Qanunvericilik › “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.09.2006) › Tam mətn

“Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.09.2006)

“Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 26.09.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.19-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 26 sentyabr 2006-cı il

1. Bu Qaydalar “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.19-cu bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi hallarını və qaydalarını müəyyən edir.

2. Muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış əşyaların ekspertizası (qanunvericiliklə nəzərdə tutulmuş cinayət işləri üzrə keçirilən ekspertizalar istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən muzeylərin və qanunvericiliklə müəyyən edilmiş digər yerlərin müdiriyyətinin və ya mülkiyyətçisinin (bundan sonra - tərəf) rəsmi müraciəti əsasında həyata keçirilir.

3. Ekspertizanın keçirilməsinə dair müraciətdə Agentlik qarşısında qoyulan suallar öz əksini tapmalı və müraciətlə birlikdə tədqiq edilməli olan məmulatlar da təqdim olunmalıdır.

4. Dövlət müzeylərində və qanunvericiliklə müəyyən edilmiş digər dövlət müəssisələrində saxlanılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış əşyaların ekspertizasının həmin müəssisələrdən kənarda aparılması zərurəti yarandıqda, bu əşyalar yalnız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi icazəsi əsasında həmin yerlərdən kənara çıxarıla bilər.

5. Aparılan ekspertiza ilə aşağıdakılar müəyyən edilir:

- əşyanın ümumi çəkisi;

- əşyanın ibarət olduğu metalların və daşların növü;

- əşyanın qiymətli metallardan olan hissələrinin sayı, çəkisi və əyarı;

- əşyada olan qiymətli daşların növü, sayı (ədədlə), ümumi və hər bir daşın ayrı-ayrılıqda çəkisi (karatla), keyfiyyəti (rəngi və şəffaflığı).

6. Ekspertiza, bir qayda olaraq, 1 (bir) ay müddətində həyata keçirilməlidir. Ekspertizanın aparılması 1 (bir) ay ərzində mümkün olmadıqda, Agentlik ekspertizanın aparılması üçün müraciət edən tərəfi məlumatlandırır və onunla razılaşdıraraq, tədqiqatların aparılması üçün əlavə müddət təyin edir.

7. Ekspertizanın keçirilməsi üçün nəzərdə tutulan suallar ekspertin səlahiyyətlərinə aid olmadıqda və ya təqdim edilmiş məmulatlarla tədqiqatların həyata keçirilməsi qeyri-mümkün olduqda, bu barədə ekspertizanın aparılması üçün müraciət etmiş tərəfə məlumat verilir.

8. Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, ekspert (ekspertlər) öz adından yazılı rəy verir və onu imzalayır. Ekspertin (ekspertlərin) imzası Agentliyin möhürü ilə təsdiq olunur. Rəy 2 (iki) nüsxədə tərtib edilir və onun 1 (bir) nüsxəsi Agentlikdə saxlanılır, digər nüsxəsi isə təqdim olunmuş materiallarla birlikdə müraciət edən tərəfə verilir.

Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və qoyulmuş suallara əsaslandırılmış cavablar öz əksini tapmalıdır.Əgər ekspert tədqiqat apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun bu hallar barədə mülahizələrini öz rəyinə daxil etmək hüququ vardır.

9. Ekspertizanın keçirilməsinə dair müraciət etmiş tərəf aparılmış tədqiqatın nəticələri ilə razılaşmadıqda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

1. 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

2. 26 oktyabr 2020-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1311)

3. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver