarları»nın müddəalarına uyğun olaraq qiymətli metal külçələrinin nadir kateqoriyaya aid edilməsi istiqamətində ekspertiza aparır;
- nadir metalların külçələrini hasil edən subyektlərdən emalı tələb olunmayan qiymətli metal külçələrinin dünya bazarındakı məzənnəsi nəzərə alınmaqla, müqavilə qiymətləri əsasında alınması üçün ilkin olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təklif təqdim olunmasını təmin edir;
- qiymətli metal külçələrinə qiymət qoymaq istiqamətində ekspertiza aparır;
- qiymətli metal külçələrində qiymətli metalın növünü, çəkisini, əyarını təyin edir;
- ekspertizanın nəticəsinə görə sənədləri tərtib edir;
- qiymətli metal külçələrini dünya və ölkədaxili bazar qiymətləri nəzərə alınmaqla qiymətləndirir.
3. Qiymətli metal külçələrinin sertifikatlaşdırılması AZS Milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırma üzrə orqan kimi akkreditasiya edilmiş Agentlik tərəfindən həyata keçirilir.
4. Qiymətli metal külçələrinin sertifikatlaşdırılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli Sertifikatlaşdırma Sistemi haqqında Əsasnamə»nin tələblərinə uyğun müəyyənləşdirilir.
5. Qiymətli metal külçələrinin sertifikatlaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- sertifikatlaşdırma sifarişinin verilməsi;
- nümunələrin seçilməsi və sınağı;
- uyğunluq sertifikatının verilməsi.
Qiymətli metal külçələrinə uyğunluq sertifikatının verilməsi sınaq laboratoriyalarında müəyyən edilmiş sınaq nəticələrinin standarta və ya normativ sənədlərə uyğunluğunun təsdiqindən sonra həyata keçirilir. Sınaq üçün nümunələr sertifikatlaşdırma üzrə orqanın nümayəndələri tərəfindən sifarişçinin iştirakı ilə müəyyən edilmiş qaydada (təsadüfi seçmə yolu ilə) seçilir və sınaq laboratoriyasında sınaqdan keçirilir. Sınaq nəticələri üzrə tərtib olunmuş protokolun bir nüsxəsi sınaqdan keçirilmiş nümunələrlə birlikdə sifarişçiyə göndərilir.
1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)
2. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)