Qanunvericilik › "Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.10.2007) › Tam mətn

"Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.10.2007)

"Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 09.10.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 oktyabr 2007-ci il

1. Bu Qaydalar "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması qaydalarını müəyyən edir.

2. Bu Qaydalar qiymətli metalların və qiymətli daşların hasilatı, istehsalı, istifadəsi və dövriyyəsi, qiymətli metalların tullantılarının və qırıntılarının yığılması, tədarükü, ilkin və təkrar emalı, qiymətli daşların rekuperasiyası, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan məmulatların istifadəsi sahəsində əməliyyatlar həyata keçirən bütün hüquqi şəxslərə, o cümlədən hərbi hissələrə və hərbi birləşmələrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - təşkilatlar) şamil edilir.

3. Qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanan məhsulların uçotu onların istifadəsi və dövriyyəsi ilə bağlı texnoloji, istehsal və digər proseslərin bütün əməliyyatlarını və mərhələlərini əhatə etməklə, hasilatı və çıxarıldığı andan həyata keçirilir.

4. Təşkilatlar qiymətli metalların və qiymətli daşların bütün növlərindən və vəziyyətlərindən alınmış koraplektləşdirici detalların, məmulatların, cihazların, alətlərin, avadanlıqların, silahların, hərbi texnikanın, materialların, yarımfabrikatların (o cümlədən xaricdən alınan) tərkibinə daxil olan qiymətli metalların və qiymətli daşların, qiymətli metal tərkibli qırıntıların, tullantıların və qiymətli daşların tullantılarının uçotunun aparılmasını təmin etməlidirlər.

5. Qiymətli metalların və qiymətli daşların çıxarılması, istehsalı, istifadəsi və dövriyyəsi zamanı onların uçotu kəmiyyət və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində aparılır.

Affinaja göndərilən mineralın və xammalın təkrar emalından alınan məhsulların tərkibinə daxil olan qiymətli metalların uçotu, kimyəvi tərkibi təmiz qiymətli metalların hesablanmış çəkisinə görə, o cümlədən bu Qaydaların 10-cu bəndinə müvafiq olaraq həyata keçirilir. Affinaj aparıldıqdan sonra qeyd olunan qiymətli metalların uçotu affinajın nəticələrinə görə yerinə yetirilir.

Hasilatla məşğul olan təşkilatlarda qiymətli daşların sortlaşdırılması, ilkin təsnifat və ilkin qiymətləndirilməsi zamanı onların uçotu kəmiyyət və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində aparılır.

Hasil edilmiş qiymətli daşların sortlaşdırılması, ilkin təsnifatı və ilkin qiymətləndirilmə imkanları olmayan, hasilatla məşğul olan təşkilatlar göstərilən əməliyyatların aparılması üçün onları müəyyən olunmuş qaydada bu fəaliyyətlə məşğul olan təşkilatlara təhvil verirlər. Bu halda qiymətli daşların ilkin uçotu göstərilən hər yataq üzrə ayrıca məhsulların kütlə vahidinin qiymətləndirilməsinə uyğun olaraq, dəyər ifadəsində aparılır. Həmin təşkilatlarda təmizləmə, çəki, sortlaşdırma, təsnifat və qiymətləndirmənin nəticələrinə əsasən qiymətli daşların kütləsinə, keyfiyyətinə görə və dəyər ifadəsində uçotuna uyğun dəqiqləşdirmələr həyata keçirilir.

6. Qiymətli metalların və qiymətli daşların istehsalı və istifadəsi prosesində əmələ gələn qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları təşkilatlar tərəfindən kütlə və keyfiyyətə görə, həmçinin dəyər ifadəsində uçota alınır.

7. Alınmış komplektləşdirici detalların, o cümlədən elm, istehsalat və digər fəaliyyət növlərində istifadə olunan məmulatların, cihazların, alətlərin, avadanlıqların tərkibinə daxil olan qiymətli metallar və qiymətli daşlar kütləyə görə, yarımfabrikatlar halında olan qiymətli metallar və qiymətli daşlar isə kütlə və keyfiyyətə görə uçota alınır.

8. Təşkilatlarda istehsal prosesində istifadə olunan qiymətli metallar və qiymətli daşlar onlar üçün təsdiq edilmiş sərf normaları həddində işlədilir. Dövlət təşkilatları üçün sərf normaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

9. İstehsal prosesində istifadə olunan qiymətli metalların və qiymətli daşların silinməsi yalnız onların faktiki sərfini təsdiq edən sənədlə həyata keçirilir.

10. Alınmış komplektləşdirici detalların, məmulatların, cihazların, alətlərin, avadanlıqların silinməsi zamanı əmələ gəlmiş qırıntılardan və tullantılardan kifayət qədər dəqiq analiz aparılması üçün nümunənin seçilməsi mümkün olmadıqda, təşkilatlar onların tərkibinə daxil olan qiymətli metalların uçotunu texniki sənədlərdə (pasportlarda, formulyarlarda) olan qiymətli metallar haqqındakı məlumatlar əsasında aparırlar. Belə məlumatlar olmadıqda isə qiymətli metalların uçotu onları istehsal edən müəssisələrin məlumatları üzrə tərtib edilmiş aktlar əsasında aparılır.

İstehsalat binalarının və avadanlıqlarının texnoloji təmizlənməsi və təmiri zamanı qiymətli metalların və qiymətli daşların yığılması ilə bağlı müəssisə rəhbərliyi tərəfindən yaradılmış komissiya laboratoriya analizlərinin əsasında göstərilmiş tullantılarda qiymətli metalların olması barədə ayrıca akt tərtib edir.

11. Qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanan məhsulların uçotu uçot kartoçkalarında, uçot kitablarında, ciddi hesabat blanklarında ilkin uçot sənədlərinin formaları əsasında aparılır.

12. İstehsal prosesində qiymətli metalların və qiymətli daşların istifadəsi zamanı uçotunun və məmulatlara, tullantılara, itkilərə sərf də daxil olmaqla, bütün maddələr üzrə onların faktiki sərfinin qüvvədə olan sərf normalarından kənara çıxmasının müəyyən olunması təmin edilməlidir.

13. Qiymətli daşları alan və istifadə edən təşkilatlar zərgərlik məmulatlarının hazırlanması üçün yararlı, həmçinin yararsız hesab edilən qiymətli daşların uçotunu ayrıca aparırlar.

Zərgərlik məmulatlarının hazırlanması üçün yararsız hesab edilən qiymətli daşlar material qiymətlilərinin uçotunun ümumi tələblərinə uyğun olaraq uçota alınır.

14. Qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi və dövriyyəsi, həmçinin qiymətli metalların və qiymətli daşların istifadəsi zamanı əmələ gələn qırıntılarda və tullantılarda qiymətli metalların və qiymətli daşların inventarlaşdırılması onların bütün saxlanılma və istifadə yerlərində texnoloji təmizlənmə işləri aparılmaqla, ildə bir dəfə, 1 yanvar vəziyyətinə uyğun həyata keçirilir.

Qiymətli metalların və qiymətli daşların hasilatı zamanı, həmçinin qiymətli metalların sonrakı istehsalı zamanı, yaxud affinaj üçün qabaqcadan təyin edilmiş qırıntılarda və tullantılarda qiymətli metalların inventarlaşdırılması ildə bir dəfə, 1 yanvar vəziyyətinə uyğun aparılır.

Ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildikdə, inventarlaşdırmanın dövriliyi artırıla bilər.

İstismarda olan (istismardan çıxarılanlar da daxil olmaqla), həmçinin saxlanılma yerlərində yerləşdirilən komplektləşdirici detalların, məmulatların, cihazların, alətlərin, avadanlıqların, silahların və hərbi texnikanın tərkibində olan qiymətli metalların və qiymətli daşları inventarlaşdırılması ildə bir dəfə, 1 yanvar vəziyyətinə uyğun aparılır.

Qiymətli metalların və qiymətli daşların inventarlaşdırılması maddi məsul şəxs dəyişildikdə, oğurluq faktları aşkarlandıqda, cinayət baş verdikdə, yaxud məmulat xarab olduqda, təbii fəlakətlər, ekstremal şəraitlərə səbəb olan yanğın, yaxud digər fövqəladə hadisələr baş verdikdə, təşkilatlar yenidən təşkil edildikdə, yaxud ləğv olunduqda, həmçinin ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda aparılır.

15. Təşkilatlarda qiymətli metalların və qiymətli daşların və onlardan hazırlanan məhsulların, həmçinin qiymətli metal tərkibli qırıntıların və tullantıların saxlanılması onların istehsalı, emalı, istifadəsi, istismarı və daşınması zamanı mühafizəsi təmin edilməklə həyata keçirilir.

16. Binalarda qiymətli metalların və qiymətli daşların saxlanılması texniki möhkəmləndirmə və avadanlıqlar üzrə xüsusi tələblərə cavab verən mühafizə və yanğın siqnalizasiyaları vasitəsilə həyata keçirilir.

17. Qiymətli metallar və qiymətli daşlar xüsusi nəqliyyat növündə mühafizəçilərin və maddi məsul şəxslərin müşayiəti ilə daşına bilər.

18. Qiymətli metalları, qiymətli daşları hasil və istehsal edən müəssisələr tərəfindən onların daşınması istehsalat xüsusiyyətləri nəzərə alınmaqla, işlənmiş xüsusi təlimatlara uyğun olaraq həyata keçirilir.

19. Azərbaycan Respublikası Mərkəzi Bankının sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılır və idarə olunur.

20. Təşkilatlar Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş qiymətli metalların və qiymətli daşların hərəkətinə statistik nəzarət formaları üzrə və bu formalarda nəzərdə tutulmuş vaxtda qiymətli metalların və qiymətli daşların uçotunun aparılması üçün məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşkilatlardan toplanmış məlumatları ümumiləşdirir və onlara dair ümumi yekun məlumatı Dövlət Statistika Komitəsinə təqdim edir.

21. Qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparılması halları aşağıdakılardır:

qanunvericiliklə müəyyən edilmiş qaydada alınmış qiymətli metalların və qiymətli daşların dövlət mülkiyyətində və ya hüquqi və fiziki şəxslərin mülkiyyətində olması;

hüquqi və fiziki şəxslərin qiymətli metalları və qiymətli daşları öz mülkiyyətinə mülkiyyət hüququnun keçməsi haqqında mülki müqavilələr, həmçinin varislik hüququ əsasında alması;

qiymətli metalların və qiymətli daşların istənilən şəkildə istehsalı, emalı və istifadəsi, qiymətli daşların rekuperasiyası və cilalanması zamanı fiziki vəziyyətinin və tərkibinin dəyişməsi;

qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) kommersiya məqsədləri üçün Azərbaycan Respublikasının ərazisinə gətirilməsi və ölkə ərazisindən çıxarılması;

qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanılma yerlərinə daşınması, həmçinin sərgilərdə nümayiş etdirilməsi və qorunması;

qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məhsulların sertifikatlaşdırılması;

qiymətli metalların ekspertizası və qiymətli daşların diaqnostikası.

22. Bu Qaydaların pozulmasına görə təqsirli bilinən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

1. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)

2. 25 yanvar 2024-cü il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 112)

3. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver