«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntıların və tullantıların təkrar istifadə üçün emal (təkrar emal) olunma Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 mart 2008-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1. Bu Qaydalar «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununa və «Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanına əsasən hazırlanmışdır və qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar (bundan sonra – təşkilatlar) tərəfindən həmin qırıntıların və tullantıların təkrar istifadə üçün emal (təkrar emal) olunma qaydalarını müəyyən edir.
2. Təşkilatlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş «Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların mütləq yığılması və onların uçotunun aparılması Qaydaları»na uyğun həyata keçirilir.
3. Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan təşkilatlar tərəfindən həmin qırıntılar və tullantılar təkrar istifadə üçün emal (təkrar emal) oluna və ya qiymətli metalların istehsalı və affinajı, qiymətli daşların rekuperasiyası üçün fəaliyyətinə xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər.
4. Qiymətli metalların və qiymətli daşların yığılmış qırıntılarının təkrar istifadə üçün emal olunması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- qiymətli metalların və qiymətli daşların qırıntılarının və tullantılarının ilkin emalı;
- qırıntıların və tullantıların tərkibində qiymətli metalların miqdarının hesablanması;
- qiymətli metalların və qiymətli daşların yığılmış qırıntılarının və tullantılarının müqavilə əsasında tədarükçü müəssisələrə satılması;
- qiymətli metalların və qiymətli daşların yığılmış qırıntılarının və tullantılarının bu sahədə xüsusi razılığa və müasir texnologiyaya malik olan hüquqi şəxslərə müqavilə əsasında sifariş verməklə, emal edilib beynəlxalq standartlara uyğun tərkibə və formaya salınması.