Qanunvericilik › Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Hasil və istehsal olunmuş qiymətli metallara və qiymətli daşlara sərəncam verilməsi

Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Hasil və istehsal olunmuş qiymətli metallar (külçə şəklində olanlar istisna edilməklə) zəruri emal işlərindən sonra affinaj üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş siyahıda göstərilən hüquqi şəxslərə verilməlidir. Əqdlərin şərtlərində başqa hal nəzərdə tutulmamışdırsa, affinajdan sonra qiymətli metallara mülkiyyət hüququ onların ilkin mülkiyyətçilərində saxlanılır. Affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

15.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Affinaj edilmiş qiymətli metallar, affinajı tələb edilməyən qiymətli metal külçələri, habelə qiymətli daşlar onların mülkiyyətçilərinin balansında hesaba alınır və qanunvericiliyə uyğun mülki dövriyyəyə buraxılır.

15.4. Emalı tələb olunmayan nadir qiymətli metal külçələri, həmçinin nadir qiymətli daşlar, onları hasil edən subyektlər tərəfindən müqavilə qiymətləri əsasında ilkin olaraq alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur. Nadir qiymətli metal külçələrinin müqavilə qiyməti əqdlər bağlanan zaman külçələrdəki qiymətli metalların dünya bazarındakı məzənnəsi nəzərə alınmaqla müəyyən olunmalıdır. Nadir qiymətli daşların müqavilə qiyməti maraqlı tərəflərin bərabər nisbət əsasında yaratdıqları ekspert komissiyaları tərəfindən müəyyən olunur.

15.5. Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması qaydalarını və meyarlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu kateqoriyaya aid edilməyən qiymətli metal külçələri, onların mineraloji kolleksiya nümunələri qiymətli metalların və qiymətli daşların hasilat subyektləri tərəfindən qanunvericiliyə uyğun qaydada müəyyənləşdirilmiş müqavilə qiymətləri ilə satıla bilər. Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı qiymətli metalları və qiymətli daşları almaqda üstünlük hüququndan istifadə etmədikdə, külçələr hasilat subyektlərinə qaytarılır, yaxud onların tapşırıqlarına uyğun olaraq satılır.

15.6. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver